Xəyanət faktı hər zaman ailələrin dağılmasında əsas
amillərdən biri olub. Son vaxtlar geniş yayılmış xəyanət halları
Azərbaycanda da ailələrin dağılmasına yol açır. "Axar.az" bu
mövzuda keçirdiyi sorğunu təqdim edir.
Xəyanətin
xüsusi tərifi yoxdur
Yazıçı Cəlil Cavanşirin sorğuya münasibəti belə oldu: "Məncə,
xəyanətin xüsusi tərifi yoxdur. Nə qədər insan varsa, xəyanət
haqqında da bir o qədər fərqli fikirlər var. Mənə görə, ən dəhşətli
xəyanət düşüncədə olan xəyanətdir. Əgər bir qadın düşüncəsində,
xəyallarında sənin deyilsə, hər şey bitib deməkdir... Sevgisizlik
və mənasız axtarışlar xəyanətin əsas səbəbidir".
Ailə
də var, məşuqə də - klassik variant
Gənc yazar Fərhad Yalquzağın fikrincə, azərbaycanlı ailəsində
xəyanət elə o ailənin özülü qoyulanda başlayır: "Bu ölkədə
mentalitet, ağsaqqal-ağbirçək institutu, ibtidai icma quruluşundan
qalma adət-ənənələr elə bir situasiya yaradıb ki, gənclər
bir-birini yetərincə tanımadan ailə qurmağa məcbur olurlar.
Bir-biri ilə ilk intim münasibətə ilk dəfə elə toy gecəsində
girirlər. Sonra da məlum olur ki, bu xanım bu bəyin seksual
tələbatını ödəmir - yaxud da əksinə. Ata-ana, qohum-əqrəba basqısı,
onların nəvə gözləntisi bu yeni qurulmuş ailənin tez bir zamanda
dağılmasına yol vermir - gənclər "palaza bürün, el ilə sürün"
müdrik atalar sözünü əllərində bayraq tutaraq özlərini və gələcək
uşaqlarını bədbəxt etmək yolunu tuturlar. Və xəyanət başlayır.
Qadının bizim cəmiyyətdə xəyanət etmək imkanları azdır, bu səbəbdən
o daha çox stress keçirdir - seksual tələbatın ödənməməsi insanda
psixoloji gərginliyin yaranmasına, hətta psixikanın pozulmasına da
gətirib çıxara bilər. Kişilər üçün xəyanət etməkdə problem azdır -
onlar şəhərin hər tərəfinə səpələnmiş, restoran, bar yarlığı
altında gizlədilmiş fahişəxanalara baş çəkərək öz seksual
tələbatlarını ödəyə bilirlər. Bir az çox pul qazana bilənləri isə
ev tutub özləri üçün məşuqə saxlayır - ailə də var, məşuqə də -
klassik variant".
Xəyanət
hər zaman olub
Kultroloq Aydın Xan Əbilovun qənaətinə görə, son vaxtlar bütün
dünyada olduğu kimi, Azərbaycanda da boşanmalar və
nişanqaytarmaların sayı həddindən artıq çoxalıb: "90 minə yaxın
rəsmi nikahın 20 minə yaxın boşanma ilə nəticələnməsi, əslində
cəmiyyətimiz və dövlət üçün böyük problemlər yaradır. Qeyri-rəsmi
doğuluşların sayı durmadan artır. Xəyanət, xüsusən də məişət
səviyyəsində onun formaları hər zaman olub, fəqət indi onların sayı
durmadan kritik səviyyəyə qədər yüksəlib. İnsanlar TV, seriallar,
sosial şəbəkələr, eləcə də internetdən gələn Qərb həyat tərzi,
düşüncə texnologiyalarının təzyiqi altında yüngül həyat tərzinə,
meşşanlığa yuvarlanırlar. Ən yaxşı tərəflərini deyil, mənfi
təzahürlərin təsirinə düşən kişilərimiz həyatın şirinliyini
içməkdə, narkotikdə, hətta mavilik və kişi fahişəliyində görür,
qadınar isə manısçılığa meyllənir, ərə gedib bir uşaq dünyaya
gətirəndən sonra boşanır, mənzili satdırıb yarı puluna bilet alıb
Dubaya, Türkiyəyə asan pul qazanmaq dalınca yollanır. Hər iki
tərəfin də əsas bəhanəsi ailədəki problemlər, xəyanət və cinsi
zəiflik kimi insanın ən zəif tərəfləri göstərilir. Əslində isə
xəyanət hər zaman olub, hətta İslamda onun qarşısını almaq üçün
dördarvadlılıq və siğə kimi təsisatlar da düşünülüb tapılıb, Qərbdə
isə daha sivil göstərdikləri vətəndaş nikahi kimi formalardan, ya
da azad sevgi, İsveç ailəsi kimi formatlardan yararlanıblar".
Vicdan,
qürur, mənlik olmayan yerə xəyanət kök atar
Xanım İsmayılqızı xəyanəti arxadan zərbə, üzün itməsi, suyun
bulanması kimi xarakterizə etdi: "Xəyanət insanlıq bağlarının
qırılması, özülün laxlaması və nəhayət birliyin parçalanmasıdır.
İstər ailədə, istər dostluqda xəyanət, daxili natəmizlikdən
yaranır. Vicdan, qürur, mənlik olmayan yerə xəyanət kök atar".
İnsanlar
ailədə darıxanda xəyanət başlanır
Şair Qulu Ağsəs sorğumuzu özünəməxsus şəkildə cavablandırdı:
"Xəyanətin kökü insan təbiətindədi. Təbiət rəngarəng olanda
sevinirik. Xəyanətə sevinməsək də, onunla hesablaşmalıyıq. Sunami
ilə nə etmək olar? Heç nə. Xəyanət də elə bir şeydir.
İnsanlar ailədə darıxanda xəyanət başlanır. Gərək bir-birini
darıxdırmayalar. Bu zaman sunami başlayır.
İnsan təbiətində baş verən dəyişikliyin bir adı da xəyanətdir.
Maraqlıdır ki, belə sunamilər sunaminin vətəni Yaponiyadan
uzaqlarda daha çox baş verir, lap xırda gilavarla xəzrinin
dolaşdığı bizim ellərdə…"
Əməkdar
artist Şövqi Huseynov sorğumuza cavab olaraq "ailə" və "xəyanət"
anlamlarının bir-birinin yanında işlənməsinə münasibətinin çox pis
olduğunu vurğuladı.
Mənim
dünyamda xəyanət arxadan vurulmaq deməkdir
Mirzə Xəzər: "Mənim dünyamda xəyanət arxadan vurulmaq deməkdir.
Ər arvadına xəyanət edirsə, ona arxadan zərbə vurur. Arvad ərinə
xəyanət edirsə, ərinə arxadan zərbə vurur. Lakin ailədə xəyanət
məfhumunun tərkibində əxlaq anlayışı da rol oynayır. Maraqlı olan
odur ki, bizim mədəniyyətdə ər arvadı aldadanda (ona xəyanət
edəndə) kişiyə əxlaqsız deyilmir. Amma qadın ərini aldadanda, ona
xəyanət edəndə - qadına əxlaqsız deyilir. Ailədə xəyanətlə
dostluqda xəyanət arasında oxşarlıq da var, fərq də. Oxşarlıq ondan
ibarətdir ki, ərlə arvad da dostdurlar və biri-birini aldadırlarsa,
bir-birinə xayənət etmiş olurlar. Çünki biri-birinə arxadan,
gizlində, gözlənmədən zərbə vururlar. Dostun dosta arxadan xəncər
saplaması vətəndaşın öz dövlətinə xəyanətindən fərqlənmir. Dost da,
dövlət də xəyanət nəticəsində ziyan görür. Hər iki halda etibara,
etimada xəyanət edilir. Xainlik şəxsiyyətin eroziyasından,
xudbinlikdən, zəiflikdən, paxıllıqdan, məkrdən, qürurdan,
mənfəətpərəstlikdən, nankorluqdan, acgözlükdən, nəfsə hakim
olmamaqdan doğur. Xainlik və xəyanət insanın ən çirkin duyğu və
hisslərinin təcəssümüdür. Bu səbəbdən cəmiyyətdə mənəviyyatsızlıq
artdıqca, xainlik və xəyanət də artır.