23:24. 29/12/2013
Dünən Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə
nəticələnən dəhşətli yol qəzasına səbəbkar olan yol polisinə görə
qızıldaşlılar kütləvi şəkildə tələb irəli sürüblər.
"Axar.az"a Qaradağ rayonunun Qızıldaş
qəsəbəsindən daxil olan məlumata görə, sakinlər Qaradağ rayon İcra
Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəliyinin qarşısına
toplaşaraq, günahkarın cəzalandırılmasını tələb edirlər. Sakinlər
bildirir ki, qəzanın baş verməsinə səbəb yol patrul xidməti
əməkdaşının 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlunun
sürücüsü olduğu 90 KU 103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı
maşını qovmasıdır. Yol polisinin avtomaşını qovması nəticəsində
qəza baş verib və dəhşətli faciə yaşanıb.
Bu barədə artıq sosial şəbəkələrdə də məlumatlar yer alıb. Gənc
fəal, Qızıldaş qəsəbə sakini Samir Əsədli öz profilində bu etiraz
haqqında yazıb və şəkillər paylaşıb.
Məlumata görə, hazırda Bakı-Şamaxı yolunun 22-ci km-də,
Müşfiqabad qəsəbəsi ərazisində yerləşən YPX postunu da 300-dək
Qızıldaş sakini bağlayıb, maşınların hərəkətinə imkan vermirlər.
Tələbləri isə həmin yol polisi əməkdaşının məsuliyyətə cəlb
edilməsidir.
Xatırladaq ki, 28 dekabr 2013-cü il tarixdə Bakı-Şamaxı yolunun
55-ci km-də dəhşətli qəza baş verib, iki avtomobil toqquşub.
Nəticədə 90 KU 103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik
maşının sürücüsü, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 1990-cı il
təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızıldaş
qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman
Əmrah oğlu dünyasını dəyişib.
Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev
İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə
nişanlı "VAZ 2107" markalı avtomobildə olan 4 nəfər – sürücü özü,
Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü
Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu
Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü
Mədətov Valeh Şirin oğlu da ölüb.
Bu gün isə yaralılardan daha birinin öldüyü və beləliklə,
qəzanın 8 nəfərin ölümünə səbəb olduğu açıqlandı.
Əlavə məlumat veriləcək.
(Foto Qızıldaş qəsəbəsindəki etirazdandır)
***
00:48. 30/12.2013
Gənc fəal Samir Əsədlinin verdiyi məlumata görə, hadisə yerinə
Abşeron rayon Polis İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin
Müşfiqabad YPX postunun rəisi və digər zabitlər gəlib, sakinlərlə
danışıq aparıblar. Yüksək rütbəli zabitlər hadisənin ciddi şəkildə
araşdırıldığını, baş verənlərlə bağlı sabah Qızıldaş qəsəbəsində
onlarla görüşəcəklərini və ətraflı məlumat verəcəklərini
bildiriblər.
Bu münasibətdən razı qaldıqlarını bildirən Qızıldaş qəsəbə
sakinləri etiraz aksiyasını dayandırıblar. Hazırda maşınların
hərəkəti bərpa olunub.