Dünən Bakı Apelyasiya Məhkəməsinin hakimlər
kollegiyasının qərarı ilə azadlığa buraxılan Lamiyə Quliyeva
Şəmkirdəki doğma evlərində ilk müsahibəsini Teleqraf.com-a
verib.
- Lamiyə xanım, uzun həbsdən sonra evinizə dönüş anında
keçirdiyiniz hissləri qısaca, necə ifadə edərdiniz?
- Sevincimlə bərabər üzgünəm… Hamı dəyişib, heç kim xatırladığım
kimi qalmayıb. Babam, nənəm qocalıb… İlahi, onları mən
qocaltdım...
- Həbs illəri necə keçdi?
- Yox, heç xatırlamaq istəmirəm. Onu xatırlamaq yenidən həbsdə
olmaq kimi dəhşətlidir. Mən indi gələcək barədə, övladımın gələcəyi
barədə düşünməliyəm.
- Bəs həbsxanaya getdiyiniz anı necə
xatırlayırsız?
- O zaman mənim cəmi 15 yaşım vardı. Oraya qorxu və həyəcan dolu
hisslərlə getdim. Amma Tanrıma şükürlər olsun ki, bu qorxunun ömrü
çox olmadı. Bir neçə gündən sonra oradakıların da arasında normal,
hətta mehriban və qayğıkeş insanlar olduğunu gördüm.
- Onların sizə nə kimi köməyi dəyirdi?
- Onların yaşca ən kiçiyi mən idim. Bəziləri mənim şəxsimdə öz
övladlarını görürdü. Qayğıma qalanlar da var idi. Onların hər
birini ömrümün sonunadək ehtiramla xatırlayacağam. Mən göydə
Allahımın, yerdə yaxşı insanların sayəsində bu işgəncələrə dözdüm.
Yıxılmadım. Gənclik təravətimi, gözəlliyimi qoruyub saxlaya
bildim.
- İşgəncələr dediniz... Siz dustaqlığın, azadlıq
həsrətinin verdiyi mənəvi işgəncəni nəzərdə tutursunuz, yoxsa
fiziki işgəncələr də olurdu?
- Hər ikisini nəzərdə tuturam. Fiziki işgəncələr də olurdu.
Məsələn, cəza ərazisinə salınma… Buna dustaqların leksikonunda
"kars" və ya "karser" də deyirlər. Dəhşətli bir yerdir. Dörd divar,
yer beton və yalnız dəmir çarpayı. Yorğan-döşəksiz… Oraya
yorğan-döşəyi sonralar verməyə başladılar.
- Sizi oraya tez-tez salırdılar?
- Çox tez-tez. Mənim dustaqlığımın çox hissəsi orada keçib.
Həbsxana dəhşətlərinin mənim üçün maksimum həddə çatdırılması
barədə xüsusi tapşırıq var idi. Hər xırda hərəkətimdən bir
"cinayət" düzəldib məni gah 7, gah 10 günlüyə oraya salırdılar.
- Azadlığa kimin sayəsində buraxıldınız?
- İlk növbədə, Allahıma minnətdaram. Sonra isə Prezidentimiz
İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, Baş prokuror Zakir
Qaralova, onun müavini Namiq Əsgərova, mənim səsimi dünyaya ucaldan
jurnalistlərə və həm də körpəmə borcluyam. Azadlığa çıxmağımda
onların hər birinin və sadalamadığım bir çoxlarının böyük rolu
oldu.
- Demək, övladınızı da xilaskarınız
sayırsız?
- Bəli, o, lap nağıllardakı qəhrəmanlar kimi bu cuppulu əlləri
ilə mənim əlimdən tutub azadlığa çıxardı. Məni türmədən pulla da
xilas etməyə çalışan oldu, tapşırıqla da… heç biri alınmadı. Amma
bu körpənin nə pulu var, nə ad-sanı, nə adamı. Bir pampersindən
başqa heç nəyi olmayan uşaq məni ictimaiyyətin diqqət mərkəzinə
gətirə bildi və mənim balaca qəhrəmanım məni həbsdən azad
etdirdi.
- Bəs, bu qəhrəmanın atası haqqında nə
deyərdiniz?
- Onun barəsində lazımı yerlərdə sorğulara cavab vermişəm və
ictimaiyyətə bu barədə açıqlama verməyin hələ zamanı gəlməyib.
- Amma onun atası ilə əlaqə saxlayırsınız,
eləmi?
- Bəli.
- Yəqin ki, bu azadlıq sevincinin ardınca bir toy
sevinci də gözləyir sizi.
- Təbii. Amma bu barədə ətraflı danışmaq istəmirəm. Zamanı
gələndə, bunu hamı biləcək.
- Övladınızın adını nə qoymusuz?
- Oğlumun adını Uğur qoyacam. O, mənə uğur gətirdi, məni
azadlığa qovuşdurdu.
- Bəs necə oldu ki, türmədə uşaq dünyaya gətirmək
qərarına gəldiniz?
- Bunu özüm istədim… amma doğrusu, özümə qalsa, istərdim ki,
övladım türmədə yox, azdlıqda dünyaya göz açsın.
- Sizinlə bərabər eyni hadisəyə görə həbs edilən, keçmiş
nişanlınız Vüqar Əliyevlə münasibətləriniz indi nə
yerdədir?
- İndi Vüqar evlənib və övladı var. Mən ona da azadlıq
arzulayıram. Allah onun da qapısını açsın. Bunun üçün mən də
əlimdən gələni edəcəyəm.
- Gələcək həyatınızı necə
planlaşdırırsınız?
- Mən tezliklə Bakıya qayıdacağam və ailəmlə birlikdə orada
yaşayacağam. Qalanını zaman göstərər.