Azərbaycanda neçə nəfərə ömürlük azadlıqdan məhrumetmə
cəzası verilib?
Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,
Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib. Onlardan
4-ü ömürlük cəza alıb.
Bu rəqəm 9 milyon əhalisi olan ölkə üçün çox görünsə də,
əslində, ötən illərlə müqayisədə aşağı göstərici hesab olunur. Belə
ki, 2013-cü ildə ömürlük cəza alanların sayı 15 nəfər, 2014-cü ildə
bundan 13,3 faiz az, yəni 13 nəfər olub.
Ümumilikdə isə qeyri-rəsmi rəqəmlərdə Azərbaycanda ömürlük həbs
cəzası alanların sayının 270 nəfər olduğu bildirilir.
Hüquq müdafiəçisi Eldar Zeynalov Yeni Müsavat-a mövzu ilə bağlı
maraqlı faktlar sadalayıb. O bildirib ki, ömürlük cəza alan
məhbusları Qobustan Həbsxanasının 4, 5, 6 saylı rejim korpuslarına
yerləşdirirlər: "Habelə xəstə ömürlüklər "vərəm koloniyasının" (3
saylı) və Tibbi Müəssisəsinin (Mərkəzi xəstəxanada) rejimli
korpuslarında yatırlar. Ömürlük azadlıqdan məhrumetmə cəzasının
qüvvəyə mindiyi tarixdən ölkədə bu cəza ilə həbs olunan 80 nəfər
məhbus artıq dünyasını dəyişib. Onların ölümlərinin əsas səbəbləri
xəstəliklər və özünəqəsdlərdir. Bu şəxslərin də üçdə biri, yəni 72
nəfəri, keçmiş "smertniklər"dir (ölüm cəzası verilənlər). Məlum
olduğu kimi, 1998-ci ilədək bizdə ömürlük həbs cəzası yox idi. O
vaxta qədər ölüm hökmü qüvvədə idi. Ömürlüklərin bir hissəsi
1990-cı illərin siyasi oyunlarının qurbanlarıdır. Misal üçün, Samux
icra başçısı vəzifəsində çalışmış mərhum Vaqif Hüseynov və onun
oğlu Maqsudun, Qubadlının "Qaranquş" könüllü dəstəsinin üzvləri
olan Qayıbov, Şahmuradov və digərlərinin adını qeyd edə
bilərik.
"Qarabağ partizanları" adı ilə tanınan dəstənin ömürlük həbs
cəzası almış üzvü Məmməd Məmmədovun işi də çox maraqlıdır. Məlumdur
ki, bu dəstənin üzvləri 2003-cü ildə bir qrup gənclə dəstə
yaradaraq Qarabağda partizan müharibəsi başlamaq istədiklərinə görə
həbs ediliblər. Həmin ilin avqustunda 23 nəfər dəstə üzvü keçmiş
Milli Təhlükəsizlik Nazirliyi (artıq ləğv edilib) tərəfindən
keçirilən əməliyyat nəticəsində həbs olunub və onlar müxtəlif
müddətə azadlıqdan məhrum ediliblər. Yalnız Məmməd Məmmədov ömürlük
həbs cəzası alıb. Belə ki, əvvəl də onlar qanunsuz silahlı dəstə
yaratmaqda ittiham olunmuşdular. Ancaq bu maddə yalnız o zaman
keçərlidir ki, konstitusiya əsasında yaranmış qurumlara hücum
edirsən. "DQR" və separatçı ordu belə qurumlardan deyildi.
Müttəhimlərdən bu maddəni ləğv etdilər. Lakin Məmmədin hökmündə bu
maddə qaldı və o, ömürlük həbs cəzası aldı".
E. Zeynalov bildirib ki, təxminəm 3 il bundan əvvəl Qobustan
həbsxanasında ümumi vəziyyət kafi olub: "Ancaq özünə qəsdlər və
xəstəliklərin səbəbindən ölənlərin sayı da az deyil. Orada ömürlük
həbs cəzası alanlar üçün nə təhsil, nə iş, nə də idman üçün şərait
var. Dörd divar arasında yatırlar. Bəllidir ki, bu, psixoloji
duruma çox pis təsir edir.
Sonda bir məqamı da qeyd edək. Cinayət Məcəlləsinin 57.3-cü
maddəsində deyilir: "Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə
növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi
beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi
müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun
həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə,
ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə
azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti
olaraq vaxtından əvvəl azad edə bilər".
Hüquq müdafiəçiləri hesab edirlər ki, bu məhbusların bir
qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır. Belə ki, onların
məhkum olunduqları dövrdə ömürlük həbs kimi bir cəza növü
olmayıb.