Ana səhifə Toplum |
Ümumtəhsil məktəblərində şagirdlərin qəbulu və yerdəyişməsinin elektron şəkildə həyata keçirilməsi müsbət addım olsa da, bir sıra narazılıqlar doğurub.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov şagirdlərin elektron qaydada yerdəyişməsi zamanı yaranan problemlərlə bağlı danışarkən deyib. O, Azərbaycan təhsil sisteminin buna hazır olmadığını bildirib:
“Ölkə miqyasında 1 milyon 600 minə qədər şagird var. Ümumilikdə hər il 30 faizə yaxın şagird yerdəyişməsi həyata keçirilir. Hesab edirəm ki, şagirdlərin elektron qaydada yerdəyişməsinin əvvəlcə pilot layihə kimi tətbiq edilməsi məqsədəuyğun olardı. Mövcud problemlər onu göstərir ki, təhsil sistemimiz hələ buna hazır deyil. Nazirlik bilməli idi ki, birdən-birə elektron sistemə keçid özü ilə nə qədər problem gətirəcək”.
Ekspert orta məktəblərdə elektron yerdəyişmə nəticəsində yaranan sıxlıqdan da bəhs edib:
“Apreldə bütün məktəblərdə otaqların ölçüsü və sayı ilə bağlı hesabatlar hazırlanmışdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarında göstərilir ki, ümumtəhsil məktəblərinin norması layihələndirilərkən siniflərin böyüklüyü 28-42 kvdratmetrə qədər olmalıdır. Qərarda, həmçinin, bir sinif üçün nəzərdə tutulan şagird sayının norması 24 nəfər qeyd edilib.
Bu gün şəhər məktəblərində, eləcə də Bakı şəhərində şagird sıxlığı çox böyükdür. Sıxlıq daha çox mərkəzdə yerləşən məktəblərdə qeydə alınır. Təsəvvür edin ki, Bakı şəhərində bir sinifdə 40-60 uşaq oxuyan məktəblər var. Artıq bir sinifdə 35-40 uşağın oxuması adi hal kimi qəbul olunur. Hazırda əsas problem budur ki, valideynlər övladlarını yerləşdirməyə məktəb tapa bilmirlər. Bu da demoqrafik problemlə əlaqədardır. Prezident iyun ayında məktəblərdə korpusların tikintisi ilə bağlı 47 milyon pul ayırıb. Ən azından gözləmək lazımdır ki, məktəb korpusları tikilsin, əlavə yerlər yaransın, sonra bu sistemə keçid edilsin”.
Ekspertin sözlərinə görə, elektron yerdəyişmənin tətbiqi ilə bağlı problemləri aradan qaldırmaq üçün Təhsil Nazirliyi geri addım atmalıdır:
“Fikrimcə, şagirdlərin elektron yerdəyişməsinə keçid edilməsinə baxmayaraq, nazirlik geri addım atmalıdır. Valideynləri elektron sistemə paralel olaraq məktəblərə yönləndirmək lazımdır ki, gedib övladlarını əvvəlki qaydada qeydiyyatdan keçirsinlər. Ən azı bir il ərzində, məktəblər və valideynlər sistemə öyrəşənə qədər bunu tətbiq etmək olar”.
Qeyd edək ki, ümumtəhsil məktəblərində şagirdlərin qəbulu və yerdəyişməsinin elektron şəkildə həyata keçirilməsi rüşvət hallarının qarşısını alınması baxımdan müsbət nəticə verib. Lakin bu proses valideynlərin öz övladlarını prestijli məktəblərə yerləşdirməsinə səbəb olub. Nəticədə nüfuzlu məktəblərdə şagirdləri sayı kəskin artıb, nisbətən az tanınan məktəblərdə isə kəskin azalıb.
Tarix
2019.09.23 / 16:06
|
Müəllif
Büllurə Yunus
|