"Azəriqaz" İstehsalat
Birliyinin Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməsinin
səbəbi bəlli olub.
Birliyin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Araz Ağayev
bildirib ki, aprel ayında Qaradağ qaz-istismar sahəsi tərəfindən
əraziyə baxış keçirilərkən məlum olub ki, Lökbatan qəsəbəsi,
"Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qapalı ərazidə tikinti
aparılıb.
A.Ağayevin sözlərinə görə, həmin ərazidə Lökbatan qəsəbəsinin
qaz təchizatını təmin edən 311 metrlik orta təzyiqli yeratlı
politilen borunun 350 metr hissəsi, eyni zamanda orta təzyiqli 325
millimetr diametri olan yerüstü metal borunun 60 metr hissəsi daş
hasarın içərisində qapalı şəraitdə qalıb.
"Bu isə həmin qaz kəmərlərinə texniki baxış zamanı profilaktik
xidmət göstərilməsinə maneçilik törətdiyi üçün müvafiq qaydada qaz
istismar sahəsi "Azəriqaz" İstehsalat Birliyinə müraciət edib.
Birlik də həmin müraciəti əsas götürərək bununla bağlı həm
Fövqəladə Hallar Nazirliyinə, həm də Bakı Şəhər İcra hakimiyyətinə
müvafiq məktublar göndərib. Araşdırma nəticəsində məlum olub ki,
həmin tikinti Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma
Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi
tərəfindən aparılıb.
Bununla bağlı BŞİH-ə müraciətdə xahiş olunub ki, həmin ərazidəki
qaz xəttinə profilaktik xidmət və texniki baxış göstərilməsində
çətinliklər yarandığı üçün tikinti dayandırılsın. Müraciətdə də
göstərilib ki, qaz kəməri daş hasarın içinə salınaraq torpaq qazma
işlərinə başlanılıb və işlərin görülməsinin dayandırılması xahiş
olunub. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə
müsbət cavab verilmədiyi üçün tikinti işləri davam etdiyindən
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət olunub"
( Modern.az).