Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İttihamdan məlum olur ki, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti o, oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.
İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.
İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.
Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən "Ayfon" mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.
Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.
İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib, İlham Abbasov isə özünü təqsirli bilməyib.
Məhkəmədə elan olunub ki, istintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.
Hakim bildirib ki, təqsirləndirilən şəxslərin əməli məhkəmədə sübuta yetirilsə, İslam Yusifovu 10 ildən 14 ilədək, İlham Abbasovu isə 5 ildən 10 ilədək cəza gözləyir.
İslam Yusifov zərərçəkmiş Rəfail Həsənovun epizodu üzrə sərbəst ifadə verməyə başlayıb. O bildirib ki, dostu İlham Abbasova maddi cəhətdən çətinlik çəkdiyini deyib: "İlham da mənə bildirdi ki, bir obyekt var, onu sataq, qazanc götürək. Obyektin sahibi Rəfail Həsənovun Rusiyada olduğunu, obyekti satışa qoyduğunu, amma sata bilmədiyi dedi. Bununla bağlı Rəfailin oğlu Xəyalla görüşəndə obyektin banka girov qoyuluğunu öyrəndik.
Xəyala dedim ki, 150 min manatı mənə çatmaq şərti ilə bu obyekti sata bilərəm. Xəyal əvvəlcə atası ilə əlaqə saxladı, danışandan sonra razılaşdıq. Mən bankın Röyal adlı əməkdaşı ilə danışdım. Obyektin satışından əldə olunan pulla bankın borcunu da bağlayacaqdıq. Təxminən onların banka 600-700 min manat borcları vardı".
Təqsirləndirlilən şəxs qeyd edib ki, daha sonra Rəfail Həsənov və iki oğlu ilə də görüşüblər: "Həmin vaxt mənimlə borc müqaviləsi imzaladılar. Bunu obyekti satmaq üçün etdiklərini, özlərini sığortaladıqlarını söylədilər. Müqavilədə 260 min manat borc, 100 min manat sığorta pulu göstərildi. Bildirdilər ki, mənim qarşıma 360 min manat qoyaraq videoya çəkəcəklər. Guya mən həmin pulu alarkən Rəfail Həsənovun oğlunu Prezident Adminstrasiyasında işə düzəldəcəm, iş alınmasa bir ay ərzində pulu geri qaytaracam.
Çəkilişdən sonra İlhama dedim ki, bu məsələ cinayət işi sayıla bilər, bizim videonu ora-bura verərlər. İlham da qayıtdı ki, bu kişini uzun illərdir tanıyıram, belə bir iş tutmaz. Səhəri gün dedilər ki, mənimlə bağlı çəkilən video ilə razı deyillər və İlhamın da eyni qaydada videosunu çəkdilər. Bu zaman Rəfail Həsənovun iki oğlu və qardaşı da orada idi. Hər iki videoda onlardan 360 min manat pul aldığımızı, Həsən Həsənovu aparatda işə düzəldəcəyimizi söylətdilər. Mənim qarşıma qoyulan 360 min manat həqiqi pul deyildi, saxta idi".
İslam Yusifovun ifadəsinə görə, daha sonra obyektin satılması üçün alqı-satqı işinə başlayıblar. O bildirib ki, İlham Abbasovun işi makler kimi onu obyekt sahibləri ilə tanış etmək olub.
Eyni epizod üzrə ifadə verən İlham Abbasovun sözlərinə görə, İslam Yusifovun atasını 1998-ci ildən tanıyıb. Daşınan və daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olduğunu deyən İlham Abbasov İslam Yusifovun ifadəsinə uyğun danışıb.
Daha sonra hər iki təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
Növbəti proses fevralın 6-da davam edəcək.
Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.
İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.
İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.
Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.