Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan
ərazisində 26 ha yolların salınması və abadlıq işlərinin aparılması
nəzərdə tutulub.
Azəravtoyol ASC-dən APA-ya verilən məlumata görə, bura 23 ha sahədə
yaşıllaşdırma və abadlıq işləri, 3 ha sahədə isə avtomobil
yollarının tikintisi işləri daxildir.
Layihənin icrasına uyğun olaraq ilkin mərhələdə 3827 yaşayış və
qeyri-yaşayış sahəsinin tikinti altına düşdüyü üçün satın alınması
və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib. O cümlədən
3497 obyekt satın alınıb, 219 obyekt üzrə isə vətəndaşlar yaşayış
sahəsi ilə təmin edilib.
Sözügedən ərazidə satın alınmamış 111 obyekt qalıb, satın alınan
obyektlərdən isə 249 ədədinin söküntüsü davam edir, eyni zamanda
Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti sahəsinə düşən 23
tarixi əhəmiyyətli binalardan 21-i tarixi əhəmiyyətli binaların
siyahısından çıxarılaraq sökülüb.
"Sovetski" kimi tanınan ərazisində Azəravtoyol ASC tərəfindən
ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə
yenidənqurma işləri həyata keçiriləcək.
Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa
Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində
aparılacaq.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə
piyada səkilərinin olmaması nəqliyyat vasitələrinin, həmçinin
vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradıb.
Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq
küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa
ediləcək.
Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440
metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə
çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə
uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla
yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların
rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr
enində piyada səkiləri inşa ediləcək.
Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu
isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub.
Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə
və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla
küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2 - 4 hərəkət
zolaqlı olması nəzərdə tutulub.
Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzağa
Əliyev küçəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq
olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət
hissəsinin eni 4-5 metr təşkil edib. Bu küçələrdə yenidənqurma
işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə
çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir
tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir.
Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.
Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov
küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol
infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət
hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun
2-5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7-17,5 metrədək
genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2-3 metr
enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23,5 metr
olması planlaşdırılır.
Yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları (su,
məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə)
xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması
nəzərdə tutulur.
Layihə çərçivəsində 3 laydan ibarət 25 santimetr qalınlığında
asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton
qarışığı, 34,5 min kubmetr optimal qırmadaş qarışığı, 13 min
metrədək səki daşları və 24,4 min kvadratmetr səki hissəsində isə
bəzək daşları istifadə ediləcəkdir. Yenidən qurulacaq küçələrdə
yeni işıqlandırma sistemləri qurulacaq, 220 ədəd işıq dirəyi
istifadə edilməsi nəzərdə tutulur.
Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda "cib"liyin
tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol
nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə
yol-cizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə
tutulur.