Azərbaycan respublikası Hesablama Palatası Hesabat
ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik
Xəstəxanasına ayrılan vəsaitlərin icrasının auditini
aparıb.
Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında
hesabatında verilən məlumata görə, təqdim olunmuş məlumatlara
əsasən, auditin əhatə etdiyi dövrdə xəstəxananın xərclər smetaları
vaxtında təsdiq olunub, xərclər smetasında nəzərdə tutulmuş
vəsaitlərin kassa xərcləri təsnifata uyğun olaraq aparılıb,
xəstəxananın şöbələrində dərman preparatlarının miqdar və məbləğ
uçotu, mədaxil və gündəlik dərman buraxılışı bu məqsədlər üçün
nəzərdə tutulmuş kitablarda əks olunub, ayın sonunda dərman
preparatlarının mədaxil və məxaricinə dair hesabat tərtib edilərək
mühasibatlığa təqdim edilmiş, xərc əməliyyatları mühasibatlıqda
olan ilkin sənədlərə uyğun tərtib edilmiş, mühasibatlıqda aparılmış
xərc əməliyyatlarına təsdiqedici sənədlər əlavə olunub, aparılmış
xərc əməliyyatlarına müvafiq mühasibat yazılışları verilmiş, büdcə
vəsaiti hesabına alınmış əsas vəsaitlər, mal-material qiymətliləri
və ərzaq məhsulları vaxtlı-vaxtında tam məbləğdə mədaxil olunmuş,
istismar müddətini başa vurmamış əsas vəsaitlərin, azqiymətli və
tezköhnələn əşyaların silinməsi hallarına yol verilməmiş, hər ilin
sonunda təlimata uyğun olaraq inventarizasiya aparılıb və
inventarizasiyaların nəticələri müvafiq qaydada
rəsmiləşdirilib.
Bununla yanaşı, audit tədbiri zamanı normativ-hüquqi aktların
tələblərinə tam riayət edilməməsi nəticəsində bəzi nöqsanlara da
yol verildiyi müəyyən edilib. Belə ki, 3 saylı Şəhər Klinik
Xəstəxanası tərəfindən ayrı-ayrı illərdə büdcə vəsaiti üzrə
xərclərin proqnoz layihələri hazırlanarkən müvafiq iqtisadi
əsaslandırmaların və hesablamaların tam aparılmaması nəticəsində
bir sıra xərc maddələri üzrə icra faizi aşağı olmuş, bir sıra xərc
maddələri üzrə isə nəzərdə tutulmuş vəsaitlərdən istifadə
edilməyib.
Auditlə əhatə olunan dövrdə malların (işlərin və xidmətlərin)
satınalınması zamanı bəzi hallarda normativ sənədlərin tələblərinə
əməl edilməyərək satın alınacaq mallar və satınalmalarda iddiaçı
kimi iştirak etmiş malgöndərənlər barədə zəruri məlumatların
alınması təmin edilməmiş, bəzi hallarda tender iştirakçıları
tərəfindən tenderdə iştirak haqqı ödənilməyib, tenderin keçirilməsi
ilə əlaqədar xərclər yalnız dövlət büdcəsi hesabına ödənilib,
normadan artıq ərzaq silgisinə yol verilib.
Xəstəxana üzrə büdcə ili üzrə tarifləşmə siyahıları təsdiq
olunmayıb, tarifləşmə siyahılarının düzgün tərtib olunmaması
nəticəsində auditlə əhatə olunan dövrdə şöbə müdirlərinə,
həkim-laborantlara və orta tibb işçilərinə, habelə xəstəxananın
digər şöbələrinin orta tibb işçilərinə, sanatoriya və kurort
müalicəsində olduqları dövr üçün artıq əmək haqqı ödənilmiş,
xəstəxananın ərazisinin gün ərzində müvafiq qurum tərəfindən
mühafizə olunması ilə yanaşı, ştat cədvəlinə gözətçi ştatları daxil
edilərək əmək haqqı, xəstəxananın mühasiblərinə və Kadrlar
şöbəsinin müfəttişlərinə kompüterlə işlədiklərinə görə vəzifə
maaşlarına düzgün olmayaraq əlavə, eləcə də vakant vəzifələr
hesabına əmək haqqı xərc maddəsi üzrə yaranmış qənaət hesabına
işçilərin əmək haqqına əlavə ödənilib. Vəzi əsas vəsaitlər və
müxtəlif mal-material qiymətliləri mədaxil olunmamış, mərkəzləşmiş
mətbəxin anbarında, xəstəxanadaxili aptekdə çatışmazlıq,
xəstəxanadaxili aptekdə, xəstəxananın böyük tibb bacılarının
öhdəsində yararlılıq müddəti ötmüş dərman preparatları müəyyən
edilib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə
edərək, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində
qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və
görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi
barədə Qərar qəbul etmiş, həmin Qərar icra üçün 3 saylı Şəhər
Klinik Xəstəxanasına və Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə
Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.
Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində
görülmüş tədbirlər barədə təqdim olunmuş məlumatda dövlət büdcəsinə
48544,7 manat vəsaitin bərpa olunduğu, 64400,0 manat dəyərində əsas
vəsaitin, 167,3 min manat dəyərində mal-materialların uçota
alındığı qeyd edilib.
Eyni zamanda, nöqsanlara yol vermiş 8 nəfər barəsində müvafiq
intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən baş mühasib,
baş həkimin müavini, sahə rəisi, sahə rəisinin müavini, pəhriz
həkimi və əczaxananın müdirinə şiddətli töhmət, pəhriz tibb
bacısına və iqtisadçıya töhmət elan edildiyi bildirilib.
Qeyd edək ki, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik
xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədovun vəzifəsindən
azad edilməsi ilə bağlı məlumatlar 5 mayda KİV-də yer alıb. Bu
vəzifə Fikrət Məmmmədəli oğlu Zeynalova həvalə olunub.
/Teleqraf.com/
Fikrət Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz
Zeynalovun qardaşıdır. Qaydalara uyğun olaraq, yeni təyinatdan
dərhal sonra Hesablama Palatası müəsisənin əvvəlki fəaliyyyətini
yoxlayır və yeni müəsisə rəhbəri Hesablama Palatasının auditindən
sonra fəaliyyətə başlayır.