Finlandiyanın
"Aamulehti" qəzetindən
(20.11.2013) Kari
Salminenin filosof Slavoy Jijek haqda yazdığı "Finlandiyanın
Jijeki, hardasan?" başlıqlı yazını təqdim edirik.
Müasir dövrün ən ünlü filosoflarından biri Slavoy Jijek
1949-cu il martın 21-də Sloveniyanın Lüblyana şəhərində doğulub,
indi də orada yaşayır. Freyd-Marks yönlü kulturoloqdur. Jak Lakanın
əsərlərinin tərcüməçisi və təfsirçisi, nəzəri psixoanaliz
məktəbinin rəhbəri, sosial tədqiqatlar institutunun
prezidentidir.
Finlandiya filosofları qorxaq "ana uşağı", paxıl və dünyada
tanınmayan biridirlər. Onlar ictimaiyyət arasında olurlarsa,
deməli, əsil filosof ola bilməzlər — filosofların
dəyərləndirmələrinə görə.
Populist və performans aktyoru
Çiçəklənmə ssenaristi Pekka Himanen, fantastika elçisi Esa
Saarinen, peşəkar mütəfəkkir Kristi Lonka, iqtidarın düşüncə
yardımçısı İlkka Niiniluoto da – hamısı yanılır. Çünki tanınırlar,
gördükləri işlərin müqabilində də şirkət və dövlətdən pul
alırlar.
Hansısa bir universitet idarəsinin zirzəmisindən axşam TV
ulduzu, Slavoy Jijek kimi bir nərildəyən aslan çıxsa, görəsən,
Finlandiyada buna necə reaksiya verərlər? Fəlsəfə peşəkarlarının
fikrinə görə, Sloveniyalı Jijek — "Stalin hələ çox da dərinə
getmədi" və "Lenin haqlıydı" deməklə kommunist totalitarizmi ilə
naz-qoz eləyən populist və performans aktyorudur.
Jijekin dediklərini düzgün
anlamırlar
O, paradokslar vurğunudur. Bundan başqa, gərək bu adamı
fəaliyyət başında görəsən, o zaman Jijek püskürən bir insan
vulkanına dönür. "Filmin gizli dili" (2006) adlı filmin
davamı olan "Jijek və filmin gizli ideologijası"
Tv-serialına bu gün bir bütün olaraq baxmaq gərəkdir. Millət
belə filosoflar istəyir. Hər halda — millətin əsasən müdrikləri
dinləyən bölümü.
Jijekin əlləri bir an olsa belə, bir yerdə durmur. Onun əlləri
düşüncə selini nevrotik stereotip jestlərlə ritmlərə bölür. Saçları
daranmamış, ağzı köpüklü, gözlərindən od yağır. Jijek, məhşər
gününün artıq gəldiyini və bunu liberal kapitalizmin gətirdiyini
deyən apokalipsis peyğəmbəridir.
Jijeksayağı mütəfəkkirlər özəlliklə aktiv solçu gəncləri cəlb
edir. Bu insan az qala hər şeyə qarşı çıxır, çünki hər şey yalnız
ideologiya, yanlış maariflənmə, bir də sistemə və onun lordlarına
xidmət edən süni gerçəklikdir. Bu sapıq — başqa cür düşünməyə,
ideologiyanın qücünü qırmağa cəsarət edən sağlam bir insandır.
Nifrət edilən mütəfəkkir
Son zamanlar Jijek
Pussy Ruot hərəkatındakı Nadejda Tolokonnikova ilə
məktublaşırdı. Filosof büsbütün məktubdaş və "cinayət yoldaşı"dır,
bununla belə o da ya yandaş, ya qarşıdaş qaydaları hökm sürən
toplum diqqəti altında yaşayandır.
Filosofa görə, Pussi Potun fəaliyyətini avtoritar hakimiyyətə
qarşı yönəlmış liberal protest sayırlar. Əslində isə məsələ daha da
ciddidir və bu da liberallara mane olur.
Jijek məktubunda yazır:
"Siz stalinizm və müasir qlobal kapitalizmin arasındakı
fasiləsizliyi nümayiş etdirirsiniz".
Fəlsəfəni dadsız-duzsuz sayan
mədəniyyət tədqiqatçısı Hanna Kuuselaya görə, Jijek bir çox
cəhətdən nifrət edilən mütəfəkkirdir, bu üzdən də Jijeki çox
asanlıqla lətifə söyləyənlər cərgəsinə qoşmaq olar.
Bir-birini görkəmli filosof kimi qələmə
vermək
Finlandiyada media fiquru və fəlsəfə klounluğunu bacaran Jijek
kimi birisi hansı gözümçıxdılara, linçlərə məruz qala bilər?
Bizdə fəlsəfi fikir birliyini fəlsəfə nəzəriyyəsi dosenti Panu
Raatikainen səsləndirir. O, demək olar ki, ilboyu Pekka Himanenə
qarşı savaş açıb. Noyabr ayının əvvəlində öz köşəsində Finlandiyada
fəlsəfənin dik duruşa ehtiyacı olduğunu yazır. Raatikaineni
qıcıqlandıran odur ki, filosofları az qala toplum masqarası və
ictimai zarafat kimi qəbul edirlər. Deyəsən, Raatikainen özünün
çalışqan lətifəçi olduğunu görmür: "Hal-hazırda Finlandiyanın
ictimai fəlsəfə imicində bir-birini görkəmli filosof kimi qələmə
vermək adəti hökm sürür. Bunlar üçün önəmli olan özlərini toplumun
projektorları hesab etmək, siyasi və maliyyə elitalarına yaxın
olmaq və əlbəttə ki, öz pul kisələrinin ağırlaşmasını
yəqinləşdirməkdir. Asta, əziyyətli akademik fəlsəfi araşdırma və
onun nəşri bunları maraqlandırmır".
Hakimiyətdəkilər üçün statistika
Tənqid başadüşüləndir, amma Himanen kimilərinin elmi
araşdırmaları hansı yolla, nə cür əngəlləmələrini anlamaq olmur.
Hakimiyyətin "Gələcək 2013" adlı proyektinə aid raportları
hazırlamağa Himanen də qoşulmuşdu. Bu proyektdə Finlandiyanın
iqtisadi, ekoloji və mənəvi cəhətdən daha yaxşı yönəldilməsi
üzərində düşünülmüşdü. Bundan daha da pis günahlar kəşf etmək heç
də çətin iş deyil.
İlin ortasında İlkka Niiniluoto Ahonun hakimiyyəti zamanı
1993-cü ilin iqtisadi durumu haqda "Finlandiyanın ruhsal durumu
və gələcəyə baxış" adlı raport hazırlayıb. Hər iki dialoq
peşəkarca nokauta göndərildi. Göründüyü kimi, filosof, qəddar elmi
fəlsəfədən başqa heç bir işlə, xüsusilə də hakimiyətdəkilər üçün
statistika ilə məşğul ola bilməz.
Bəlkə hər şeyi tərsinə və dəli notlarla söyləyən Jijek kimi daha
cəsarətli filosoflara ehtiyacımız var? Fəlsəfə zövqsüzlük,
utanmazlıq və təhlükə donuna da girə bilər.
Beləsi katalizator, ya da yeni növ oyun açarı qismində çıxış edə
bilər. Fəlsəfi araşdırma önəmlidir, amma müqəddəs məcnunlar və ya
dəbli şarman çalğıçıları oradan kənarlaşdırılmamalıdır. Onlar heç
nə aparmır, əksinə - meydana əlavə nələrsə gətirir.