"Akkord" Korporasiyası Türkiyədəki bank hesablarına həbs
qoyulmasına dair yazılanlara aydınlıq gətirib.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin
İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyevanın adından
APA-ya göndərilən mətndə bildirilib ki, Azərbaycanda bəzi KİV-də
"Akkord" Korporasiyasının Türkiyədə göstərdiyi fəaliyyət
çərçivəsində öhdəliklərini yerinə yetirə bilməməsi və bu səbəbdən
Korporasiyanın Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair
xəbər yazılıb.
A. Quliyeva yazılanları "qərəzli və təhrifedilmiş" adlandırıb.
Lakin mətbuat katibi məlumatın "artıq məhkəmədə haqsız olduğu sübut
edilən şəxslər və şirkətlər tərəfindən yayıldığını" da etiraf
edib.
O qeyd edib ki, "Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası" ASC-nin Türkiyədəki filialının göstərdiyi fəaliyyət
çərçivəsində bu günə kimi yerinə yetirə bilmədiyi və ya yerinə
yetirməkdə çətinlik çəkdiyi hər hansı bir öhdəliyi yoxdur: "Bəzi
layihələrdə "Akkord"un subpodratçısı kimi çıxış edən "Ada Metal"
A.Ş. adlı şirkət "Akkord" qarşısında olan öhdəliklərini yerinə
yetirə bilməyib. Bu səbəbdən "Akkord" "Ada Metal" A.Ş. ilə
bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verib. Hesab edirik
ki, bu xəbərin yayılması məqsədyönlü şəkildə müqaviləyə xitam
verilməsi ilə əlaqədar olub və Korporasiyamıza qarşı haqsız və
hüquqi əsası olmayan tələblərin irəli sürülməsindən
qaynaqlanır".
Məlumatda daha sonra bildirilib ki, "Ada Metal" A.Ş.-nin
subpodratçı kimi çıxış etdiyi müqaviləyə "Akkord" tərəfindən
birtərəfli qaydada xitam verilməsi səbəbindən mənfəətinə zərər
yetirilən bir qrup şəxslər və qurumlar hazırda şirkətə qarşı
tələblər irəli sürüblər: " Xəbərdə sözügedən qərar həqiqətə uyğun
olmayan tələb və iddialara əsasən, şirkətimizə söz haqqı
verilmədən, birtərəfli qəbul olunan qərar olduğundan, şirkətimizin
vəkilləri tərəfindən irəli sürülən etirazlar nəticəsində məhkəmə
tərəfindən dərhal ləğv edilib. Digər tərəfdən, "Akkord"un xəbərdə
adı çəkilən "Öz Volkan" Petrol Şirkəti ilə isə heç bir biznes
əlaqəsi və işbirliyi mövcud deyil".
Açıqlamada daha sonra bildirilir ki, hazırda "Akkord"
Korporasiyasının Türkiyə Respublikasındakı filialı Soma və
Tunçbilek bölgələrində torpaq qazıntı və daşıma işlərinin həyata
keçirilməsi layihələrini yerinə yetirir. Tunçbilek bölgəsində
həyata keçirilən layihə 25 dekabr 2012-ci ildə başlanıb və
layihənin bitirilməsi 2016-cı ilin iyun ayında nəzərdə tutulur.
Soma bölgəsində həyata keçirilən layihə isə 22 oktyabr 2013-cü ildə
başlanıb və 2015-ci ilin oktyabrında tamamlanacaq.
Qeyd edək ki, "Akkord" şirkətinin Türkiyədəki filialının bank
hesablarına həbs qoyulması ilə bağlı xəbər təkcə Azərbaycan deyil,
Türkiyə mediasında da yer alıb. .
Linki təqdim etdiyimiz xəbərdə qeyd olunana görə, şirkətin "Öz
Volkan" neft məhsullarının nəqli və inşaat şirkətinə 7 mln. 237 min
16 lirə (təxminən 2 mln. 621 min 247 manat) borcunun olması
səbəbindən Qaziantep 13-cü İcra Dairəsi tərəfindən "Akkord"un
Türkiyədəki hesablarının həbs olunması ilə bağlı qərar verilib.
Məlumata görə, korporasiya Türkiyə Kömür İşlətmələrindən aldığı
mədən yatağının qazılması ilə bağlı bəzi işlərin icrasını "Ada"
Metal Mədənçilik şirkətinə həvalə edib. Lakin "Ada" Metal
Mədənçilik şirkəti gördüyü işin məvacibini ala bilmədiyindən borcu
yaranıb.
"Öz Volkan" neft məhsullarının nəqli və inşaat şirkəti məhz bu
səbəbdən Qaziantep 13-cü İcra Dairəsinə müraciət edib. İcra Dairəsi
isə həm Akkord, həm də "Ada" Metal Mədənçilik şirkətinin
hesablarına həbs qoyulmasına qərar verib.
Türkiyə mətbuatı "Akkord" və "Ada" Metal Mədənçilik
şirkətlərinin Qaziantep və Malatyada bəzi firmalara da borcunun
olduğu barədə məlumatlar yayıb. 40 gündən çox bu vəziyyət hökm
sürdüyündən firmaların mədən işlərini həyata keçirə bilmədikləri
bildirilir.