Azərbaycan
Nazirlər Kabineti "Texniki nəzarətin həyata keçirilməsinin tələb
olunmadığı tikinti obyektlərinin siyahısı"nı təsdiq
edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, insanların yaşaması və
toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün
nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr
olan tikinti obyektləri, sanitar-mühafizə zonalarının ayrılmasını
tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə
olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı,
sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu
ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektləri qeyd olunan
siyahıya aiddir.
Həmçinin, mövcud tikinti obyektləri və (və ya) onların hissələri
(həmin obyektlər və hissələrdə onların konstruktiv və digər
təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş
tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə
tutan tikinti layihələri əsasında tikinti-quraşdırma işləri
aparıldıqda, ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya
birtipli layihələr əsasında, həmin layihələrdə nəzərdə tutulmuş
şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər)
uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0
(sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə,
onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir
göstərməyən, dəyişikliklər edilmiş tikinti layihələri əsasında inşa
olunan obyektlər, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci
maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan tikinti
obyektləri, 80.2-ci maddəsinə uyğun olaraq məlumatlandırma
icraatının tətbiq edildiyi yaşayış evləri texniki nəzarətin həyata
keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısına
daxil edilib.
Nazirlər Kabineti, həmçinin "Tikintiyə icazədə nəzərdə tutulan
əlavə şərtlərin siyahısı və onların tətbiqi halları"nı təsdiq
edib.
Qərara əsasən bundan sonra Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən müəyyən edilən ekoloji cəhətdən çirklənmiş
zonalarda tikintinin aparılması nəzərdə tutulduğu hallarda həmin
tikinti ərazisinin rekultivasiyası və bərpası üzrə müvafiq
tədbirlər həyata keçirilməlidir.
Tikintinin aparılması nəzərdə tutulmuş ərazinin əhatə dairəsində
yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin onların
dayanıqlılığı və möhkəmliyi, fiziki-mexaniki və fiziki-kimyəvi
baxımdan həmin tikinti işlərinin mənfi təsiri müəyyən edildiyi
hallarda isə abidələrin qorunması üçün əsaslandırılmış əlavə
tədbirlər həyata keçirilməlidir.