"Azercell" ünvanına səslənən "müdhiş fırıldaq" iradını
rədd edir
Ekspertlər isə lider şirkətin müştəriləri aldatmasını
təsdiqləyir
"Azercell" Telekom MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi
sayı ilə Azərbaycanın lider mobil operatorudur".
Azercell.com saytında şirkət haqqında ilk məlumat bu sözlərlə
başlayır. Amma 4 milyondan çox istifadəçisi olan mobil operatorun
xidmətindən abunəçilərin demək olar ki, əksəriyyəti narazılıq edir.
Ümumiyyətlə, Azərbaycanda mobil operatorların, o cümlədən də
"Azercell"in xidmət haqqının baha olmasından istifadəçilər
şikayətçidir.
Digər narazılıq isə istifadəçilərin sim nömrəsinə davamlı
göndərilən reklam xarakterli kampaniyalarla bağlıdır.
Axar.az saytı da 20 noyabr 2013-cü ildə "Azercell"-in müdhiş
fırıldaqları" başlıqlı yazısında bu məsələyə toxunub. Yazı müəllifi
qeyd edib ki, "Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən
külli miqdarda pul mənimsəyir. "Bölgələrdə xüsusi tarifdən
yararlan!" kampaniyasından misal çəkən müəllif yazır ki, "Bölgə
tarifinə qoşuldunuz! Bakı və Abseron 1dəq = 10qəp. Bölgələr 1 dəq =
5 qəp və 3-cü dəq. sonra pulsuz" mesajı yalançı reklamdır. Çünki bu
məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil olunmur və bu barədə
ilk mesajda məlumat verilmir.
Pulsuz data-karta 10 ay pul xərcləməlisən
Yaxud "Pulsuz data-kart alın" mesajını müəllif "Azercell"
şirkətinin daha bir fırıldağı adlandıraraq şirkətin internet
istifadəçilərinə data-kart satması ilə əlaqələndirib: "Ancaq bu
data-kart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu
şirkət həmin istifadəçidən tutur. Satış zamanı istifadəçiyə satış
nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur. Lakin
istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən
götürülür. Bir müddət sonra data-kartı işlədib-işlətməməsindən
asılı olmayaraq şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay
5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95
AZN təşkil edir. Beləliklə, bir data-kart istifadəçiyə 95 manata
başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə
verilərək cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən
istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır".
"50.000 xal qazandın" oyunu 118 qəpik
tuturmuş...
Daha bir irad isə "TƏBRİKLƏR! 50.000 xal QAZANDIN!!! 8228-ə elə
indi SMS göndər, xallar balansına keçsin!" müsabiqədə iştirak
mesajı ilə bağlıdır. Qazanc əldə etmək həvəsində olan abonent mesaj
göndərdikdə müəllif yazır ki, balansından 1.18 manat (118 qəpik)
pul çıxılır və əvəzində o, sadəcə, müsabiqəyə real olaraq qoşulmuş
milyonlarla sms-dən birinin sahibi olur.
"Sindibad" bəlası...
Daha sonra məqalədə yazılıb ki, şirkətin fırıldaqlarından biri də
onun kontakt provayderi olan "Sindibad" şirkəti ilə bağlıdır:
""Azercell" abonentləri şikayət edir ki, hər ay balanslarından
məchul istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə
saxladıqda isə deyilir ki, siz "Sindibad"a qoşulmusuz və bu pullar
ona görə çıxılır. "Azercell"in "Facebook" səhifəsində bununla bağlı
yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu
xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş
verir. Bəs əslində nə baş verir? "Azercell" şirkətinə milyonlar
qazandıran provayder şirkətlər öz xərclədikləri pulun müqabilində
"Azercell" abonentlərinin xəbəri olmadan onları hansısa internet
xidmətinə abunə edir... Təəssüf ki, media reklam müqaviləsinə sadiq
qalaraq, "Azercell" şirkətinin abonentlərin cibinə girməsi
faktlarını işıqlandırmır" .
"Azercell Telekom" təəssüf edir: "Məqalə qərəzli və
əsassızdır"
"Azercell Telekom" MMC sadalanan iradlara cavab olaraq Publika.Az
saytına təkzib məktubu ünvanlayıb. Məktubda bildirilir ki,
yazılanlar qərəzli və əsassızdır. Odur ki, şirkət mövzu ilə bağlı
mövqeyinin saytda işıqlandırılmasını xahiş edib.
Məktubda bildilir: "Məqalədə "Söz azadlığı, insani dəyərlərə hörmət
kimi məfhumları əsas tutduğunu hesab edən media orqanında
"Azercell" şirkəti müxtəlif üsullarla abonentlərindən külli
miqdarda pul mənimsəyir", "Şirkətin abonentləri aldadaraq külli
miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları
var", "təəssüf ki, media reklam müqaviləsinə sadiq qalaraq,
"Azercell" şirkətinin abonentlərin cibinə girdiyini və min
fırıldaqla, dərisini soyduğu barədə faktları işıqlandırmır" kimi
qərəzli, əsassız ifadələrdən ibarət məqalənin dərc edilməsi təəssüf
hissi doğurur.
Məqalədə müəllif "Bölgə" tarifi ilə bağlı "Azercell Telekom" MMC
tərəfindən abunəçilərin telefonlarına göndərilən sms-lərdə
fırıldağa yol verildiyini iddia edir. Belə ki, məqalə müəllifi
iddia edir ki, abunəçiyə göndərilən ilk sms-də tarif planı tam
şəkildə izah olunmur. Qeyd edək ki, "Bölgə" tarifi adından da
göründüyü kimi ölkəmizin bölgələri üçün nəzərdə tutulub, müvafiq
olaraq da Bakı və Abşeron xaric bütün ərazilərə şamil edilir.
"Bölgə" tarifinın əksər şərtləri "Azercell Telekom" MMC-nin ötən il
istifadəyə verdiyi "Bölgəm" kampaniyası ilə eynidir. Məlumat
xarakterli SMS alan abunəçinin və ümumiyyətlə, "Azercell Telekom"
MMC-nin abunəçilərinin hamısında bu kampaniya və "Bölgə" tarifi
haqqında kifayət qədər məlumat var. Belə ki, bu barədə KİV-də
kifayət qədər ətraflı məlumatlar yayımlanıb. Üstəlik, həmin
kampaniyada iştirak etmiş abunəçilər müvafiq "Bölgə" tarifindən
yararlanmaq imkanı əldə etmişlər. Həmçinin, abunəçilər "Azercell
Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, qüvvədə olan
tariflər (o cümlədən "Bölgə" tarifi) və keçirilən kampaniyalar
barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com),
həmçinin Müştəri Xidmətlərinə müraciət etməklə əldə etmək imkanına
malikdirlər. Göstərilənləri nəzərə alaraq məqalədə qeyd edilənlər
əsassızdır".
Məktubda daha sonra qeyd edilir ki, müəllif məqalədə eyni zamanda
"Azercell" şirkətinin daha bir fırıldağının internet istifadəçiləri
üçün satdığı data-kartla bağlı olduğunu iddia edir: "Qeyd olunur
ki, "Azercell" ilə əməkdaşlıq edən telefon dükanlarında və ya başqa
satış yerlərində bu data-kartlar pulsuzdur. Sadə vətəndaş isə
"pulsuz" sözünü eşidib data-kartı sevə-sevə alır. Lazım olan da,
olmayan da. Ancaq bu data-kart pulsuz verilsə də, maya dəyərinin
iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur".
Nəzərinizə çatdırırıq ki, "Azercell Telekom" MMC tərəfindən
data-kartların satışı ilə bağlı 2 cür təklif movcuddur.
1. http://www.azercell.com/ru/personal/internet/internet_devices/#modem
Abunəçi cəmi 29 AZN ödəməklə data-kartı (3G MAX modem) əldə edir və
sonra mövcud olan İnternet paketlərindən birini seçir, alır və
xidmətlərdən istifadə etməyə başlayır.
2.http://www.azercell.com/ru/personal/internet/internet_packages/#.UpRCJmSzvhk
Abunəçi data-kart almaq istəmirsə, bunun üçün ona uyğun olan
kampaniya təqdim edilir. Kampaniyanın şərtlərinə əsasən 10 faktura
dövrü ərzində ayda 9 AZN ödəməklə hər ay 4 GB İnternet paketi əldə
edir. Bu zaman abunəçi əldə etdiyi data-karta görə (3G MAX modem)
ödəniş etmir. Yalnız kampaniya şərtlərində nəzərdə tutulan müddət
bitməmiş, abunəçi xidmətlərdən imtina edərsə, onda abunəçidən
data-kart (3G MAX modem) üçün müəyyən edilmiş 29 AZN məbləğ tələb
olunur. Bundan əlavə kampaniyaya qoşulan abunəçilərdən ilk dəfə
1-ci natamam fakturada müvafiq İnternet paketi üçün müəyyən edilmiş
məbləğə 50% endirim tətbiq edilir. Beləliklə birinci ay fakturalı
xətt olduğuna görə, 9 manatın yarısı tutulur. 4,5 AZN və qalan 9 ay
üçün 9 AZN tutulur. 9 ay * 9 AZN +4,50 AZN = 85,50 AZN. Bu rəqəm də
müəllifin iddia etdiyi kimi 95 AZN deyil, 85 AZN təşkil edir və bu
göstərilən məbləğ məhz abunəçinin bu müddət ərzində istifadə etdiyi
4 GB həcmli İnternet paketinə görə müəyyən edilmiş məbləğdir. Bu
şərtlər də bütün reklam, kampaniya məlumatlarında, həmçinin satış
nöqtələrində ətraflı şəkildə izah edilir, "Azercell Telekom"
MMC-nin rəsmi internet səhifəsində də öz əksini (http://www.azercell.com/az/personal/internet/unlimited_internet/unlimited/#.UpRCp2Szvhk)
tapıb. Bu səbəbdən də məqalədə göstərilənləri tam əsassız hesab
edirik.
Məqalədə 8228 Uğurlu SMS xidməti ilə bağlı qeyd olunan iradlara
gəlincə isə bildiririk ki, "Azercell Telekom" MMC tərəfindən təqdim
edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər 8228 qısa
nömrə vasitəsi ilə "Uğurlu SMS" lotoreyasında iştirak etmək
imkanına malikdirlər. Müvafiq məzmun təminatı "Azercell Telekom"
MMC-nin əməkdaşlıq etdiyi 3-cu şəxs ("ABC Content" MMC) tərəfindən
həyata keçirilir. Abunəçilər müvafiq xidmətdən istifadə qaydaları,
tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün, həmçinin
yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri əlaqədar
məzmun təminatçısı olan "ABC Content" MMC-yə müraciət edə
bilərlər.
Məqalədə Azercell-in kontakt provayderi olan "Sindibad" şirkəti ilə
bağlı abunəçilərin narazılıqlarına da toxunulub: ""Azercell"
abonentləri şikayət edir ki, hər ay balanslarından məchul
istiqamətlərə pul çıxırlar. Müştəri xidmətləri ilə əlaqə saxladıqda
isə deyilir ki, siz "Sindibad"a qoşulmuşuz və bu pullar ona görə
çıxılır".
Məlumat üçün bildirək ki, "Azercell Telekom" MMC tərəfindən təqdim
edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər məzmun
təminatçısı olan "Sindbad" MMC tərəfindən verilən xidmətlərdən
istifadə etmək imkanına malikdirlər. Abunəçilər müvafiq internet
saytı vasitəsi ilə və ya müəyyən qısa nömrəsinə sorğu yazıb
göndərməklə xidmətlərə abunəlik əldə edib pulsuz yükləmə (video
klip, musiqi parçası, Java oyun və s.) etmək, yaxud müxtəlif
internet saytlarda əməliyyatlar həyata keçirilməsi, məzmun və s.
(qoroskop, müxtəlif əyləncəli testlər və başqaları) əldə edilməsi
imkanına malikdir.
Nəzərinizə çatdırırıq ki, Abunə Müqaviləsinin müddəalarına əsasən
"Azercell Telekom" MMC telekommunikasiya şəbəkəsindən istifadə
etməklə üçüncü şəxs(lər) tərəfindən göstərilən xidmətlər və ya belə
xidmətlərə görə verilən hesablar habelə, üçüncü şəxs(lər)
tərəfindən rabitəyə müdaxiləyə görə məsuliyyət daşımır. Abunəçilərə
nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən
diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri
ilə əvvəlcədən tanış olmağı tövsiyə edilir. Abunəçilər müxtəlif
qısa nömrələr vasitəsi ilə təqdim edilən xidmətləri həyata keçirən
məzmun təminatçısı olan təşkilatlardan reklam məlumat xarakterli
sms-lərin göndərilməməsi üçün "Azercell Telekom" MMC-yə, "Azercell
Telekom" MMC-də öz növbəsində məzmun təminatçılarına müraciət edə
bilər. Abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən
xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı
məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com),
həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat
ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri
(012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565,
E- poçt: [email protected]; [email protected],
o cümlədən online müştəri xidmətləri\şəxsi kabinetim) müraciət
etməklə əldə etmək imkanına malikdirlər.
Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim
edilən xidmətlərdən imtina etmək üçün "Stop" sözünü müvafiq qısa
nömrəyə göndərə bilərlər. Abunəçilər müvafiq xidmətdən istifadə
qaydaları, tarifləri ilə bağlı məlumatlar əldə etməsi üçün,
həmçinin yükləmələrin məzmunu, keyfiyyəti və s. barədə mülahizələri
əlaqədar məzmun təminatçısı olan təşkilatlara müraciət edə
bilərlər. Həmçinin də, müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim
edilən xidmətlər həyata keçirən məzmun təminatçısı olan
təşkilatlara da birbaşa müraciət edərək iştiraklarını dayandıra,
reklam\məlumat xarakterli SMS-lərin göndərilməməsini xahiş edə
bilərlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə
mövcud olan prosedura və təlimatlara əsasən "Azercell Telekom"
MMC-yə hər hansı müraciət daxil olduqda lazımı araşdırmalar
aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı
izahlar, cavablar müvafiq müddət ərzində təqdim olunur. "Azercell
Telekom" MMC ilə KİV arasında da çox sıx əməkdaşlıq mövcuddur. Hər
hansı abunəçinin, 3-cü şəxsin və yaxud KİV nümayəndəsinin
müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə
yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə
görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun
deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa,
aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və
müvafiq tədbirlər görülməsi üçün "Azercell Telekom" MMC-yə təqdim
etməyinizi xahiş edirik".
Müştəri "Azercell"lə "Sindibad"ın oyununa düşüb ciddi əsəb
keçirir
İKT üzrə ekspert Cahid İsmayıloğlunun bildirdiyinə görə,
vətəndaşlar hər hansı bir mobil operatordan mesaj aldıqda onun
məzmununa diqqət etməlidir, çünki bu mesajlar çox hallarda aldadıcı
olur: "Məsələn, "50 min xal qazandın" mesajında abonenti aldadaraq
məcbur edirlər ki, istifadəçi təsdiq kodunu mesaj gələn nömrəyə
göndərsin. Bu da istifadəçilərdə ciddi narazılıq doğurur. Yaxud
"Sindibad"la bağlı sms-lər istifadəçinin öz razılıq mesajını
aldıqdan sonra gəlsə də, abonent sonradan bunu əhəmiyyətli
olmadığını bilib imtina etmək istədikdə "Azercell" onu üçüncü
tərəfə - "Sindibad"a yönəldir. "Sindibad" müştəri üçün əlçatan
olmadıqda, istifadəçi ötür-ötür oyununa düşür, vaxt, enerji
itkisindən yorulur və ciddi əsəb keçirir".
Hüquqşünas İradə Cavadova: "Azercell" birbaşa istehlakçı
hüquqlarını pozur"
Hüquqşünas İradə Cavadova isə bizimlə söhbətində dedi ki, rəhbərlik
etdiyi İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə mobil
operatorların fəaliyyəti ilə bağlı bir çox şikayətlər daxil olub.
Araşdırdıqda isə məlum olub ki, bu faktlar birbaşa istehlakçı
hüquqlarını pozur:
"Azərbaycan mobil operator bazarında inhisarı əldə saxlayan ən
güclü şirkət "Azercell"dir. Bu şirkət vətəndaşla mübahisəsində
bəzən gücündən istifadə edərək hətta məhkəmələrə də təzyiq edə
bilir. Bizə bir şikayətçi müraciət etmişdi - Elnarə Həşimova. O,
Koreya Respublikasında işgüzar səfərdə olub. Səfər müddətində onun
1 manatlıq internet balansı olmasına baxmayaraq, özündən xəbərsiz
ona balans artırılıb və 3 mindən çox borc gəlib. Bu səbəbdən onun
sim nömrəsi artıq uzun müddətdir ki, bağlanıb. Halbuki buna
"Azercell"in hüququ çatmır. Bu xanımın işgüzar səfəri faktiki boşa
çıxıb və o ziyana məruz qalıb. Birlik adından "Azercell"ə etdiyimiz
məktublara da heç bir cavab verilmir, məsuliyyətsizlik edilir.
Vətəndaş hazırda məhkəməyə müraciət edib. Digər bir vətəndaş da
ölkə daxilində eyni vəziyyətlə üzləşib".
"Stop" komandası çox hallarda işlək olmur
Hüquqşünas həmçinin vətəndaşlara təklif edilən reklam sms-lərindən
imtina xidmətlərinin çox hallarda işlək olmadığını dedi: "Məsələn,
mən "Stop" komandasından istifadə etsəm də, heç bir faydası
olmayıb. Əslində başqa operatorla keçmək niyyətindəyəm, amma əlaqə
vasitələrini bu nömrə üzərində qurmuşam deyə, "Azercell"dən
istifadə etmək məcburiyyətindəyəm. Halbuki mən passiv
istifadəçiyəm, bu nömrə yalnız zəng üçün mənə yararlıdır".
Taariflər olduqca bahalıdır
İradə Cavadova taariflərin bahalı olmasından da narazılıq etdi:
"Həmçinin mobil operatorun müştəri ilə bağladığı müqavilə o qədər
kiçik şriftlə verilir ki, istifadəçi onu oxuya bilmir və
yazılanlardan xəbərsiz imzalayır. Ümumiyyətlə, Azərbaycanda mobil
operatorlarla bağlı vətəndaşların yaşadığı problem olduqca
çoxdur".
Ekspert Osman Gündüz: "Mobil operatorla istifadəçi
arasındakı müqavilə anlaşıqlı dildə olmalıdır"
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin
direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
isə hesab edir ki, mobil operatorla müştəri arasında bağlanan
müqaviləyə önəm verilməlidir. Mobil operatorun "Sim" və digər
nömrələrini aldıqda isə müştərilər müqaviləni oxumur:
"Müştəri əgər mobil operatorun hər hansı kampaniyasına qoşulursa,
belə məsələlər operatorla istifadəçi arasında olan müqavilə ilə
tənzimlənir. Amma adətən bu müqavilələri heç kim oxumadan
imzalayır. Həmin müqavilələr də kifayət qədər mücərrəd hazırlanır.
Məsələlər dəqiqliklə öz əksini tapmır. Ona görə burda vacibdir ki,
vətəndaşlar hansısa kampaniyaya qoşulanda, ümumiyyətlə xidmətdən
istifadə edəndə müqavilədə yazılanları diqqətlə oxusun, təklif onu
qane etmədikdə imtina etsin. Müqavilələr mütləq anlaşıqlı dildə
tərtib olunmalıdır. Abonent hər hansı kampaniyaya qoşulmazdan öncə
onun şərtləri ilə diqqətlə tanış olmalıdır. O şərtlərdə operatorun
reklam göndərməsi qeyd edilməyibsə, o zaman mobil operatorun
abonentə reklam göndərməsi qanunsuzdur. Ümumiyyətlə, Azərbaycan
məkanında mobil operatorların müqavilə məsələsinə aydınlıq
gətirilməlidir, elə etmək lazımdır ki, istifadəçinin hüquqları
tapdanmasın!"