SUGO və bənzər qrup səsli/video söhbət platformaları rəsmi olaraq 18+ yaş məhdudiyyətinə malik olsa da, azyaşlıların saxta məlumatlarla qeydiyyatdan keçməsi ciddi kibertəhlükəsizlik və onlayn istismar riskləri yaradır.
Bu barədə Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.
“Bu cür tətbiqlərin yeniyetmələr arasında nəzarətsiz yayılmasının qarşısını almaq üçün valideynlər smartfonlarda nəzarət proqramlarından istifadə etməli, yaş məhdudiyyətinə uyğun olmayan tətbiqlərin yüklənməsini cihaz səviyyəsində məhdudlaşdırmalıdır.
Eyni zamanda dövlət qurumları və telekommunikasiya operatorları uşaqlar üçün “Təhlükəsiz İnternet” filtrlərinin tətbiqini genişləndirməli, platformalarda yaş yoxlanışı daha effektiv üsullarla həyata keçirilməlidir.
Məktəblərdə və ailələrdə rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirmə aparılmalı, uşaqlara virtual məkanda tanımadıqları şəxslərlə ünsiyyətin və şəxsi məlumat paylaşımının yarada biləcəyi risklər izah edilməlidir”, - mütəxəssis bildirib.
Məsələ ilə bağlı sosioloq Nail Cəlil isə qeyd edib ki, belə tipli proqramlar müəyyən mənada insanların mənəvi və əxlaqi davranışlarına mənfi təsir göstərən amillər sırasındadır:
“Təəssüf ki, təkcə uşaqlar deyil, gənclər, yeniyetmələr və müxtəlif yaş qruplarının nümayəndələri də bəzən bu təsirə məruz qalır, etikadan kənar davranışlar nümayiş etdirirlər. Bundan çıxış yollarından biri uşaqlar üçün internetsiz və ya müəyyən məhdudiyyətlərin tətbiq olunduğu cihazlara üstünlük verilməsidir. Hər yaş dövrünə uyğun məhdudiyyətlər və məsuliyyət anlayışı formalaşdırılmalıdır. Valideynlər də texnologiya ilə bağlı önləyici biliklərə yiyələnməlidir. Bu, həm də dövlətin sosial siyasətinin bir hissəsi olmalıdır. Dövlət valideynlərin texnologiyadan düzgün istifadə bacarıqlarını artırmağı təşviq etməlidir. QHT-lər də bu istiqamətdə maraqlı layihələr həyata keçirə bilər.
Valideynlərin internetdən düzgün istifadə etməsi, risklər barədə məlumatlı olması və övladlarını doğru istiqamətləndirməsi vacibdir. Əks halda uşaqların yalan danışması, valideynlərini aldatması və müxtəlif mənfi təsirlərə məruz qalması qaçılmaz olur.
Uşaqların düzgün yönləndirilməsi üçün müəllim və valideyn birgə fəaliyyət göstərməlidir. Övladların hər istəyinin qeyd-şərtsiz yerinə yetirilməsi sonradan müxtəlif neqativ təsirlərə və zərərli vərdişlərə yol aça bilər. Bu problemlərin qarşısını almaq üçün önləyici tədbirlər vaxtında görülməlidir”.