Yuxarı

Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - Rəsmi

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov məktəblərdə geyim qaydaları ilə bağlı APA-ya geniş müsahibə verib.

Axar.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” təsdiq edilib. Bundan əlavə, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə də dəyişiklik olunub. Bu qərarları ümumi şəkildə necə şərh edərdiniz?

- İlk növbədə, bu məsələyə yalnız geyim qaydaları çərçivəsində yanaşmağı düzgün hesab etmirik. Burada söhbət məktəbdə formalaşdırmaq istədiyimiz sosial bərabərliyə əsaslanan təhsil mühitindən, təhsilverənlər və təhsilalanlar arasında qarşılıqlı hörmət və bərabərliyin təmin olunmasından gedir. Şagird sinfə daxil olanda özünü hansısa ailənin maddi imkanlarına, valideyninin dünyagörüşünə və ya başqasının geyiminə görə fərqləndirilən bir şəxs kimi deyil, eyni məktəb icmasının ləyaqətli bir üzvü kimi hiss etməlidir.

Qeyd edilməlidir ki, bu qərarlar yeni yanaşmanın sıfırdan formalaşdırılması demək deyil. Şagirdlərin geyim formalarının təsvirləri əvvəlki dövrdə də normativ qaydada müəyyən edilmişdi. Son dəyişikliklər tələblərin daha aydın və birmənalı şəkildə tətbiqinə, məktəbli formasının vahidliyini pozan əlavə elementlərlə bağlı mümkün müxtəlifliyin aradan qaldırılmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, təhsil sistemimiz dünyəvi xarakter daşıyır. Qaydalar da bu prinsipləri özündə ehtiva edir.

Təhsilverənlərin geyiminə dair ayrıca tələblərin təsdiq olunması isə müəllimin məktəbdə təkcə bilik verən deyil, həm də şəxsi davranışı, ünsiyyəti və geyim mədəniyyəti ilə nümunə olan şəxsiyyət kimi rolunu nəzərə alır. Vahid yanaşmaya uyğun geyim məktəb daxilində nizam-intizamın güclənməsinə xidmət edir, müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir.

İddia olunduğu kimi, bu Qaydalar müəllimlərin vahid uniformadan istifadə etməsi ilə bağlı deyil, halbuki ictimaiyyətdə bu mövzu ilə bağlı vətəndaşlarda çaşqınlıq yaratma cəhdləri var idi. Bilirsiniz, bu gün məktəbdə çalışan hər bir insan təkcə şagirdlər üçün deyil, davranışı və həmçinin zahiri görünüşü ilə bütün cəmiyyət üçün bir örnək rolu oynamalıdır. Çünki məktəb təhsil müəssisəsi olmaqla yanaşı, həm də tərbiyə məkanıdır.

- Dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaqmı?

- Mövcud geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir. Bununla belə, özəl ümumi təhsil müəssisələri də öz Nizamnamələrinə uyğun olaraq özləri üçün müvafiq geyim qaydalarını müəyyən edə bilərlər.

Lakin bu mövzuda məktəbləri dövlət və özəl əsasda fərqləndirmək valideynlər tərəfindən birmənalı qarşılanmaya bilər. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, təhsil hüququnun qorunması, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi üçün bu məsələlərin həlli bütün təhsil müəssisələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Hesab edirik ki, bu prinsiplərin bütün məktəblərdə ardıcıl şəkildə tətbiqi təhsil mühitinin daha sağlam və nizamlı təşkilinə müsbət təsir göstərə bilər.

- Geyim Qaydalarına əməl etməyən şagird və müəllimlər dərsə buraxılmadıqları təqdirdə hansı tədbirlər görülür?

- İlk növbədə, valideynlərə müraciət etmək istərdik - böyüklər arasında hansı fikir ayrılığı yaranırsa-yaransın, onun nəticəsini uşaqlar təhsildən geri qalmaqla yaşamamalıdırlar. Qanunvericiliyə görə, hər bir valideyn övladının dərsə davamiyyətinə, məktəbin qaydalarına əməl etməsinə və tərbiyəsinə görə məsuliyyət daşıyır. Dərsə davamlı gəlməmək şagirdin biliyində boşluqlar yaradır, qiymətləndirilməsinə və növbəti təhsil mərhələsinə keçməsinə təsir edir. Hesab edirik ki, bu istiqamətdə maarifləndirmə işlərinə üstünlük verilməlidir.

Müəllimlərlə bağlı məsələyə gəldikdə isə, bu, əmək münasibətləri və qanunvericiliyi ilə tənzimlənən məsələdir.

Geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət olunması müəllimlərin peşə fəaliyyətinə və əmək intizamına, əmək müqaviləsinə dair öhdəliklərinin bir hissəsidir. İşə qəbul edilmiş şəxs əmək müqaviləsinin, daxili intizam qaydalarının və ona qanuni qaydada şamil olunan tələblərin icrasına məsuliyyət daşıyır. Üzrlü səbəb olmadan işə çıxmamaq, əmək funksiyalarını yerinə yetirməmək və ya intizam tələblərinin təkrar pozulması qəbulolunmazdır, qanunazidd hərəkət kimi dəyərləndirilir. Heç kəsə sirr deyil ki, artıq müəllimlərin böyük çoxluğu bu Qaydaların tələblərini gözləyir və tədris fəaliyyətini davam etdirir. Gözləntimiz bundan ibarətdir ki, müəllimlərimiz bu məsuliyyətli məqamda məktəb və şagirdlərinin yanında olacaqlar, vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirəcəklər.

- Ümumiyyətlə, təhsil müəssisələrində geyim qaydaları ilə bağlı hansı beynəlxalq təcrübələr var?

- Bu məsələ ilə bağlı bütün dünyada tətbiq olunan vahid model yoxdur. Müxtəlif ölkələr bu məsələyə öz hüquq sistemi, məktəb ənənələri və ictimai ehtiyacları əsasında yanaşırlar. Məsələn, Qırğızıstan Respublikasında Hökumət qərarı ilə I–XI sinif şagirdləri üçün klassik üslubda geyim tələbləri müəyyənləşdirilib. Türkmənistanda məktəblilər üçün müəyyən edilmiş vahid milli geyim ənənəsi tətbiq olunur. Qızlar yaşıl don və ağ önlükdən, oğlanlar isə kostyum və qalstukdan istifadə edirlər. Qazaxıstanda məktəbli formasında müxtəlif dini konfessiyalara mənsubluğu göstərən geyim elementlərindən istifadəyə icazə verilmir. Tacikistan Respublikası Təhsil və Elm Nazirliyinin Kollegiyasının qərarı ilə şagirdlər, tələbələr və müəllimlər üçün tövsiyə olunan geyim qaydaları təsdiqlənib. Həmin sənəddə təhsil müəssisələrində klassik geyim üslubuna üstünlük verilir, xarici görünüşə dair müəyyən məhdudiyyətlər, o cümlədən dini xarakterli baş örtüklərinə münasibətdə tələblər nəzərdə tutulur.

Hətta Türkiyədə də bununla bağlı hüquqi tənzimləmə mövcuddur. Şagirdlərin geyim və xarici görünüşünü müəyyən edən müvafiq əsasnaməyə əsasən, məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə şagirdlərin məktəb daxilində başıaçıq olması nəzərdə tutulur.

Bütün bu nümunələr göstərir ki, vahid məktəbli geyimi təhsil mühitinin təşkilində beynəlxalq praktikada da istifadə olunan vasitələrdən biridir. Bu qaydaların məqsədi şagirdlərin şəxsi seçimlərini müzakirə etmək deyil. Məqsəd məktəbdə təhsilin mahiyyətinə uyğun, nizam-intizamın və qarşılıqlı hörmətin qorunduğu, bütün təhsilalanlar üçün vahid yanaşmaya əsaslanan mühitin formalaşdırılmasıdır.

- X–XI siniflərdə geyim Qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat veriləcəkmi?

- Şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir.

- Peşə, orta ixtisas və ali təhsil müəssisələrində də vahid geyim tələblərinin tətbiqi nəzərdə tutulurmu?

- Hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir. Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur.

- Geyim qaydalarına riayət olunmasına dair monitorinqlər məktəblərdə davamlı şəkildə aparılacaqmı? Proses necə gedir?

- Bəli, monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən aparılan bu monitorinqlər həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarını əhatə edir. Monitorinqlərin məqsədi yalnız kiminsə nə geyindiyini qeydə almaq deyil, qaydaların məktəblərdə necə izah və icra edildiyini, rəhbərliyin üzərinə düşən nəzarət və maarifləndirmə işlərini nə dərəcədə yerinə yetirdiyini də izləməkdir. Başqa sözlə, həm şagirdin, həm müəllimin, həm də məktəb idarəçiliyinin məsuliyyətinə baxılır.

İlk monitorinqlər zamanı uyğun olmayan geyim halları üzrə bütün təhsil iştirakçıları ilə söhbətlər aparılıb, zəruri hallarda valideynlər də məktəbə dəvət edilib, müvafiq izahat işləri aparılıb. Bu istiqamətdə pedaqoji şuralar iş aparır və məktəb rəhbərliyi də qərarlara riayət olunmasına dair üzərlərinə düşən missiyanı yerinə yetirirlər.

Artıq monitorinqlər çərçivəsində müvafiq icra hakimiyyəti qurumları dərsə gəlməyən şagirdlərin ailələri ilə görüşlərə başlayıb. Bildiyiniz kimi, mövcud təhsil qanunvericiliyinə görə ümumi təhsil icbari xarakter daşıyır.

Bizim üçün vacib olan odur ki, müəyyən edilmiş qaydaların tətbiqi ziddiyyət mənbəyinə deyil, qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsinə xidmət etsin. Bu baxımdan məktəb rəhbərliyi tələbləri əvvəlcədən təhsil iştirakçılarına izah etməli, valideynləri vaxtında məlumatlandırmalı, hər bir konkret vəziyyətə fərdi yanaşmalı və zəruri hallarda müvafiq təhsili idarəetmə qurumları ilə koordinasiya etməlidir.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, xüsusi bəzəkdən istifadə edən, zinət əşyaları taxan, eləcə də müəyyən edilmiş məktəbli formasından fərqli geyim tərzində təhsil müəssisəsinə gələn şagirdlərə münasibətdə də qaydalar eyni şəkildə tətbiq edilir, məktəbli geyimində vahidliyin qorunmasına xidmət edir.

Məqsədimiz hər bir təhsilalanın – qız və oğlanların da məktəb həyatında fəal iştirakını, təhsilə davamlı marağını və məsuliyyət hissini təşviq etməkdir. Qaydalar da hər kəs üçün eynidir və bu amala xidmət edir, hansısa geyim komponentinin qadağasına yönəlməyib.

Burada vacib məqamlardan biri odur ki, vahid geyim qaydalarını yalnız qızların geyimi məsələsi ilə əlaqələndirmək düzgün deyil. Müəyyən edilmiş tələblər həm qızlara, həm də oğlanlara aiddir. Oğlanların da məktəb mühitinə uyğun olmayan geyimləri, eləcə də digər uyğun olmayan geyim elementləri bu yanaşmanın əhatə dairəsindədir. Əsas məsələ konkret geyim elementini müzakirə etmək deyil, bütün şagirdlər üçün vahid tələblərin tətbiqini təmin etməkdir.

Hesab edirik ki, bu müzakirələrin içində bir böyük həqiqət unudulmamalıdır - uşaqlarınızın təhsil alması onların gələcək həyatı, cəmiyyətimizin inkişafı üçün çox vacibdir. Təhsilli uşaqlar yalnız öz gələcəklərini deyil, həm də gələcək nəsillərin dünyagörüşünü, ailələrin rifahını və bütövlükdə cəmiyyətin inkişafını istiqamətləndirirlər.

Tarix
2026.11.02 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla