Yol polisinin sürücüyə qarşı etdiyi insani hərəkət
rəğbətlə qarşılanıb.
Axar.az xəbər verir ki, hadisə barədə sürücü özü Avtosfer.az-a məlumat
verib. Masallı rayonu Türkoba kənd sakini Məmmədov Gündüz Məmmədaga
oglu bildirib ki, oktyabrın 3-də saat 20:00 radələrində Ələt-Astara
magistral yolunun Lənkəran rayonunun Göyşaban kəndi hissəsində ailə
üzvləri ilə birlikdə şəxsi avtomobilində hərəkətdə oldugu zaman
anasının halı qəflətən pisləşib:
"Mən dərhal avtomobili yolun sağ hərəkət hissəsində saxladım və
nə edəcəyimi bilmirdim. Bu zaman həmin ərazidə xidmətdə olan 99 YP
948 dövlət qeydiyyat nişanlı avtobildən iki yol patrol xidməti
əməkdaşının mənə yaxınlaşmasını gördüm. Dərhal düşündüm ki,
görəsən, hansı inzibati xətanı törətmişəm ki, həmin əməkdaşlar mənə
yaxınlaşırlar. Onlar mənə yaxınlaşandan sonra nə baş verdiyini
soruşdular, mən də olanları izah etdim. Mənə bildirdilər ki, təlaş
keçirməyə ehtiyac yoxdur və biz sizə köməklik göstərəcəyik. Anamın
təzyiqinin yüksəlməsi onun halının pisləşməsinə səbəb oldu. YPX
əməkdaşlarının biri dərhal anama yardım göstərmək üçün yaxınlıqdakı
mağazadan su almaga yollandı, digəri isə təcili tibbi yardıma zəng
vurdu. Hər iki gənc YPX əməkdaşının anama sanki öz doğma anasıtək
nəvaziş göstərmələrini görcək gözlərim doldu və onlara necə
təşəkkür edəcəyimi bilmədim. Daha sonra qısa müddət ərzində təcili
yardım gələrək anama ilk tibbi yardımı göstərdi və onun halı
tədricən düzəlməyə başladı. Bütün bu çətin anlarımda DYP
əməkdaşları sonadək yanımda qaldılar, anamın halının tam
yaxşılaşmasından sonra bizi ehtiramla yola saldılar və yolumuza
davam etdik. Yolboyu ailə üzvlərimizlə birgə həmin DYP
əməkdaşlarının nümunəvi rəftarı, qayğıkeş münasibəti, yüksək insani
keyfiyyətlərindən söhbət açdıq.
Hadisənin ertəsi günü mən 99 YP 948 dövlət nömrə nişanlı YPX
avtomobilində həmin gün xidmətdə olan və bizə köməklik göstərən
əməkdaşların kimliyi haqqında məlumat əldə etdim. Məlum oldu ki,
həmin DYP əməkdaşları Şahin Əliyev və Ramal Əkbərov olub.
Ümummilli liderimiz Heydər Əliyev şanlı xidmət yolu keçmiş
Azərbaycan polisini yüksək qiymətləndirərək demişdir: "Hər bir
dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün əsas
sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis
orqanlarıdır".
Ailəmizə dəstək olmuş 99 YP 948 dövlət qeydiyyat nişanlı
avtomobildə xidmət aparan DYP əməkdaşları Şahin Əliyev və Ramal
Əkbərovun timsalında bir daha şahidi oldum ki, həqiqətən Azərbaycan
polisi daim vətəndaşların təhlükəsizliyini qoruyur.
Polislərimiz həmişə olduğu kimi, bu gün də istər asayişin
qorunmasında, istərsə də təhlükəsizliyin təmin edilməsində öz
vəzifə borcunu və funksiyasını vicdanla yerinə yetirirlər.
Düşünürəm ki, yol polisi bu gün dünəndən, sabah isə bu gündən
daha fəal xidmət aparmaqla təhlükəsizliyi tam təmin edəcək.
İnanıram ki, Şahin Əliyev və Ramal Əkbərov kimi polis orqanlarında
vicdanla xidmət göstərən polislərimiz çoxdur. Belə kadrların
seçiminə görə ailəmiz adından Daxili İşlər naziri cənab Ramil
Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz
Zeynalova dərin təşəkkürümüzü bildirir, onlara şərəfli peşələrində
yorulmaz fəaliyyət və ugurlar arzu edirik".