Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin
(AzeDer) fəaliyyətə başlamasının bir illiyi münasibətilə İstanbulda
mərasim keçirilib.
Qurumdan Axar.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan
və Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin
(TBMM) deputatları, iş adamları, elm, təhsil və mədəniyyət
sahələrinin təmsilçiləri, qardaş ölkədə təhsil alan tələbələrimiz,
ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir Türkiyədə avtomobil qəzasında həyatlarını itirən üç
azərbaycanlı tələbəni yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla
başlayıb.
AzeDer-in sədri Rəşad Abdullayev hesabat məruzəsində rəhbərlik
etdiyi təşkilatın məqsədinin azərbaycanlı gənclərin şəxsi karyera
qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini
xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərimizin sosial həyatını
inkişaf etdirən layihələr həyata keçirmək kimi mühüm istiqamətlər
olduğunu bildirib.
Sədr bundan sonra İNDEX – Azərbaycanın İnsan Kapitalı İnkişafı
Mərkəzi olaraq fəaliyyət göstərəcəklərini bildirib. Bu məqsədlə
Azərbaycanın insan kapitalı inkişafına öz kiçik töhfələrini verməyə
çalışacaqlarını da vurğulayıb.
Təşkilatın fəaliyyətini əks etdirən film nümayişindən sonra
qonaqlara məlumat verilib ki, İnsan Kapitalının İnkişafının əsası
milli lider Heydər Əliyevin gənclər və təhsil islahatlarından
başlayıb. Bildirilib ki, 1969 -1970-ci dərs ilində respublikamızdan
kənarda cəmi 47 nəfər təhsil aldığı halda, ulu öndər Heydər
Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində 1975-ci
ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub.
Respublikamızdan kənarda ölkəmizi təmsil edən tələbələr arasında
azərbaycanlıların sayı da sürətlə çoxalaraq 1980-ci illərin
əvvəlində 97,6 faizə çatdığının vurğulandığı videoçarxda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "qara qızılın insan
kapitalına çevrilməsi" ideyasının da reallığa çevrildiyi qeyd
edilib.
AzeDer-in bir illik fəaliyyəti və məqsədlərini yüksək
qiymətləndirən Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor
müdiri Vüsal Quliyev dövlət müstəqilliyimizin bərpasından sonra
milli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər və təhsil
siyasətinin ayrı-ayrı istiqamətləri və onun yüksək nəticələrindən
bəhs edib, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi
dövrdə bu istiqamətdə həyata keçirdiyi dövlət proqramları və
onların bəhrələri barədə ətraflı məlumat verib.
TBMM-nin deputatı Mustafa Kabakcı, Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin sektor müdiri İlham Nağıyev, ölkəmizin
Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova və Bakı Ali Neft
Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında AzeDer-in bir illik
fəaliyyətini yüksək dəyərləndiriblər.
Tədbirin sonunda AzeDer-in təşkilatçılığı ilə Avropa ölkələrində
yerləşən aparıcı şirkətlər və beynəlxalq qurumlarda təcrübə keçən
tələbələrə sertifikatlar təqdim olunub. BP, STATOIL, PWC, Avropa
Parlamenti, UNIDO (Sənaye İnkişafı üzrə Birləşmiş
Millətlərin Təşkilatı) kimi dünyanın öndə gələn şirkət və
qurumlarında staj keçən azərbaycanlı gənclərə sertifikatlar
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və ASAN
XİDMƏT Agentliyin Beynəlxalq və ictimiayyətlə əlaqələr şöbəsinin
müdiri Azad Cəfərov tərəfindən təqdim edilib.