Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
4 Avqust 2020


Politoloqdan həyəcan: Virus ölkəmizə belə yayılır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyası yayılan ilk günlərdən indiyədək dediklərimiz, yazdıqlarımız nəticəsizdir. “Yas mərasimləri təxirə salınmalıdır” deyirik, məhəl qoyan yoxdur.

Axar.az xəbər verir ki, bunu Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, ölkədə davam edən pandemiyaya və təhlükəli duruma baxmayaraq, insanlar hələ də karantin qaydalarını pozurlar:

“Xüsusən bölgələrimizdə köhnə vaxtlarda olduğu kimi, böyük yas çadırları qurulur, camaat bu mərasimlərə toplanır. Başqa bölgələri bilmirəm, amma mənim doğulduğum, qohumlarımın yaşadığı Tərtər, Bərdə, Goranboy rayonlarında durum belədir. Həm özlərini təhlükəyə atırlar, həm yaxın qohumunu itirən insanları çətin vəziyyətə salırlar.

Hazırda mən o vəziyyətdəyəm, nə edəcəyimi bilmirəm. Yaxın qohumum dünyasını dəyişib. El-oba, qohum-əqrəba yas mərasiminə toplaşıb, mən “gedim-getməyim” dilemmasındayam. Evimdə azyaşlı uşaqlar var, necə iştirak edim, 300-400 qadının iştirakı ilə qapalı otaqlarda keçirilən təziyyə məclisində oturandan sonra uşaqlarımın yanına necə qayıdım? Amma bu məclislərin keçirilməsinin qarşısı müvafiq icra hakimiyyətləri tərəfindən alınsa, vətəndaş olaraq biz də bu çətin vəziyyətə düşmərik axı. Bir telefon zəngiylə reallığı izah edib başsağlığı verə bilərik”.

Politoloq vurğulayıb ki, toy-yas mərasimləri qadağan olunub, lakin aidiyyəti qurumlar bu durumla bağlı tədbir görmür:

“Yerli icra hakimiyyətləri, müvafiq hüquq-mühafizə orqanları hara baxır, niyə ölçü götürülmür, yas mərasimlərinin keçirilməsinin qarşısı niyə alınmır? Gözlərinin önündə baş verənləri niyə görmürlər? Bölgələrdə yas mərasimləri necə ağır keçir, bilənlər bilir. Burada nə sosial məsafə gözləmək mümkündür, nə maska taxmaq. 300-500 qadının yarım gün eyni otaqda səsli ağlaması mənzərəsini göz önünə gətirin, burada infeksiyanın yayılmaması mümkün deyil. Və sonra o qadınların hərəsi bir evə gedir. Bu, potensial olaraq bütün ailə üzvlərinin yoluxması deməkdir. Bax, buna görə ölkədə yoluxma sayı azalmaq əvəzinə artır”.

A.Camalqızı bu günlərdə Şəmkirdə mərasim keçirilməsinə görə kənd icra nümayəndəsinin işdən çıxarılması məsələsini xatırladıb:

“Amma məncə, icra nümayəndəsi yox, həmin rayonun icra başçısı hansısa formada cəzalandırılmalıdır. Əgər bir kənddə, qəsəbədə dövlət səviyyəsində qəbul edilmiş qaydalara əməl olunmursa, buna məsuliyyəti birbaşa o bölgənin icra başçısı daşıyır. Eləcə də Tərtər, Goranboy və Bərdədə hələ kəndləri demirəm, rayon mərkəzində keçirilən yas mərasimlərindən icra hakimiyyətlərinin, hüquq mühafizə orqanlarının həqiqətən xəbərləri yoxdur, yoxsa veclərinə deyil, karantin rejiminə məhəl qoymurlar?

Sərin kabinetlərdə əyləşib yalnız öz sağlamlığını qorumaq üçün təyin olunmayıblar o icra başçıları. Bərdənin icra başçısı onlayn toplantıda maska taxır, gözünün qabağında 800-1000 nəfərin iştirak etdiyi yas mərasimindən “xəbərsiz”dir. Bu cür ala biləcəyikmi yoluxmaların qarşısını? Kim nə deyir-desin, karantin qaydaları sərtləşdirilməlidir. Cərimə məbləğləri artırılmalıdır.

190 manat yardımı alıb rayona qaçan, bulaq başında quzu kababı çəkib şəkil paylaşan vətəndaşın məsuliyyətsizliyi ilə, rəhbərlik etdiyi rayonda sünnət-nişan-yas məclislərinin keçirilməsinə göz yuman məmurun məsuliyyətsizliyidir bizi normal həyatımıza, işimizə-gücümüzə davam etməyə qoymayan. Belə məsuliyyətsizlik edənlər sərt şəkildə cəzalandırılmalıdır ki, hamıya görk olsun”.

Politoloq Prezident İlham Əliyevin də karantin rejiminə əməl etməsinə diqqət çəkərək bunları deyib:

“Bu günlərdə dövlətin yanında olmayan, həyati əhəmiyyətli karantin qaydalarına əməl etməyən hər kəs cinayət törədir - məsələyə yanaşmamız bu cür olmalıdır. Qısası, indi məsuliyyətsizlik - cinayətdir. Əgər Prezident dövlət əhəmiyyətli kütləvi tədbirləri təxirə salırsa, özü maska taxırsa, digərlərinin məsuliyyətsizlik etməyə nə haqqı var? Avropa ölkələrinin əksərində dövlət vətəndaşlarının məsuliyyətli davranışı ilə qalib gəldi koronavirusa. Çində isə ən sərt cəzalarla. Hündürmərtəbəli binaların bloklarının qapıları qaynaq edildi, əhali özünütəcridə məcbur edildi. Nəticə qənaətbəxşdir, yoluxma sayı yox dərəcəsindədir. Bizdə də vətəndaş məsuliyyətini təmin edə bilmiriksə, sərt karantin rejimi tətbiq olunmalı, insanları zorla evə qapatmalıyıq. 1 ay əziyyət çəkəcəyik. Təbiidir. Müharibədə komfort həyat olmur ki! Amma 1 ay sonra bu kabus bitə bilər.

Məncə, 190 manat yardım əvəzinə, hər evə 100 manatlıq ərzaq paylayıb, qapıları bağlamaq lazımdır. Kim buna necə baxır-baxsın, nə müxalifətçilik zamanıdır, nə də dikbaşlıq. Koronavirusa qalib gəlməyin, yoluxmanın qarşısını almağın yolu budur. Bu infeksiyadan dünyasını dəyişən gənclərin səs yazılarına qulaq asın. Diqqətlə qulaq asın. Sarsılmaq üçün yox, anlamaq üçün. Bəlkə də o gənclər hansımızınsa məsuliyyətsiz davranışının qurbanıdır!? Bəlkə, qatil özümüzük?”

Tarix
2020.07.03 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Salyanda baş həkim qəzaya düşdü

İtaliyanın tibb mütəxəssisləri Azərbaycandadır

Reanimasiyada olan korona xəstələrinin sayı açıqlandı

Çimərlikdən istifadə ilə bağlı - Videoçarx

Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı

Müəllim olmaq istəyənlərin nəzərinə!

Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatdı

Operativ Qərargah brifinq keçirdi – Video

Virusun mutasiyaya uğradığını deyə bilmərik - Qarayeva

Sentyabrda dərslər başlayacaq? - Rəsmi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla