Yuxarı

Bir səfilin müəmması - Van Qoq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İncəsənət elə bir mübarizədir ki, ona görə hər şeyi qurban verməlisən"

Jan Fransua Mille. Fransız rəssamı

"Kədər əbədi olaraq davam edəcək"

Van Qoqun ölüm yatağında son sözləri

23 dekabr 1888-ci il. Fransanın cənubunda kiçik Arl şəhərində balaca bir evdə iki şəxs mübahisə edir. Van Qoq və Pol Hogen - xaraktercə bir-birlərinə tamamilə zidd olmalarına baxmayaraq, ayrılmaz dost olan iki rəsam bir fahişəni paylaşa bilmirlər. Mübahisənin qızğın yerində Van Qoq ülgücü əlinə alıb Hogenin üzərinə atılır. Kiçik qapışmadan sonra Hogen Van Qoqu üstələyir. Çarpışmadan sonra Hogen belə təhlükəli dostla eyni otaqda gecələməkdən çəkinərək otelə gedir. Dostu getdikdən sonra Van Qoq sağ qulağının aşağı hissəsini kəsib konvertə qoyur və Hogenlə paylaşa bilmədikləri Roşel adlı fransız fahişəyə yollayır…

Bu hadisədən il yarım sonra, 29 iyul 1890-cı ildə Vinsent Van Qoq axşam saatlarında yaşadığı pansiondan çıxır. Bir qədər kasıb məhəllələrdə dolaşır. Sonra cibindən tapançanı çıxarıb sinəsinə atəş açır. Güllə ürəyindən yan keçib qabırğasına saplanır. Sağ əli ilə yarasını sıxan rəssam evə dönüb yatağına uzanır. Bir saatdan sonra qan içində olan rəssamı pansion sahibi tapır və Van Qoq təcili xəstəxanaya qaldırılır…

Dahiliklə dəlilik arasında şəffaf pərdə

Çoxdan bəllidir ki, dünyaının qədərini dəyişdirən dahilərin bir çoxu psixi problemləri olan şəxslər olub. Məhz dəli dahilərin insanlığın (sivilizasiayaların) yeni mərhələlrini kəşf etmələri yeni bir şey deyil. İnkarolunmaz faktdır ki, bəşəriyyətin inkişafını onlarla "dəli" filosof, ədəbiyyatçı, rəsam, siyasətçi, fizik, riyaziyatçı və başqa yaradıcı insanlar təmin edib və onların yaradıclığı davamlı olaraq insanların psixikasına təsir göstərib, inkişafı yönləndirib.

Dahilərin dəli olması, ya da elə görüntü yaratmalarının əsas səbəbləri şəksiz ki, psixoloji olaraq zamanı qabaqlamaları ilə bağlıdır. Yəni özlərinin psixoz vəziyyətləri ilə daha çox azad olmağa cəhd göstərmələri ilə.

Səfil və sərgərdan tale

Vinsent Van Qoq - dünyaya gəlib gedən məşhurların və tanınmışların içində ən böyük müəmmalardan biri kimi tanınır. Onun bütün yaradıcılığı və yaşamı alçalmaqla, faciəylə müşayiət olunur. Ölənə qədər ancaq bir neçə adam Vinsentin nə qədər böyük və istedadlı olduğunun fərqinə varır. Dəhşətli böyüklüyünün fərqinə ancaq Vinsent özü varır, amma bunu kiməsə anlatmaq belə mümkün deyil. Çünki onu onsuz da səfil və sərgərdan olaraq bilirlər.

Yaşamı boyunca hər kəs üçün o, avaranın biridir. Onun dahi olduğunun fərqinə varanlar belə, onu səfil və dəli hesab edirlər. Van Qoq öldükdən sonra isə onun çəkdiyi hər bir parça bir sərvətə dönüşür...

Ömrü boyu qardaşının pulu ilə yaşayan və həmişə korluq çəkən avara və dəli Vinsent sən demə, dünyanın ən varlı adamı imiş. Onun sərvətinin bu gün qiymətləndirilməsi imkansızdır. Amma o hər gün bir tikə çörək üçün hər cür əclaflığı etməyə belə hazırdı…

Van Qoq dünyanın ən məhsuldar rəssamlarından biri olsa da, yaşamı boyunca ancaq bir şəkilini sata bilib. "Arlın qırmızı üzümlükləri" adlı şəkilin satışı Vinset üçün böyük hadisəyə çevrilir. Aldığı pulla Paris yaxınlığındakı psixiatrik xəstəxayana yerləşən Vinsent iki ay ərzində 80-dən artıq şəkil çəkir. Xəstəxananın baş həkimi, həvəskar rəsam doktor Qaşe onun sənətin yüksək qiymətləndirir və Van Qoqun heyranına çevrilir.

1890-cı ilin başlanğıcında Van Qoq həyatının ən böyük ümidlərini yaşayır. Fransız jurnalı "Merkür de Frans" Van Qoqu "görür" və tənqidçi Alber Oryenin onun haqqında yazdığı tənqiddə Van Qoqun rəssamlıq sənətinə yeni çalarlar gətirdiyini qeyd edir. Həyatda ikən bu onun haqqında yazılan ilk və son tənqidi məqalə olur.

Amma ölümündən sonra bütün dünya tənqidçiləri onun əsərlərini araşdırır və Van Qoqun sənət dühası içində çaşıb qalırlar. Ölümündən 10 il sonra o, dünyanın ən məşhur və dühası dərk olunmayan insanlarından birinə çevrilir.

Baş tutmayan biznesmen və rahib

Van Qoqun həyatı qəribə və mistik əlamətlərlə doludur. Onun doğuluşu belə, mistik əlamətdir. 1852-ci ildə martın 30-da Niderlandın Qrot-Zündert şəhərciyində protestant kilsəsinin pastorunun oğlu Teodor Van Qoqun ailəsində ilk uşaq ölü doğulur. Ölü doğulmuş uşağa babasının adını verib (Vinsent) dəfn edirlər. Düz bir il sonra, 1853-cü ildə martın 30-da Van Qoqların ailəsində ikinci uşağı dünyaya gəlir. Taleyin təsadüfündəmi, yoxsa mistik əlamətdənmi, yeni doğulan uşaq ölü doğulmuş Vinsentlə hətta eyni saatda dünyaya gəlir. Uşağın adını yenə Vinsent qoyurlar. Ona həm babasının, həm də dünyaya ölü gəlmiş böyük qardaşının xatirəsini yaşatmaq həvalə olunur...

Vinsentin atası pastor olmaqla yanaşı sənət əsərlərinin və kitabların satışı ilə məşğuldu. Ona görə də Vinsent uşaqlıq illərini rəsm əsərlərinin içində keçirir. Dörd il sonra Vinsentin bütün ömrü boyu bağlı olduğu və tək gəlir mənbəyi olan qardaşı Teodor dünyaya gəlir. Daha sonra ailədə bir oğlan və iki qız uşağı doğulur. Qəribədir, Vinsent Teodan başqa o biri qardaş və bacılarına bütün ömrü boyu soyuq olur. Zamanla Teodor Van Qoq onun üçün yaşam mənbəyinə çevrilir.

Uşaq vaxtı qəribə və ağlağan olan Vinsent etdiyi "yaramazlıqlara" görə tez-tez ata-anası tərəfindən döyülür. Valideynləri bu soyuq və qəribə uşaqdan ümumiyyətlə nə isə bir gələcək gözləmirlər və bunu da gizlətmirlər. Vinsent demək olar ki, başqa uşaqlarla oynamır və hər zaman fikirli və susqun olur. Təkcə qardaşı Teo onunla dil tapa bilir və Vinsent ömrünün axırına qədər kiçik qardaşından maddi və mənəvi cəhətdən asılı olur. Hətta qardaşı evləndiyi zaman Vinsent qısqanclıqdan özünə yer tapa bilmir və bəzi araşdırmaçılara görə dahi rəsam məhz qardaşını evlənməkdən vaz keçirmək məqsədi ilə öz qulağını kəsib fransız fahişəyə yollayır.

Öz uşaqlığını isə Van Qoq belə xatırlayır: "Mənim uşaqlığım kədərli, soyuq və boşdu…"

1864-cü ildə Vinsenti evdən 20 km kənarda yerləşən internata qoyurlar. Vinsent kollecdə fransız, ingilis və alman dillərini öyrənir, rəssamlıqdan dərs alır. 1868-ci ildə 15 yaşlı Vinsent gözlənilmədən kolleci atır və evə dönür. Validenləri onu təhsilini davam etdirməyə məcbur edə bilmirlər. Oxumaqdan Vinsentin zəhləsi gedir.

18 yaşına gəldiyində Van Qoq dayısının sənət əsərləri ticarəti ilə məşğul olan firmasında işə alınır. Burda ona sənət dəllalı ola bilməsi üçün lazımı bilgilər verilir və daha sonra o, Londonda dayısının firmasının filialında çalışır. Vinsent rəsm əsərlərini təhlil edir və onlara qiymət qoyur. Londonda çalışdığı zaman ərzində o rəsm əsərlərinin eksperti kimi tanınr və 20 yaşlı Vinsentin illik qazancı atasının qazancından iki dəfə artıq olur.

İlk uğursuz eşqi Van Qoqun həyatını dəyişir

Londonda Van Qoq ilk uğursuz eşqini yaşayır və bu eşq onun həyatında böyük dəyişikliyə yol açır. Qaldığı otelin sahibəsinin qızı Yevgeniyaya (bəzi mənbələrdə Ursula) vurulan Vinsent rədd cavabı aldıqdan sonra işinə-gücünə olan marağını itirir. Londonda Yevgeniya ilə Vinsentin arasında nə baş verdiyini tam olaraq heç kim bilməsə də, uğursuz eşqi Vinsentin işinə olan marağını tamamilə söndürür. Utancaq və çəkingən Visent dəlicəsinə sevdiyi qıza ürəyini açmağa cəsarət etmir. Onların arasında başlayan flirt Yevgeniya üçün nə qədər ötəri olsa da, Vinsent üçün o qədər böyük və vaz keçilməz olur ki, Yevgeniya onun üçün müqəddəs varlığa çevrilir.

1876-cı ildə 23 yaşlı Vinsent dayısının firmasından ayrılır və dinə maraq göstərməyə başlayır və o, rahib olmağa qərar verir. Yevgeniyaya olan məhəbbəti onu kasıblara kömək etməyə və missioner fəaliyyəti ilə məşğul olmağa həvəsləndirir. O, kasıb uşaqlara dərs vermək fikrinə düşür.

Milad bayramında Hollandiyaya, evə dönən Vinsent Londona geri döndüyündə artıq böyük eşqini Yevgeniyadan gizlətməməyə qərar verir. Xöşbəxtlik artıq bir addımdadır. O, Yevgeniyanın qarşısında durub və aylardır ürəyində hər saat təkrarladığı sözləri ona söyləyir. Cavabında Yevgeniya ona gülür və lağa qoyur. Yöndəmsiz əyalət gənci necə belə bir şeyi xəyal edə bilir. Birdə o nişanlıdır. Həm də çoxdan. Bunu Vinsent bilmirsə, günah özündədir. Vinsent israr etdikdə və nişanı pozmağı tələb etdikdə isə Yevgeniya daha bərkdən gülməyə başlayır.

Bu Vinsentə görə taleyin ironik gülüşü idi və bütün ruhu, varlığı darmadağın olan Vinsent təcili Londonu tərk edir. Bir daha o, heç bir zaman çox sevdiyi bu şəhərə ayayq basmayacaqdı.

Sonradan o uzun müddət Yevgeniyanın gülüşünü xatırlayacaq, hətta yuxularında belə həmin gülüşü görüb dəhşətlı qışqırıqla yuxudan ayılacaqdı. Hər dəfə bundan sonra o zülmətin içinə girəcək və ruhu iztirablardan ağlını itirmək həddinə çatacaqdı.

İsa Məsihi örnək götürən missioner

Amsterdamda əmisi admiral Yan Van Qoqun yanına yerləşən Vinsent burda dayısı Yohannesdən ilahiyyatı öyrənir və rəsmlər çəkir. Nəhayət ilahiyyatı öyrənmək də Vinsentin zəhləsini tökür və o, kasıb adamlara yardımçı olmaq üçün missoner olaraq Belçikanın kasıb şaxtaçı rayonuna yola düşür.

Belçikanın Borinaj vilayətinin kiçik Vam şəhərciyində şaxtaçılara "Allahın buyruqlarını" öyrədir və onlara yardımçı olmağa çalışır. Burda o, könüllü şəkildə özünü abid həyatı yaşamağa sövq edir. O, şaxtaçılarla birlikdə daxmada yaşayır, döşəmədə yatır, ancaq çörək və su ilə qidalanır və bədəninə işgəncələr verir.

Ancaq yerli hakimiyyətin üsyankar və fanatik rahibdən xoşu gəlmir. Onlara görə gənc rahib Vinsent başqa rahiblərə heç bənzəmir və qəsəbədə şaxtaçıları üsyana və asiliyə körükləyir. O, moizələrində ədalət və bərabərlikdən danışır, hər kəsi yaxını ilə paylaşmağa dəvət edir. O, hər kəsə İsa Məsih kimi yaşamağı məsləhət görür. "Özünüzlə artıq yük götürməyin, var-dövlətinizi paylaşın ki, yükünüz azalsın",- deyir gənc missioner.

Vinsentin moizələri kiçik Borinaj əyalətində səs-küyə səbəb olur. Hakimiyyət dairələri və şaxta sahibi onun fikirlərini inqilabi fikirlər kimi qəbul edirlər. Bu üzdən 6 aylıq missioner fəaliyyətindən sonra Van Qoq rahiblikdən alınır və o şaxtaçı qəsəbəsindən çıxarılır.

Axşam toranında Vinsent xudahafizləşmək üçün pastor Bontun qapısını döyür. Pastorun qarşısında müticəsinə boynunu bükən Vinsent: "Müqəddəs ata, heç kim məni başa düşmür. Mən əsil xristian kimi davranmaq istədiyimə görə məni dəli hesab edirlər. Bu bədbəxt insanlara yardımçı olmaq istədiyimə görə məni burdan murdar it kimi qovdular. Halbuki mən bir xristian kimi öz vəzifəmi yerinə yetirirəm. Bəlkə də siz haqlısınız. Bəlkə də mən doğurdan da heç kimə lazım olmayan sərgərdan biriyəm…"

Axşam saatlarında Vinsent Borinajı tərk etdiyi zaman uşarlar onun arxasınca "zırrama, dəli", deyə qışqırır, hətta onu daşa belə basırlar. Pastor Bont uşaqları qovduqdan sonra titrək səslə arvadına etiraf etmişdi: "Biz onu səfil kimi qəbul etdik, bəlkə də o, müqəddəsdir".

Özünü öyrədən cırtqoz

Bundan sonra Vinsent dindar olmaqdan tamamən vaz keçir və qərara alır ki, rəssam olsun. Tədricən onda dəyişikliklər baş verir. Oxumağı hələ uşaq vaxtından o qədər də sevməyən Vinsent rəsm sənətində özünü tamamilə tapır. Dayısının firmasında çalışdığı illərdə o incəsənət bilicisi kimi formalaşmışdı və buna görə də Vinsentin beyni gecə-gündüz rəsm sənətində yeni fəlsəfinin formalaşması üzərində analizlər aparır. Vinsent Tanrıya və insanlara olan sevgisini rəsmləri ilə ifadə etməyə çalışır. İncəsənətin fəlsəfəsini analiz edən Van Qoq qardaşına yazır: "Böyük ustadların şedevrlərində əsas hədəf və kilid sözləri oxumaq və başa düşmək lazımdır. Onların əsərlərində nə axtarmaqdan asılı olmayaraq, yalnız Allahı tapmaq olar".

Brüsseldə məşhur rəssam Anton Mauvye ilə tanış olur. Mauvye Van Qoqa dərs verməyə razı olur və Vinsent böyük ilhamla məşhur müəllimindən rənglərin sirrini öyrənir.

1880-ci ildə 27 yaşlı Vinsent Brrüsseldə rəssamlıq Akademiyasına daxil olur. Ancaq özünün dəyişkən və cırtqoz xarakterinə görə tez zamanda Akademiyadakı təhsilini atır. Buna baxmayaraq, rəssamlıqla davamlı olaraq məşğul olur və özü-özünü öyrətməyə çalışır. Vinsent 56 çox sevdiyi rəssamın (onların arasında Fransua Mille, Teodor Russo, Jül Breton və başqaları yer alır) əsərlərinin repreduksiyalarını öyrənir, onları təhlil edir və bütün marağını XIX əsr fransız və holland rəssamlarının məktəbini öyrənməyə yönəldir. XIX əsr fransız və holland realizm ustalarının əsərlərini öyrənən Van Qoq özünün ilk iki natürmortunu ("Kələmlə və taxta ayaqqabı ilə natrümot" və "Pivə parçı və meyvə ilə natürmot") yaradır.

İkinci uğursuz eşq və Vinsent Allahdan imtina edir

Vinsent üçün həyat tədricən öz axarına qayıdır. Ailəsi də artıq sakitləşir. Həmişə qapalı və üsyankar olan Vinsent sanki ailənin ağuşuna qayıdıb. Ancaq çox tezliklə onun valideynləri ilə münasibətləri ağır şəkildə korlanır. Səbəb isə Vinsentin öz kuzeni Keyə vurulması olur.

Keyin əri yeni ölüb və onun bir uşağı var. Vinsent dəlicəsinə kuzeninə vurulur. Bu isə ailədə böyük qalmaqala səbəb olur. Onun bütün israrlarına baxmayaraq Key Yevgeniya kimi Vinsentin sevgisini rədd edir. Buna baxmayaraq Vinsent ondan əl çəkmir və bütün nəsli özünə qarşı qaldırır. Sonuncu dəfə Keyin atasının evinə gedib israrla qadının atasından qızını istədikdən sonra Van Qoqların evində böyük qovğa baş verir. Öz üzərində nəzarəti tam itirən Vinsent bağıraraq qapını çırpır və ailəni tərk edir. Bir müddətdən sonra məlum olur ki, o, Haaqaya qaçıb. Bundan sonra o yalnız qardaşı Teodorla əlaqə saxlayacaq və həmişə onun yardımları ilə yaşayacaq…

Özünü bir fahişənin qucağında kəşf edən Van Qoq

Ata evini birdəfəlik tərk edən Vinsent sözün həqiqi mənasında ağlını itirmiş vəziyyətdədir. İsa Məsih çarmıxa çəkildikdən sonra insanlara olan bütün inam və etibarını qeyb edib: "İli, İli, lama safaxfani" qışqırdığı kimi, o da Keydən əlini tam olaraq üzdükdən sonra "Doğurdanmı yer üzündə Allah yoxdur",- deyə bağırır.

1882-ci ilin yanvarında Haaqaya gələn Vinsent Anton Mauvyenin evinə gedir. Burda onu xoş üzlə qarşılayır və dərdini unutdurmağa çalışırlar. Mauvye ona rəsm dərsləri keçməkdə davam edir. O, Vinsentin istedadını hiss edir, ona istər yağlı boya ilə, istərsə də, kömürlə rəsm çəkməyi öyrədir.

Ancaq Mauvye özünün "dahi"liyindən başqa heç kimi qəbul etmir və Vinsentin dühasını demək olar ki, heç sezmir. Bu isə Vinsenti özündən çıxarır. Zaman keçdikcə o, Mauvye ilə mübahisə etməyə başlayır.

Bir dəfə Mauvye ona Apollonun gips heykəlini gətirir və heykəli naturadan çəkməyi tələb edir. Vinsent etiraz edir. O, daha çox Borinajda gördüyü şaxtaçıların dəhşətli və çirkli sifətlərini çəkmək istəyir. Apollonun özündən razı gözəlliyi Van Qoqu özündən çıxarır. İsterik bir şəkildə gips heykəli götürüb divara çırpır. Apollon çilik-çilik olur.

Mauvye özünü təhqir olunmuş hesab edir və Vinsent fırçasını və molbertini götürüb (fırça və molberti ona Mauvye bağışlamışdı) onun evini tərk etməli olur.

O, yenə də tək-tənhadır. Və Haaqanın kasıb kvartallarında avaralıq edir. Günlərin birində Vinsent kafedə arıq və hündür boylu, xoş hesab olunacaq bədən quruluşuna sahib qadınla təsadüfən həmsöhbət olur. Qadının adı Kristina Hoornikdir. Amma ətrafda hamı onu Sin deyə çağırır.

Van Qoqdan yaşca böyük olan Kristina alkoqolikdir, 3 uşağı var. Çörəyini bədənini satmaqla çıxarır. Üstəlik kvartalda hamının Sin deyə çağırdığı yaşlı fahişə hamilədir.

Ətrafında olan hər şeyə, o cümlədən cəmiyyətin ənənələrinə davranış qaydalarına nifrətini və qeyzini gizlətmək istəməyən Vinsent yaşlı fahişə ilə birlikdə yaşamağa başlayır və hətta onunla evlənmək belə istəyir. Dilənçi şəraitində yaşamasına və Kristinanın qazancı ilə dolanmalarına baxmayaraq, bir neçə şəkil çəkir və Haaqa rəssamlıq məktəbinin ənənələrini öyrənir. İlk yaradıcılıq əllərində o, adətən peyzajlar çəkir və tədricən rəssamlıqda özünün təmayüllərini formalaşdırır. Vinsent üçün yaradıcılıq heç də həqiqilik və ideal gözəllik yaratmaq deyil, o öz fırçası ilə əsil hissləri ifadə eləməyə çalışır.

Kristina və uşaqları mütiliklə ona modellik edirlər. Vinsent Sinə yeni həyat gətirir. Yorğun və 4-cü dəfə hamilə olan Kristinanı yaşam instinkti demək olar ki, hər gün ölür, Vinsent ona yeni ümid və yaşam səbəbi gətirir və bunun əvəzində Kristina rəssamın istədiyi yerdə soyunaraq ona pozlar verir.

Ancaq Vinsent Yevgeniya və Keydən sonra heç kimi sevməyə qadir deyil. Elə buna görə də onun Sin deyə çağırdığı Kristinasına sadəcə yazığı gəlir və ona olan rəhmini heç vaxt əsirgəmir. Amma bunun müqabilində o, Kristinanı özünün modeli edir: "Heç olmasa Sin nəyəsə yarayır", deyə bir dəfə sərxoş vəziyyətdə deyir. Əslində isə məhz Kristnanın sayəsində Vinsent yenidən yaşamaq və yaratmaq gücünü əldə edir, Kristinanın sayəsində hər gün bu gücünü artırır. O artıq Mauvye və onun ətrafı ilə dost olmağa çalışmır. Haaqa rəssamlarından qaçır və özünü xöşbəxt hesab edir. Qalın yun köynəkdə, dişləri arasında trubkasını sıxaraq Haaqanın xaraba məhəllələrində yorulmadan çalışır və böyük uğurlar əldə edir.

Haaqada yaşadığı illərdə Van Qoq bir sənətkar kimi özünü doğur. Buna baxmayaraq, çox vaxt yeməyə çörək tapa bilmir. Əsasən qardaşının hər ay yolladığı pulla yaşayan Vinsent hər gün çəkdiyi şəkilləri sataraq varlı adam olmaq xəyalı ilə yatağa girir. Amma onun üslubu və rəng çalarları publikanın diqqətini cəlb eləmir. Hamının gözündə onun çəkdikləri boş şeydir. O özünü boş yerə incidir. Vinsent özü avara olduğu kimi, onun çəkdiyi şəkillər də heç nəyə dəyməz.

Bir dəfə o, çox bəyəndiyi şəkillərdən birini "Qupil" firmasına satmağa aparır. Firmanın nümayəndəsi bir zamanlar bu firmanın ən aparıcı mütəxəssislərindən biri olan Van Qoqu qəbul edir və həm yazığı gəldiyi üçün, həm də firmanın sahibi Vinsentin qohumu olduğuna görə şəklin müqabilində ona 10 florin verir.

Artıq Van Qoq modellərlə işləmir. Həm pula qənaət etmək gərəkir, həm də yeni axtarışlar aparır. Bu axtarışların sonu hara aparacaq, Vinsent özü belə bilmir…

80-ci illərin ortalarında Van Qoq yaradıcılıq atəşi ilə yanır. O tam olaraq özünə inanmır, amma mübarizə aparmaqdan da yorulmur. 1883-cü ildə qardaşı Teoya yazır: "Qoca, ümid edirəm ki, yorulmadan çalışmaqla mən axır ki, normal şeylər yaratmağa nail olacam. Mən hələ də istədiyim səviyyədə deyiləm, ancaq öz ovumu əldən buraxmaram. İrəli, İrəli!"

Vinsent hər şeydən çox qardaşı ilə ayrılmaqdan qorxur. Teo həm onu başa düşən tək insan, həm də tək maliyyə qaynağıdır. O, var gücü qardaşını inandırmağa çalışır ki, bir gün doğurdan da məşhur rəssam olacaq.

Bir il sonra Vinsent Sindən zöhrəvi xəstəliyə tutulur və xəstəxanaya yerləşdirilir. Teo onun ziyarətinə gəlir. O, qardaşından qəti şəkildə Kristinadan ayrılmağı tələb edir. Vinset etiraz edir.

Teo getdikdən sonra o, Kristinadan fahişəliyi buraxmağı istəyir. Kristina artıq 6-cı uşağa hamilədir və bu uşaqların atalarının kim olduğunu Sin özü belə bilmir. Qəlbinin dərinliyndə Van Qoq hiss elir ki, artıq bu rəzalətin və çirkabın içində yaşaya bilməz. Ona görə də o, Haaqadan qaçmağa qərar verir.

Tənhalıq qorxusu və Hogen

1888-ci ildə Van Qoq Fransanın Arl şəhərciyinə köçür. O artıq öz manerası olan bir sənətkardır. Amma onu heç kim başa düşə bilmir. Amma Van Qoq özü bilir ki, artıq istədyi səviyyəyə çatıb.

Arla gəldikdən sonra dostu Pol Hogeni yanına dəvət edir. Hogenlə birlikdə yaşamaq və yaratmaq Van Qoq üçün yeni yaradıcılıq nəfəsi gətirməliydi. Çünki istedadlı rəsam olan Hogen onun yaradıcılığını anlayan və Van Qoqun təkrarolunmaz bir istedad olduğuna inanan tək-tük insanlardan biriydi. Hogen öncə Vinsentin dəvətini qəbul etməyə tələsmir. Kiçik əyalət şəhərində yaşamaq onu açmır. Amma Van Qoqun israrlarına qarşı Arla gəlir və dostlar birlikdə yaşayıb-yaratmağa başlayırlar.

İki dost bir müddət birlikdə yaradıcılıqla məşğul olur. Amma tezliklə əyalət həyatı Hogenin zəhləsini tökür. Hogen çıxıb getmək istəyir, amma yenidən tək qalmaq qorxusunu yenə bilməyən Vinsent bütün gücü ilə onu saxlamağa çalışır.

Buna baxmayaraq, Hogenin daha əvvəl Vinsentlə birlikdə olan fahişə Roşellə hərlənməsi Van Qoqun xoşuna gəlmir. Onların arasında mübahisə hər gün daha da böyüyür. Bir dəfə kafedə şam edirlər. Birdən Van Qoq əlindəki çaxır stəkanını dostuna tullayır. Hogen zamanıda əyilir və sətəkan qarşı divarda çiliklənir. Hogen sərxoş Vinsenti çiyninə alıb evə gətirib yatırır. Bu hadisədən sonra Hogen qəti olaraq qərar verir. Tez bir zamanda Arldan getmək gərəkir.

Dekabrın 23-də axşam saatlarında Hogen səhər qatarı ilə Arldan gedəcəyini bildirir. Vinsent onu xəyanətdə ittiham edir və Hogenin Roşellə əlaqəsini ona qarşı rəzalət, böyük xəyanət adlandırır. Dostlar özündən çıxır və tutaşırlar. Vinsent ülgücü qapıb Hogenin üstünə cumur. Lakin daha güclü Hogen Vinsenti yenir. Hogen getdikdən sonra Vinsent ülgüclə qulağını kəsib zərfə qoyur. Qulağına bir əski parçası bağlayıb Roşelin çalışdığı otelə gəlir və zərfin ona çatdırılmasını istəyir.

Konverti açan Roşel bayılır. Otelin sahibəsi polis çağırır və kəsik qulağı əşyayi-dəlil kimi ona təqdim edir. Polis Van Qoqun evinə gəldiyi zaman hər yeri qan içində görür. Çoxlu qan itirməsinə baxmayaraq, Van Qoq yatır. Yuxudan ayılan Van Qoq ilk olaraq Hogenin yanına çağırılmasını istəyir. Lakin artıq baş verənlərdən xəbərdar olan Hogen görüşməkdən imtina edir və Teoya teleqram yollayır. Dostlar bir daha görüşmürlər.

Vinsenti xəstəxanaya qaldırırlar və orda özunün məşhur avtoportretini yaradır. Hələ də Van Qoqun hansı şəraitdə öz qulağını kəsməsi mübahisə obyektidir. Lakin bu bir faktdır ki, onun qulağını kəsdikdən sonra xəstəxanada çəkdiyi avtoportret dünya rəsm sənətinin şedevrlərindən biridir. Xəstəxanada Vinsent o qədər oyun çıxarır ki, onu dəlilərin palatasına yerləşdirirlər.

Xəstəxanadan çıxdıqdan sonra Vinsent yenidən tək qalır. Tənhalıqdan qorxur, heç bir şey tək qalmaq qədər onun yaşamaq hisslərini öldürmür. Hogenin gedişindən sonra Van Qoq sözün həqiqi mənasında dəli olur.

Və Van Qoq hər gün ağlını itirir. Artıq hər kəs onun xəstə olduğunu bilir. Qardaşı Teo müalicə olunmaq üçün onu doktor Qaşenin yanına göndərir. Özü də rəsam olan doktor Qaşe Van Qoqun heyranına çevrilir. O, Vinsentdən müalicə üçün pul almır, üstəlik ona yaradıcılıq üçün hər cür şəraiti yaradır. İki ay müddətində psixiatrik pansionda yaşayan Van Qoq 80-dən artıq əsər yaradır və bu əsərlər hazırda dünya rəsm sənətinin şedevrlərindən hesab olunur. Panisionatda Van Qoq həmçinin ruhi sakitlik tapır.

Həyatının son iki ilini dəli vəziyyətdə, ruhi tarazlığını itirmiş şəraitdə durmadan işləyir və demək olar ki, yüzlərlə əsərinin böyük əksəriyyətini məhz son iki ildə yaradır. O fırçanı artıq əlinə aldığı zaman nə çəkəcəyini və hansı hissləri ifadə edəcəyini dəqiq bilir. Rənglər və həyatın fəlsəfəsi artıq onun üçün kəşf edilib. Əslində rəsm çəkmək çox asandır, sadəcə, özünü kəşf etməyi yetərlidr. Tanrı ona açılıb və o, asanlıqla ruhları seyr edə bilir.

Ona görə əvvələr bir əsərini bir neçə aya çəkən Van Qoq artıq gündə bir neçə şedevr yaradır. O, artıq impressionizmi rədd edir. Öldükdən sonra isə, onun yaradıcılığını postimpressionizm adlandıracaqlar. Hər gün onun otağında bitmiş şəkillərin sayı artır və o demək olar ki, addım atmağa yer tapmır. Şəkillərinin çoxunu isə bir qayda olaraq qardaşı Teoya hədiyyə edir. Ən böyük problemi isə rəng almaq üçün pul tapmaq olur…

"Doğurdanmı mənim intiharım baş tutmadı"

Ömrünün son aylarını Overdə yaşayır. Overdə yaşadığı son iki ay ərzində 70-dən artıq rəsm çəkir. Özünü güllələməmişdən iki gün əvvəl anasına yazdığı məktubda çox sakit olduğunu və rahatlıq tapdığını bildirir.

1890-cı il dekabrın 27-də bazar günü axşam saatlarında yaşadığı pansiondan çıxıb uzun müddət Overin kasıb məhəllələrində gəzir. Onunla rastlaşanlar sonradan bildirirlər ki, Van Qoq əlini cibində sıxaraq tez-tez təkrar edirmiş: "Bu, mümkün deyil, mümkün deyil".

Van Qoq cibində qardaşı Teodor Van Qoqa yazdığı məktubu sıxmışdı. Sonuncu məktubunda qardaşını bütün yaratdığı rəsm əsərlərinin həmmüəlifi olduğunu bildirmişdi. Vinsent onun yaratdıqları ilə Teonun da həmişə yaşayacağını yazırdı…

Gecə yarını ötdüyü zaman Vinsent Over qəsrinin divaları qarşısında dayanır. Cibindən tapançanı çıxarıb sinəsinə sıxır və tətiyi basır… Atəş səsinə qəsrdəki qarğalar uçuşur. Amma heç bir şey… Vinsent ölmür… Güllə onun ürəyindən yan keçib qabırğasına saplanır.

Vinsent geri, pansionata dönür. Əlini yarasının üstünə sıxıb otağına qalxır və yatağına uzanır. Bir saatdan sonra pansionun sahibi pilləkəndə qan izləri sezib, Vinsenti qan içində tapır.

Onu xəstəxanaya qaldırırlar. Qardaşı Teo və doktor Qaşe təcili Overə gəlirlər. Həkimlər onun çoxlu qan itirdiyindən həyatının təhlükədə olduğunu bildirir. Vinsent özünə gəlir və trubkasını istəyir…

O daha iki gün yaşayır və trubka çəkə-çəkə qardaşı ilə söhbət edir. Polislərə intihar səbəbini "Bu mənim işimdir", deyə açıqlayır. Polislər getdikdən sonra qardaşına, "Doğurdanmı mənim intiharım baş tutmadı", deyir. Teo onu sakitləşdirməyə çalışır, həkimlər sözsüz ki, onu xilas edəcəklər. Cavabında Van Qoq: "İşgəncə onsuz da bitməyəcək", deyir.

29 dekabr 1890-cı ildə gecə saat 2-də Vinsent Van Qoq ölür. Öldüyü zaman 37 yaşı vardı və yüzlərlə şedevr yaratmışdı.

Yerli kilsə intihar edən birinin Over şəhər qəbiristanlığında basdırılmasına icazə vermir və ona görə də yaxınlıqdakı kənd qəbirstanlığına aparıb orda dəfn edirlər. Van Qoqun dəfnində qardaşı Teo, doktor Qaşe və daha bir neçə nəfər iştirak edir. Ətrafda olan heç kim dəfn olunan şəxsin Van Qoq oldunğunun fərqinə belə varmır…

Van Qoqun mistik taleyi qardaşını da təqib edir

Vinsentin ölümündən sonra Teo ruhi sarsıntı keçirir. Əsəb pozğunluğu keçirən Teodor öncə müdiri ilə əlləşib işindən ayrılır. Sonra dəlilik həddində arvadını və uşağını öldürməyə cəhd edir. Onu dəlixanaya salırlar. Bir müddətdən sonra arvadı onu xəstəxanadan çıxarıb Hollandiyaya aparır. Lakin tezliklə yenidən xəstəxanaya yerləşdirməli olurlar. Vinsentin ölümündən 6 ay sonra Teodor Van Qoq ifliçdən vəfat edir.

23 il sonra, 1914-cü ildə Teonun nəşini Hollandiyadan Overin Sür Uaz kəndinə gətirirlər. Vinsent Van Qoqun da nəşini dəfn olunduğu qəbirdən çıxarırlar. Həyatları boyunca mistik bir qüvvə ilə bir-birlərinə bağlı olan qardaşları elə həmin məzarlıqda yanaşı qəbirlərdə yenidən dəfn edirlər…

Tarix
2013.10.22 / 09:39
Müəllif
Azər Qaramanlı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla