Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində IDEA İctimai
Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə
həsr olunmuş tədbir keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri,
FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva çıxışında qeyd edib ki, bu tədbir dünyanın
diqqətini aclıq və ərzaq təhlükəsizliyi kimi çağırışlara cəlb etmək
üçün böyük imkandır. Builki ərzaq gününün mövzusuna toxunan Leyla
Əliyeva vurğulayıb ki, FAO-nun xoşməramlı səfiri və ətraf mühitin
qorunması sahəsində yorulmaz fəal, ən əsası dünyanın sakini kimi bu
məsələyə çox həssas yanaşır. "Dəyişən iqlimin yeni reallığı ilə
əlaqədar biz ərzağı istehsal və istehlak etməyimizin tərzini əsaslı
şəkildə dəyişməliyik", - deyən Leyla Əliyeva Paris İqlim Sazişinin
və 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf Gündəliyinin
əhəmiyyətini vurğulayıb.
"Əgər biz tədricən artan dünya əhalisinin ərzaq təhlükəsizliyini
təmin etmək istəyiriksə, kənd təsərrüfatında dayanıqlılıq,
məhsuldarlıq və davamlı inkişafa nail olmalıyıq", - deyən IDEA
İctimai Birliyinin rəhbəri iqlim dəyişikliyinin ekosistemə və kənd
əhalisinə daha çox təsir etdiyini söyləyib. Bu mənada, kənd
təsərrüfatı sistemlərini dəyişdirmək və onlara yeni istiqamət
vermək üçün FAO-nun iqlim əsaslı ağıllı kənd təsərrüfatı
yanaşmasının bütün dünyada tətbiqinin vacibliyini qeyd edib. Leyla
Əliyeva rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən,
ötən beş ildə görülən tədbirlərdən danışıb, ərzaq təhlükəsizliyi və
ətraf mühitin qorunmasında xüsusi əhəmiyyət kəsb edən yeni layihə
barədə məlumat verib:
"Dəniz mühitini yaşatmağa və ondan asılı olan kənd icmalarına
yardım göstərilməsinə töhfə vermək məqsədilə göstərdiyimiz səylər
sayəsində IDEA bu yaxınlarda Kür çayının deltasının çoxtərəfli
təmizlənməsi layihəsini irəli sürüb. Bu layihə nəyə görə çox
vacibdir? İlk olaraq onu bildirmək istərdim ki, Kür qərb
sərhədlərimizdən başlayaraq Xəzər dənizinə qədər təxminən min
kilometri qət edir və onun sahillərində yaşayan insanların həyatı
üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Kür çayı dünyada ən
qədim və nadir balıq növü olan Xəzər nərə balığının artmasının əsas
sahəsidir".
Yeni layihənin ətraf mühit və yerli əhali üçün faydalı olacaq
balıq ehtiyatlarının, suyun keyfiyyətinin və bütövlükdə
ekologiyanın yaxşılaşdırılması məqsədini güddüyünü bildirən Heydər
Əliyev Fondunun vitse-prezidenti ərzaq çatışmazlığından çox sayda
insanın əziyyət çəkdiyini, bunun QİÇS, malyariya və vərəm kimi
xəstəliklərin ümumi sayından daha çox insanı tələf etdiyini
vurğulayıb:
"İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün
problemləri həll edə və daha parlaq gələcək qura bilərik".
Tədbirin əhəmiyyətinə toxunan ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi
və təminatı məsələlərinin indi hamını narahat etdiyini vurğulayıb.
Nazir iqlim dəyişikliyindən ən çox kənd təsərrüfatı sahəsinin ziyan
gördüyünü, ölkəmizdə son illərdə investisiyalar sayəsində su
ehtiyatlarının artdığını deyib, ətraf mühitin çirkləndirilməsinin
qarşısını almaq üçün görülən işlərdən danışıb, alternativ enerjidən
istifadə və ağacəkmə kampaniyaları nəticəsində Azərbaycanda meşə
sahələrinin ərazisinin xeyli artdığını vurğulayıb. Nazir bildirib
ki, ölkəmizdə atmosferə atılan zərərli qazların miqdarı xeyli
azalıb. Dörd külək, dörd günəş elektrik stansiyası quraşdırılıb.
Hədəfimiz gələcəkdə 25 faiz enerjini alternativ mənbələrdən
istehsal etməkdir. H.Bağırov son on beş ildə ölkəmizdə 144 min
hektarda 100 milyondan çox ağac əkildiyini diqqətə çatdırıb.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin
rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun yaranma tarixi və
missiyasından bəhs edib. Vurğulayıb ki, iqlim dəyişikliyini həll
etmədən yoxsulluq və aclığa qalib gəlmək olmaz. Bu məsələdə səyləri
birləşdirmək vacibdir. O deyib ki, ehtimallara görə, dünya
əhalisinin sayı 2050-ci ilə qədər 9,6 milyard nəfərə çatacaq.
Bununla əlaqədar olaraq, FAO hesab edir ki, kənd təsərrüfatı
məhsullarının istehsalı 2050-ci ilədək 60 faiz artmalıdır. Bu
məsələdə ən böyük problemlərdən biri isə iqlim dəyişikliyi ola
bilər. Ona görə də builki Ümumdünya Ərzaq Gününün mövzusu "İqlim
dəyişir: ərzaq və kənd təsərrüfatı da dəyişməlidir" seçilib.
Dünyada artıq 177 dövlət İqlim Dəyişikliyi üzrə Paris Sazişini
imzalayıb və 2016-cı il iqlim üçün fəaliyyət ilidir. Eyni zamanda,
dünyada aclığın tamam aradan qaldırılmasına nail olmaq məqsədilə
hədəf il olaraq 2030-cu il müəyyən edilib.
Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya
Ərzaq Gününə dair videomesajı nümayiş olunub.
Tədbir "İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və kiçik ailə
təsərrüfatları" mövzusunda panel müzakirələrlə davam edib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sədrliyi
ilə keçən panel iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd
Təsərrüfatı nazirliklərinin, "ADA" Universitetinin və FAO-nun
nümayəndələri iştirak ediblər. Müzakirələr iqlim dəyişikliyinin
ölkədə ərzaq təhlükəsizliyinə və kiçik ailə təsərrüfatlarına
təsiri, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri ilə
mübarizədə dövlətin, vətəndaş cəmiyyətinin və digər maraqlı
tərəflərin üzləşdiyi çətinliklərin müəyyən edilməsi, FAO və digər
əsas maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi üzrə
imkanların və mövzuların müəyyənləşdirilməsi və s. məsələləri əhatə
edib.