Oktyabrın 4-də Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xətai rayonundakı 3
nömrəli uşaq evində əsaslı təmir və bərpadan sonra yaradılan
şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə
görüşüb.
Axar.az verir ki, bu gündən paytaxtdakı daha bir uşaq evinin
sakinləri ən müasir tələblərə cavab verən binada yaşayacaqlar.
Xətai rayonundakı 3 nömrəli uşaq evi əsaslı təmir və bərpadan sonra
kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların istifadəsinə
verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müəssisənin
təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
məlumat verdi ki, bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq
körpələr evi - uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110
yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.
Azərbaycanın birinci xanımı uşaq müəssisəsində yaradılan
şəraitlə tanış oldu. Müəssisədə kimsəsiz və valideyn himayəsindən
məhrum olan 107 uşaq yaşayıb tərbiyə alır. Uşaq evinin 3 yaşdan 18
yaşadək sakinlərinin təlim-tərbiyəsi ilə 44 nəfər pedaqoji, texniki
və tibb işçisi məşğul olur. Burada rəqs, vokal, evdarlıq,
xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir.
Otaqları gəzən Mehriban Əliyeva uşaq evinin sakinləri ilə söhbət
etdi, onların qayğıları və arzuları ilə maraqlandı.
Söhbət zamanı uşaq evinin sakini Sənan Məmmədov Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın kimsəsiz və valideyn
himayəsindən məhrum uşaqlarla görüşlərindən birini xatırladı.
Bildirdi ki, həmin görüş zamanı Leyla Əliyeva uşaqların istək və
arzuları ilə maraqlanıb. Sənan isə ciddi göz xəstəliyindən əziyyət
çəkdiyini deyərək, ən böyük arzusunun səhhətindəki bu problemin
həll edilməsi olduğunu söyləyib. Heydər Əliyev Fondunun
vitse-prezidentinin dəstəyi ilə Sənan uğurla əməliyyat olunub və
hazırda onun görmə qabiliyyəti ilə yaşanan çətinliklər həll edilib.
Sənan Məmmədov ən böyük arzusuna çatdığına görə Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti
Leyla Əliyevaya minnətdarlığını bildirdi.
Müasir üslubda təmir və bərpa olunan uşaq evi zəruri mebel -
inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə,
internet və yanğın xəbərverici sistemləri yaradılıb. Azərbaycan
Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq
edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2014-cü
ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri
2016-cı ildə başa çatıb.
Müəssisənin zəngin kitabxanası da var. Azərbaycanın birinci
xanımı uşaqlar arasında kitab oxumağı təbliğ etməyin vacibliyini
bildirdi.
Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt
zalları, valideynlərlə görüş otağı inşa edilib. Təmirdən sonra uşaq
evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr
təşkil edir.
Həmişə olduğu kimi, bu dəfə də uşaq evinin sakinləri Mehriban
Əliyevanın əhatəsinə toplaşdılar, ən böyük dost saydıqları
Azərbaycanın birinci xanımına bacarıqlarını nümayiş etdirdilər,
şeir söylədilər, birgə foto çəkdirdilər.
Müəssisənin həyətində süni yaşıl örtüklü idman meydançası
yaradılıb, yaşıllıq salınıb, ərazidə və binanın fasadında müasir
işıqlandırma sistemi, uşaqların istirahəti üçün dekorativ
oturacaqlar quraşdırılıb.
Heydər Əliyev Fondu ölkədəki bütün uşaq evləri kimi, 3 saylı
uşaq evinin sakinlərini də hər zaman diqqət və qayğısı ilə əhatə
edir. Yay aylarında bu uşaqlar Fondun dəstəyi ilə Buzovna
qəsəbəsində inşa edilən və müasir tələblərə cavab verən
dördmərtəbəli sağlamlıq-istirahət mərkəzində dincəlirlər.
Uşaq evinin məzunları da Fondun dəstəyini hər zaman hiss
edirlər. Belə ki, hərbi xidmətini başa vuran uşaq evinin keçmiş
sakinləri neft emalı zavodunda iş və yataqxana ilə təmin olunurlar.
Müəssisənin qız məzunları isə Masazırda uşaq evlərinin məzunları
üçün inşa edilən binada yaşayırlar.
Uşaq evində yaradılan şəraitdən razı qalan Mehriban Əliyeva
müəssisənin kollektivinə uğurlar arzuladı.