15:17
Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mersedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasında ölənlərin sayı 4-ə çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mersedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir.