"Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən
küli miqdarda pul mənimsəyir.
Şirkət müxtəlif tarif və kompaniyalara qoşulmaq üçün tələb
olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona
gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq
kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1 manat
və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır.
Milyonlarla abonentinin olduğunu deyən "Azercell" şirkəti bu
mesajları bütün abonentlərinə göndərir və onları aldadaraq külli
miqdarda pul qazanır.
Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı
saysız-hesabsız fırıldaq maxinasiyaları var.
Telefonda olan "Azercell" nömrəsinə gələn mesajlara diqqət
edək:
"Bölgələrdə xüsusi tarifdən yararlan"!
Hər tərəfə 1 dəq=5 qəp! Üstəlik, şəbəkədaxili 3-cü dəqiqədən
sonra 0 qəp. Bölgə yaz, 7575-ə göndər. Etraflı www.azercell.com".
Bu məzmunda məktub aldıqdan sonra, "Bölgə" yazıb, "7575"-ə mesaj
göndərdik. "Azercell" şirkətindən belə bir cavab mesajı
gəldi:
"Bölgə tarifinə qoşuldunuz! Bakı və Abseron 1dəq = 10qəp.
Bölgələr 1 dəq = 5 qəp və 3-cü dəq. sonra pulsuz. Tarifdə bəzi
kampaniyalar aktiv deyil. Ətrafli: www.azercell.com"
Burada əsas məqam "Azercell"in göndərdiyi mesajdakı yalançı
reklamdır. Əgər bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil
deyilsə, nə üçün göndərilən ilk mesajda bu barədə məlumat
verilmir?
Pulsuz datakart alın, 95 AZN xərcə düşün
"Azercell" şirkətinin daha bir fırıldağı internet istifadəçiləri
üçün satdığı datakartla bağlıdır. "Azercell" ilə əməkdaşlıq edən
telefon dükanlarında və ya başqa satış yerlərində bu datakartların
pulsuz olmasını deyirlər. Sadə vətəndaş isə "pulsuz" sözünü eşidib
datakartı sevə-sevə alır. Lazım olan da, olmayan da. Ancaq bu
datakart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu
şirkət həmin istifadəçidən tutur.
Satış zamanı istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və
şərtlər təqdim olunmur. Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin
surəti satıcı tərəfindən götürülür.
Bir müddət sonra datakartı işlədib-işlətməyəcəyi təqdirdə
şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti
9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil
edir. Beləliklə, bir datakart istifadəçiyə 95 manat məbləğə başa
gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək
cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən
istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır.
5 qəpik, yoxsa 118 qəpik?
Şirkətin abonentləri aldadaraq onların müxtəlif yarış və
viktorinalar çərçivəsində qazandığı xalı balanslarına keçirmək üçün
8228-ə sms göndərməli olduğunuzu yazır. Həmin mesajlardan
"Axar.az"ın əməkdaşına da gəlib. SMS-i olduğu kimi
təqdim edirik:
"TƏBRİKLƏR! 994505434497, 50.000 xal QAZANDIN!!! 8228-ə elə indi
SMS göndər, xallar balansına keçsin!"
Mesaj göndərdikdə isə sizin balansınızdan 1.18 manat (118 qəpik)
pul çıxılır və əvəzində siz sadəcə, müsabiqəyə real olaraq qoşulmuş
milyonlarla sms-dən birinin sahibi olursuz.
Məchulluğa çıxılan pullar
Şirkətin fırıldaqlarından biri də onun kontakt provayderi olan
Sindibad şirkəri ilə bağlıdır.
"Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından
məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə
saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmuşuz və bu pullar
ona görə çıxılır.
"Azercell"in "feysbuk" sosial şəbəkəsindəki səhifəsində bununla
bağlı yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu
xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş
verir. Bəs əslində nə baş verir?
"Azercell" şirkətinə milyonlar qazandıran provayder şirkətlər öz
xərclədikləri pulun müqabilində "Azercell" abonentlərinin xəbəri
olmadan onları hansısa internet xidmətinə abunə edir...
Təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq, "Azercell"
şirkətinin abonentlərin cibinə girdiyini və min fırıldaqla,
dərisini soyduğu barədə faktları işıqlandırmır. Ona görə heç kəsi
qınamadan, bu sahədə faktların təqdimatında davam edəcəyik.