Ötən əsrin əvvəllərində Gəncəbasarda məşhur isimlərdən
olan Qaçaq Məmmədqasımın Azərbaycanı tərk etməsi ilə bağlı maraqlı
hadisə danışılır.
1920-ci il Gəncə üsyanın fəal iştirakçılarından və
rəhbərlərindən olan Qaçaq Məmmədqasım üsyan yatırıldıqdan sonra da
dağlara çəkilib mübarizəsini davam etdirirmiş. Həmin ərəfədə ÇK-nın
rəhbəri olan Mir Cəfər Bağırov Kürün o tayında, Eldar meşələrində
məskən salmış Qaçaq Məmmədqasımla şəxsən özü döyüşmək qərarına
gəlir.
Bağırov kiçik bir dəstə ilə onun arxasınca gedir. Kür körpüsünün
bu üzündən Məmmədqasıma xəbər gündərir ki, sənin görüşünə özüm
gəlmişəm: atışmaq, dava etmək, qan tökmək lazım deyil, kişi kimi
qabaq-qabağa söhbət edək.
Mir Cəfər başının dəstəsini, silahını bu üzdə qoyub, əliyalın
Kürü o taya keçir. Qaçaq Məmmədqasım danışığa gələn Mir Cəfəri
səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım
adamlarına tapşırır ki, Bağırov bizimlə çörək kəssə, onunla söhbət
edəcəyik, yox, özünü təkəbbürlü aparsa, davamız davadır.
Süfrə açılır. Bağırov hamıdan əvvəl ilk qisməti əlinə götürür.
Bağırovun bütün hərəkətləri - silahsız, adamsız Kürü tək keçib
gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı
təəccübləndirir, onun qoçaq və qorxmaz olduğuna inanır. Ona görə də
söhbət səmimi keçir.
Mir Cəfər Bağırov deyir:
- Məmmədqasım, indi biz bir millətin övladı, qardaş kimi açıq
söhbət edə bilərik. Bilirəm ki, sən xalqın düşməni deyilsən. Ancaq
apardığın bu savaşda ziyan sadə insanlara dəyir. Sən nə qədər
ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir.
Əkin əkmirsən, biçin biçmirsən, demək, yaşamaq üçün istər-istəməz
yol kəsməlisən, kimlərisə talamalısan, xalqın ununu, dənini, malını
qoyununu örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl
çək! Başının dəstəsini dağıt. Gəl, səni Gəncəbasarda bir rayona
milis şöbəsinin rəisi qoyum.
Məmmədhəsən isə razılaşmır:
- Mir Cəfər, bütün bu qiymətli təkliflərinə görə çox sağ ol.
Məni hansı bir vəzifəyə qoyursansa qoy, düşmənlərim məni rahat
buraxmayacaq. Mənə başqa çıxış yolu de.
Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, onda sizin bircə
yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç,
özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç...
Bu hadisədən sonra Qaçaq Məmmədqasım kiçik bir dəstə ilə
Türkiyəyə keçir.