Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının
komandanı, general-polkovnik Elçin Quliyev Sərhəd Xidməti
Qoşunlarının ictimaiyyətlə əlaqələrindən danışıb.
General-polkovnik Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü
münasibəti ilə "Azərbaycan qəzetinə" verdiyi müsahibəsində
"Valideyn günləri" adlı tədbirlərin mütamadi olaraq keçirildiyini
bildirib:
"Valideynlərlə hərbi hissələrin əlaqələrinin yaradılması Dövlət
Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr istiqamətindəki
fəaliyyətinin tərkib hissəsidir. İctimaiyyətlə əlaqələrin inkişafı,
əhali ilə sıx münasibətlər qurulması sərhədlərin mühafizəsinə öz
müsbət təsirini əhəmiyyətli dərəcədə göstərir. Sərhəd mühafizəsi
əslində bütün cəmiyyətin işidir. Vətənini sevən onun sərhədini də
sevir. Sərhədin toxunulmazlığı Vətənin toxunulmazlığıdır. Buna görə
də sərhəd bütün ölkə ictimaiyyətinin, xüsusən sərhədyanı ərazilərdə
yaşayan insanların birgə səyi ilə mühafizə edilməlidir. Bu müqəddəs
işə ictimaiyyəti də cəlb etmək üçün Dövlət Sərhəd Xidməti əhali ilə
yaxın münasibətlər qurur.
Sərhədçilərin yerli əhali ilə sıx əlaqələri, yerlərdə
problemlərin həllində yaxından iştirakı, sərhədyanı kənd və
rayonlarda keçirilən kütləvi tədbirlərdəki fəallığı, dövlət
sərhədlərimizin mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq
işləri, əldə olunan nəticələr barədə kütləvi informasiya
vasitələrinə mütəmadi məlumatların verilməsi və s. sərhəd
mühafizəsinin ümumxalq işi olması barədə ictimaiyyət arasında
sağlam rəyin formalaşmasında mühüm rol oynayır.
Valideynlərin Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə
əlaqəsi övladları sərhədçilərin sırasına qatıldığı ilk günlərdən
başlayır. Dövlət Sərhəd Xidmətində hərbi xidmətə yeni çağırılmış
hər bir əsgərin valideynlərinə xüsusi məktublar göndərilir, tövsiyə
və təkliflər verilir. Bununla da valideynlərlə hərbi hissələrin
əlaqəsi başlayır və əsgərlərin xidmətə daha yaxşı
həvəsləndirilməsinə imkanlar yaranır. Keçən ildən etibarən
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ilk dəfə olaraq
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində
"Valideyn günləri"nin keçirilməsinə başlanılıb.
Valideynlər hərbi hissə və sərhəd mühafizəsi barədə məlumatlar
alır, övladlarının xidmət və məişət şəraiti ilə yaxından tanış
olurlar. Xidmətdə fərqlənən əsgərlər təltif olunur, valideynlərə
təşəkkür məktubları verilir. Valideynlərin təklif və rəyləri
dinlənilir. Bu tədbir şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə
edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin
yaradılmasında böyük əhəmiyyət daşıyır."
Musavat.com