Bu gün Ali Məhkəmədə "Texnikabank"ın Bakı filialının
sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla manat pulunu
mənimsəməsi ilə bağlı növbəti məhkəmə prosesi
keçirilib.
Teleqraf.com-un xəbərinə görə, hakim İlqar Hüseynovun
sədrliyi ilə keçirilən prosesdə Zal Yusifovun atası Zakir Yusifov
kasasiya şikayətini məlum olmayan səbəbdən geri götürüb. Hakim
şikayətin geri götürülməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Zal Yusifov 8 il əvvəl - 2008-ci ildə həbs olunsa
da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb
dələduz bankirin atasının Azərbaycan qanunlarına, haqq-ədalətə
məhəl qoymaması, müxtəlif dolandırıcı üsullara, fırıldaqlara əl
atmasıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı
müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə
cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin
etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali
Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri
qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması
barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan
Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı
şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin
məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanması barədə
qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün
apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan
Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun
iddiası əsassız olduğu üçün təmin edilməyib.
Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək
işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar
qəbul etməyə nail olub. Bu dəfə apelyasiya instansiyasında işə
hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir
Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir
ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə
müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu
göndəriblər.
Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün
nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur. Beləliklə, Zal
Yusifovun atasının daha bir yalanı rəsmi şəkildə ifşa edilib.
Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də öz
əməllərindən qalmayıb. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral
2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Zakir
Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən
iştirak etməyib. O, indi də məhkəmə proseslərində iştirak etmədiyi
bəhanəsi ilə Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür. Belə
hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var - məhkəmənin yekun
qərarını uzatmaq...
Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi
nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və
nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses
keçirilməyib.
Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən
proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi.
Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası
keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini
təxirə salmışdı.
Zakir Yusifov 2015-ci ildə də eyni oyuna əl atmışdı. O, 2015-ci
ilin yay aylarında kasasiya şikayəti vermişdi. Həmin vaxt şikayət
hakim Fərhad Kərimovun icraatına təqdim olunmuşdu. Sonradan naməlum
səbəblərdən Zakir Yusifov şikayətini geri götürmüş, noyabr ayında
isə yenidən tələsik şikayət vermişdi.
Bu il iyunun 8-də də Ali Məhkəmədə hakim İlqar Hüseynovun
sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov kasasiya şikayətini
geri götürdüyünü açıqladı. O, bildirdi ki, kasasiya şikayətinə bəzi
əlavələr edəcək və bundan sonra yenidən kasasiya şikayəti
verəcək.
Nəhayət, bu gün Zakir Yusifov yenidən kasasiya şikayətini geri
götürməklə növbəti dəfə vaxt qazanmağa, dəyən ziyanın ödənilməsinə
mane olmağa çalışır. Elə buna görə də neçə illərdir məhkəmə prosesi
davam edir. Ancaq bu adam anlamır ki, sonsuzadək belə davam edə
bilməz. Gec-tez zərərçəkənlərə dəyən ziyan ödənməlidir. Çünki
əmlakların Zakir Yusifova deyil, Zal Yusifova məxsus olduğu artıq
təsdiqlənib. Zakir Yusifov vaxtı uzatmaqla məsuliyyətdən yayınmağa
çalışsa da, bu, baş tutumayacaq. Belə ki, bu gün məhkəmədə
zərərçəkmişlərin Zakir Yusifovun sözügedən oyunlarına ciddi etiraz
ediblər. Onlar dələduz bankirin müxtəlif vasitələrlə məhkəmənin
qərarını uzatması, zərərçəkmişlərin hüququnun bərpasına mane
olmasından müvafiq qurumlara şikayət edəcəklərini bildiriblər.