Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa
komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın
üzvlərini və mütəxəssisləri qəbul edib.
İnamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik
edən Prezident İlham Əliyev bu uğurun Avropa şahmat tarixində öz
yerini tutacağını vurğuladı. Dövlətimizin başçısı həmin qələbənin
Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına
dəlalət etdiyini bildirdi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin
70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini
qoyduğunu və Ümummilli Liderin ölkəmizin bütün bölgələrində
şahmatın inkişafına təkan verdiyini dedi. Dövlətimizin başçısı
müstəqillik illərində bu ənənənin bərpa olunaraq daha da inkişaf
etdirildiyini, regionlarda ən müasir tələblərə cavab verən şahmat
məktəblərinin tikilib istifadəyə verildiyini və bu intellektual
oyunun kütləviliyinə nail olmaq üçün dövlətin məqsədyönlü və
ardıcıl iş apardığını bildirdi.
Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar
qazandığını vurğulayan Prezident İlham Əliyev kişilərdən ibarət
seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını
qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın
beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu
dedi. Dövlətimizin başçısı növbəti şahmat olimpiadası kimi mötəbər
yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu
sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd
etdi.
Avropa çempionu Şəhriyar Məmmədyarov dövlətimizin başçısı ilə
hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını,
şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını bildirdi. O,
Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa
çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını
bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi
qiymətləndirdi. Şəhriyar Məmmədyarov bundan sonra da beynəlxalq
yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən
gələni əsirgəməyəcəklərini dedi.
Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir
daha təbrik edən Prezident İlham Əliyev bu nailiyyətdə payı olan
Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat
Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğuladı.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov
onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər
adından minnətdarlığını bildirdi. O, Azərbaycanın bütün
bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks
işlərin aparıldığını söylədi və şahmatçıların bundan sonra da
ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğuladı.
Sonda xatirə şəkli çəkdirildi.