Azərbaycan prezidenti İlham Əliyev aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların
sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman
imzalayıb.
"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki
kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar
sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o
cümlədən Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini
təkmilləşdirmək məqsədi ilə imzalanan fərmanda deyilir:
- Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin
edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili,
aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli
əməkdaşlığın qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin
rayon və şəhər idarələri yaradılsın.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
- İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların
yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb
Azərbaycan prezidentinə təqdim etsin;
- beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət
tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək
üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il
müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata
keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə
məlumat versin;
- tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən
təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi,
özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə
təqdim etsin;
- xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı
təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı
ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim
etsin;
- tabeliyindəki laboratoriyaların fəaliyyətinin
təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan
keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görsün;
- heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat
bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı
heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il
müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata
keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki
mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı,
satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan prezidentinə təqdim etsin;
- Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki
elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə
dair təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə
təqdim etsin;
- aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində
hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
- "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin
beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində
tədbirlər görsün;
- Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və
təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü
orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin
təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
prezidentinə təqdim etsin.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd
Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Torpaq
və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin
qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya
uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan
iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında
həyata keçirsin.
İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə
birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi
məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə
kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar
Cəmiyyətinin iştirakını təmin etsin.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay
müddətində:
- kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı
müəssisələri formasında birləşmələrinin iqtisadi
stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası
haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə
təqdim etsin;
- istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması
məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi
aktların layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim
etsin.
Nazirlər Kabineti üç ay müddətində:
- Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin
say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə
təqdim etsin;
- Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısını təsdiq etsin;
- "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis
filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan,
lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə
biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət
tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair
təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
- "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata keçirən
idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı
müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb
Azərbaycan prezidentinə təqdim etsin;
- kənd təsərrüfatı sahəsində sığorta mexanizminin
təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə
dair təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim
etsin;
- kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya
onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən
qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim
etsin;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan
prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə
məlumat versin;
- Fərmanda nəzərdə tutulan "elektron kənd təsərrüfatı"
informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Əmlak
Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını təmin etmək
məqsədi ilə "elektron kənd təsərrüfatı" informasiya sistemindən
istifadə qaydalarını altı ay müddətində müəyyən etsin;
- Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat
versin.