İyunun 11-də Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi” adlı tədbir keçirilib.
Axar.az xəbər verir ki, öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin gerçək müstəqilliyinin qorunub saxlanılmasını, vətəndaş qarşıdurmasından xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoymasını təmin edən taleyüklü dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub.
Qeyd olunub ki, 1993–2003-cü illərdə ölkəyə rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, milli müstəqillik qorunub və inkişafın möhkəm təməli yaradılıb.
Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla çıxışında bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və inkişafının əsasını qoyan mühüm tarixi hadisədir.
Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkənin bütün sahələrində olduğu kimi, təhsil sisteminin də müasirləşməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Kamal Abdulla vurğulayıb ki, Azərbaycan Dillər Universiteti bu siyasətin nəticəsi olaraq müxtəlif beynəlxalq reytinqlərdə uğurlar qazanmaqla yanaşı, universitetdaxili idarəetmədə şəffaflığın, müasir təhsil mühitinin və sağlam akademik ənənələrin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və dövlətçilik ənənələrinin qorunmasının ali məktəblərin qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib.
Çıxışlardan sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ADU-nun rektoru Kamal Abdulla və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələrini təqdim ediblər.
Tədbir Azərbaycan Dillər Universitetinin tələbələrinin təqdim etdiyi konsert proqramı ilə davam edib.