Bir narazılıq bir neçə qanunsuzluğun üstünü
açdı.
"İşə düzəlmək üçün 2 min manat verdim, lakin aldadıldım". Bu
sözləri Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Sevinc Seymur
qızı Ağazadə deyir. Ölkə başçısına, Heydər Əliyev Fonduna, Bakı
şəhər İcra Hakimiyyətinə və Azərbaycan Uşaqlar Birliyinə şikayət
məktubu ünvanlayan xanım deyir ki, 2009-cu ildə Azərbaycan Dövlət
Pedaqoji Kollecini bitirib. Bu ilin may ayında Bilgəh qəsəbəsində
yerləşən 281 saylı uşaq bağçasına iş üçün müraciət edib: "Bağçanın
müdirəsi Məlahət Rəhimova diplomumu İcra Hakimiyyətinə aparandan
sonra cavab verəcəyini bildirdi. Üç gündən sonra məni yanına
çağıraraq ixtisasımın uyğun olduğunu və Bakı şəhər İcra
Hakimiyyətindən də mənim işə qəbulum üçün 3 min manat pul
istədiklərini bildirdi".
"Üç ay pulsuz işlədim"
S.Ağazadə istənilən məbləğlə razılaşmayıb. Bir həftədən sonra
M.Rəhimova onu yenidən bağçaya çağırıb və tərbiyəçiyə ehtiyac
olduğunu deyib: "Məlahət xanım mənim işə qəbul olunduğumu və
sentyabrın 5-də əmək kartı alacağımı bildirdi. Məni 3 aya yaxın
məcburi iki növbədə işlətdikdən sonra dedi ki, 2 min manat
verməlisən. Məcburiyyət qarşısında qalıb 2 min manatı verdim. Bir
neçə gündən sonra isə dedi ki, İcra Hakimiyyətindən Eldar müəllim
şirinlik istəyir, 100 manat da gətir. Onu da verdim".
Lakin yenə də S.Ağazadənin əmri verilməyib. Əlacsız qalan
tərbiyəçi Bakı Şəhər İcra Hakimiyyətinə gedib və orada öyrənib ki,
heç sənədləri quruma təqdim olunmayıb: "Sən demə, məni 3 ay
aldadaraq işlədib və bu müddətdə bir qəpik də pul verməyib. Buna
etiraz etdikdə isə məni təhqir edib qovdu və məvacibimi vermədi.
Şərəf adlı başqa bir qadından 2500 manat alaraq mənim yerimə
götürdü".
Müxtəlif qurumlara müraciət edən S.Ağazadənin problemləri həll
olunmayıb. Verdiyi 2 min manat hissə-hissə qaytarılsa da, işlədiyi
ayların məvacibi ödənilməyib.
"Xörək qazanlarını evinə göndərirdi"
Çalışdığı 3 ay müddətində qanunsuzluqlarla rastlaşdığını deyən
şikayətçinin sözlərinə görə, bağçada əməlli-başlı alver gedir: "3
ayda çox hadisələrin şahidi oldum. Uşaqlara səhər yeməyi
verilmirdi, günorta yalnız sup bişirdilər. Krandan soyuq su
içizdirilirdi. Buna etiraz edəndə də Məlahət xanım deyirdi ki, heç
nə olmaz, ölməzlər. Xörək qazanlarını evinə göndərirdi. Bağçaya
gələn məişət avadanlıqlarını və ərzaqları satışa göndərirdi".
S.Ağazadə onu da deyir ki, bağçaya uşaq qəbulu 50-100 manat
arası dəyişir: "Valideynlər şikayət edirdi ki, uşaqlar evə ac
gəlirlər. Bəziləri hətta yemək gətirib verirdilər ki, heç olmasa
qızdırıb verin uşaq yesin. Ümumiyyətlə, o bağçada mənim kimi
aldadılanlar çoxdur. Məndən başqa 3 nəfər də eyni problemi yaşayıb.
Şikayət edəndə də yalanlayır, belə bir şey olmadığını deyir. Ona
görə də hər şeyi sübutlarla etməyə çalışırıq".
"Böyüyüm icazə vermir"
Baş verənlərə münasibət bildirən Məlahət Rəhimova öncə bağçadan
reportaj hazırlamağı məsləhət gördü: "Belə çıxır ki, Sevinc 3 ay
bura material toplamağa gəlirmiş. O, burda təcrübə keçirdi, işə
qəbul olunmadı. Mənə nə pul verib, nə də bu barədə danışmışıq.
Dediklərinin hamısı yalandır. Hər günorta uşaqlara iki növ yemək
verilir, qayğısına qalırıq. Mən sizi bağçaya dəvət edirəm, buyurun,
gəlin, öz gözünüzlə görün".
Lakin bir qədər sonra M.Rəhimova təkrar arayaraq reportaja icazə
verilmədiyini bildirdi: "Böyüklərim mənə icazə vermədi. Ona görə də
bağçaya buraxılmayacaqsız. Nə istəyirsizsə, yazın. Mən ancaq
böyüklərimin sözünə qulaq asa bilərəm. Onlar icazə verməsə, nə sizi
bağçaya buraxa bilərəm, nə də danışa".
"Böyüyünüz kimdir?" sualına bağça müdirinin cavabı belə oldu:
Bakı şəhər İcra Hakimiyyəti. Bizə Tamella xanım nəzarət edir. O da
icazə vermir. Özü ilə danışaram, əgər razılıq versə, soyadını və
telefonunu verərəm, əlaqə saxlayarsız".
Lakin "Tamella xanım" deyilən şəxs buna da razı olmadı. Bakı
şəhər İcra Hakimiyyətindən isə bu barədə açıqlama vermək
istəmədilər. Problemi bağça rəhbərliyi ilə həll etməyi məsləhət
bildilər. M.Rəhimovasa reportajın mümkünsüzlüyünü dedi.
Çəkilişdəkilər həqiqətdirmi?
S.Ağazadə anası İradə xanımla M.Rəhimovanın söhbətinin
səsyazısını və bağçadan bir neçə görüntünü "Qafqazinfo"ya təqdim
edib. Görüntülərdən birində uşaqlara krandan su içirildiyi aydın
görünür. Ancaq bu, elə çəkiliş aparan şəxsin özü tərəfindən
edilir.
S.Ağazadə də etiraf edir ki, çəkiliş mətbəxdə çalışan
xanımlardan biri tərəfindən aparılıb və həmin xanım da rəhbərliyin
tapşırığını necə yerinə yetirdiyini sübut etmək istəyir.
Səsyazmada isə M.Rəhimova təkcə 2 min manat aldığını deyil, test
imtahanında az bal toplamış oğlunu ali məktəbə düzəltmək üçün nə
qədər pul verməli olduğunu da etiraf edir. Güman ki, əlaqədar
orqanlar faktı araşdırıb, həqiqətin üzə çıxmasına yardım edəcəklər
("Qafqazinfo.az").