Dövlət Sosial Müdafiə Fondu "Açıq hökumətin təşviqinə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq
Bərdədə regional "Açıq qapı günü" - vətəndaş forumu
keçirib.
Fonddan Axar.az-a verilən məlumata görə, "Azərbaycanın müasir
sosial sığorta – pensiya sistemi - pensiyanızı özünüz hesablayın"
adlı regional tədbirdə Mingəçevir, Naftalan şəhərlərinin, Bərdə,
Xocalı, Goranboy, Ağdaş, Ucar, Ağdam, Yevlax, Samux və Tərtər
rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.
Qeyd edək ki, bölgələrdə belə forumlar "Açıq hökumətin təşviqinə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq
təşkil edilir.
Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bu gün
Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və
ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan
pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış
sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya
sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.
F.Qədimov qeyd edib ki, "Elektron hökumət" portalının
statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən
çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Ötən
dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial
sığorta haqlarının ödənişi və hesabat sisteminin
avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq
təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, Dünya
Bankının "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan
məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat
sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu,
ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
Təqdimatla çıxış edən DSMF-nin şöbə müdirinin müavini Rüfət
Oruclu Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində
qeydiyyatda olan hər bir sığortaolunanın özü üçün məcburi dövlət
sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə
nəzarət etmək imkanına malik olduğunu diqqətə çatdırıb. Belə ki,
istənilən sığortaolunan həm Dövlət Sosial Müdafiə Fondunun saytı
(www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az)
vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron
xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay
üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları
maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Bununla yanaşı, "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn
ödənilməsi" elektron xidməti sığortaedənlər, o cümlədən
işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər
tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi
prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha
da artırılmasına xidmət edir.
Forumda ölkədə pensiya ödənişlərinin 99,9 faizinin plastik
kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə
pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın
qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay
yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan
"Pensiya+" xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim
etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı
məlumat verilib.