31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramları ilə əlaqədar Bakıda ictimai nəqliyyat
gücləndirilmiş iş rejimində işləyəcək.
Ans xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Dövlət
Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini
Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, paytaxt daxili sərnişin
avtobusları 30 və 31 dekabrda güclənmiş iş rejimində çalışacaq.
Onun sözlərinə görə, dekabrın bayram günü avtobuslar saat gecə 1-ə
qədər işləyəcək.
"Bizim tərəfimizdən hər il bayram axşamı sərnişinlərin
rahatlığını təmin etmək məqsədilə avtobusların işləmə vaxtı
uzadılır. Bununla bağlı avtobus sahibkarlarına da xəbərdarlıq
edilib. Əgər dövlət əhəmiyyətli tədbir keçirilərsə, mümkündür ki,
dekabrın 31-də sərnişin avtobuslarını işləmə vaxtı bir az da
uzadılsın. Avtobuslarda gedişhaqqıların süni şəkildə
qaldırılmasının qarşısını almaq üçün müfəttişlərimiz də gecə
reydləri keçirəcəklər. Əgər sərnişinlər belə hadisə ilə
rastlaşarlarsa, bizə xəbər verə bilərlər", - deyə Əmrah Cəfərov
bildirib.
Yeni il gecəsi Bakı Metropolitenində də gücləndirilmiş iş
rejimində çalışacaqlar. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi
Paşayev bildirib ki, hər il olduğu kimi bu il də dekabrın 31-də
qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək.
"Bakı metrosunda əvvəllər də belə praktika mövcuddur. Dekabrın
31-də metroda iş rejimi 1 saat gec bitir. Əgər dövlət əhəmiyyətli
şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox
işləsin", - deyə Nəsimi Paşayev bildirib.
Bakı Beynəlxalq Avtovağzalında da bayram gücləri gücləndirilmiş
iş rejimində çalışacaq. Avtovağzalın növbə rəisi Məhəmməd
Abdullayevin verdiyi məlumata görə, avtovağzal dekabrın 28-dən
yanvarın 6-a qədər gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin
sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə
buraxılacaq.
"Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində
onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə
əlavə avtobuslar çıxarılacaq". Adi günlərdə xəttə 300-350 avtobus
buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə
çatdırılacaq, - deyə M.Abdullayev bildirib.
Avtobusların biletlərinin satışı da 10 gün qabaqcadan həyata
keçirilir. Bayram günləri biletlərin qiymətinin süni şəkildə
artırılmamasına nəzarəti isə Beynəlxalq Avtovağzalda yaradılan
"Qiymət Komissiyası" həyata keçirəcək. Əgər hansısa sürücü biletsiz
sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən
kənarlaşdırılacaq.
Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyəti də bayram
günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Cəmiyyətin mətbuat
katibliyinin rəisi Nadir Əzməmmədovun szölərinə görə, ölkədaxili ən
çox sərnişin sıxlığı qərb istiqamətində müşahidə olunur.
Belə ki, dekabrın 29-u, 30-u və yanvarın 2-si və 3-də daha çox
sərnişin sıxlığı olan istiqamətlərdə əlavə Bakı-Böyük Kəsik və
Bakı-Mingəçevir qatarları xəttə buraxılacaq. Bundan başqa,
Gürcüstan istiqamətində də sərnişin sıxlığı müşahidə edilir. Nadir
Əzməmmədov deyir ki, ötən illərdən fərqli olaraq, bu il Gürcüstan
istiqamətində Turist qatarı relsə buraxılacaq.