Azərbaycan Uşaqlar Birliyi məşhur teleaparıcılar Xoşqədəm
Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı imzatoplama kampaniyasına
start verib.
Toplanan imzalar 4 quruma - Heydər Əliyev Fondu, Azərbaycan
Respublikası Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) göndəriləcək.
Müraciətdə bildirilir:
"Biz – bu müraciəti imzalayanlar son zamanlar Azərbaycan efir
məkanında baş verən biabırçılıqlara etiraz edərək Sizə müraciət
etmək qərarına gəlmişik. Ölkəmizdə fəaliyyət göstərən bir sıra
televiziya kanallarında son dövrlər uşaqların hüquqlarının davamlı
olaraq pozulması halları bizi ciddi narahat etməkdədir.
Belə ki, "Azad Azərbaycan" (ATV) televiziya kanalında yayımlanan
"Səni axtarıram", "Ümid var" və s. bu kimi verilişlərdə, eləcə də
digər televizya kanallarının efirindəki xəbər, kriminal xarakterli
proqramlarda uşaqların hüquqlarının pozulması, onlara
mənəvi-psixoloji travmaların vurulması kimi hallar adi normaya
çevrilib. Biz telekanalların tamaşaçı toplamaq üçün sensasiyalı,
həyəcanlandırıcı anlar yaşadan yollardan istifadə etmələrini başa
düşürük və bunları onların öz problemləri kimi qiymətləndiririk.
Ancaq sensasiya xatirinə uşaqların maraqlarının tapdanması,
hüquqlarının pozulması, onlardan manipulyasiya aləti kimi istifadə
edilməsinə göz yuma bilmərik.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu verilişlərdə uşaqlarla
danışan, onlardan müsahibə götürdüyü görüntüsü yaradan
"jurnalistlərin" uşaq psoxologiyası və pedaqogikadan elementar
bilikləri olmaması bir yana, bu verilişlərə ekspert qismində dəvət
edilən şəxslərin də uşaq hüquqları barədə bilikləri demək olar ki,
yox dərəcəsindəsir. Elə bu kimi özfəaliyyətin nəticəsidir ki,
veriliş sonrası bu uşaqların bir sıra hüquqi və psixoloji
problemləri yaranır. Biz uşaqların tərbiyəsinə, onların inkişafına,
emosianal durumuna və maraqlarına zidd olan bu kimi verilişlərin
hazırlanmasına qarşı çıxır və bu tip proqramlarda uşaqların iştirak
etmələrini qətiyyətlə pisləyərək, bu hallara son qoyulmasını tələb
edirik. İnanırıq ki, Siz də uşaqların hüquqlarının pozulmasına
biganə qalmayaraq, bizim səsimizə səs verəcək və belə neqativ
halların aradan qaldırılmasına dəstək olacaqsınız".