İyunun 9-da I Avropa Oyunları ilə əlaqədar son təlim və
sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar
üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.
Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar
və 20 gün fərdi avtomobillərdən istifadə etməməyi təklif edir.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis
İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə
bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, iyunun 9-da Bakıda I Avropa Oyunları ilə
əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi nəzərdə
tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi zərurətini yaradır:
"Bununla əlaqədar iyunun 9-da səhər saatlarından etibarən
məşqlər tam başa çatanadək yollarda görülən təhlükəsizlik
tədbirləri ilə əlaqədar paytaxtın Mikayıl Müşfiq küçəsinin
Parlament prospekti ilə kəsişməsindən başlayaraq, Parlament
prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət,
Niyazi küçələri, "Azneft" dairəsi, Neftçilər prospekti, "Azadlıq"
meydanı, Yusif Səfərov küçəsi, "10-cu zavod" dairəsi, Heydər Əliyev
prospekti, Heydər Əliyev Mərkəzi, metronun "Koroğlu" stansiyası,
Milli Olimpiya Stadionu, Aeroport şossesi, Mərdəkan dairəsi və
Zuğulba qəsəbəsinə doğru, eləcə də əks istiqamətdə geriyə, eləcə də
"Cavanşir" körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti,
Zərifə Əliyeva, Rəsul Rza küçələri, həmçinin Avropa Oyunları zamanı
idman yarışlarının keçiriləcəyi bütün arenalar və onlara bitişik
küçə prospektlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti
dəyişdirilir.
Bu məqsədlə sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən, yəni
"Meyvəli" bazarının yanından Baş Dövlət Yol Polisi İdarəsinin
(BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat,
Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət
etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də
BDYPİ-nin yanından keçərək Digah yolundan istifadə etsinlər. Eyni
zamanda, Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsi, Yusuf
Səfərov - 28 may küçələrinin kəsişməsindən hərəkət istiqamətləri
dəyişdirilir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər
istiqamətində gələnlər isə Suraxanı ərazisindən keçərək Bakıxanov,
Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət
etmələri tövsiyə edilir. Paytaxtın Xətai rayonunda Nəcəfqulu
Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq
olacaq".
Bölmə rəisi sürücü və avtomobil sahiblərindən 20 gün şəxsi
avtombillərdən istifadədən imtina etməyə dəvət edib:"Mövcud
vəziyyəti və şəraiti nəzərə alaraq, bir daha sürücülərə şəxsi
avtomobillərdən istifadə etməmələrini, ictimai nəqliyyatdan
istifadəyə üstünlük vermələri tövsiyə olunur. Bakı şəhər Dövlət Yol
Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir
avtomobil sahibini, sürücünü I Avropa oyunları ilə əlaqədar
"Avtomobilsiz 20 gün" devizi altında həyata keçirilən kampaniyaya
qoşulmağa çağırır".