(Mehmanxana macəraları)
"Milis hekayələri" silsiləsindən
Dostum Tofiq Mamedovla bizdəyik, acı kofedən içib şirin
söhbət edirik. Keçən dəfə şərtləşdiyimiz kimi, Mamedov kurort
şəhərlərində, istirahət yerlərində oğruların, dələduzların qonaqlar
üçün hazırladıqları "sürprizlər"dən danışır.
Yəqin oxumusuz, həm maraqlı hekayələr alınır, həm də
oxucularımız oxuyub məlumatlanır, məlumatlanıb ehtiyatlanır. Dostum
artıq oğruların yayda istirahətə gedənlərin evinə "əl gəzdirməsi",
dələduzların qonaqları kurort şəhərlərində aeroportlarda
"qarşılaması", şəhərə kimi taksidə cibini boşaltması, şəhərin
küçələrində aldatmağa çalışması haqqında fikirlərini bizimlə
bölüşüb. İndi də deyir, tutaq ki, qonaq(lar) təcrübəlidir,
aeroportda, taksidə, yolda ilişmir, ya da otelə öz maşını ilə
gəlir. Amma burada da onu dələduzlar gözləyir. Burada onlar, bir
qayda olaraq, 3 nəfərdir, biri yenə cavan, o biri yaşlıdır, üçüncü
isə gözəl qadındır…
Mamedov deyir ki, Rusiyada bazarlar, vağzallar oğrusuz olmadığı
kimi, kurort şəhərləri, sanatoriyalar da dələduzsuz olmur. Qonaqlar
bunu əvvəlcədən bilməli, əmlaklarının, pullarının
özgəninkiləşdirilməsinə imkan verməməlidirlər…
Dostum burada bir pauza verir, bayaqdan yandırdığı siqaretin acı
tüstüsünü ləzzətlə ciyərlərinə çəkir. Deyir, Molla Nəsrədinin bir
lətifəsi var, içdiyimiz qara kofe kimi indi onun yeridir. Deməli,
bir gün oğru Mollanın qaragül papağını başından çalır, ayaqlarına
güc verir. Molla qoca, oğru cavan, odur ki, kişi onu təqib etmir,
sakitcə qəbirstanlığa gedir, qapıda oturub gözləyir. Yoldan keçən
tanışlar soruşur ki, kişi, burada neynirsən, "Yasin" oxumağa
gəlmisən?! Molla deyir yox, papağımı aparıblar, oğrunu gözləyirəm.
Sonra isə izahat verir ki, uzağa getməyəcək, hara getsə, son
mənzili buradır, gələcək. Kurort şəhərinə gələn qonağın son
dayanacağı da mehmanxanalar, sanatoriyalardır. Odur ki,
oğru-dələduzlar da işini bilir, qonaqları burada gözləyir.
Təbii ki, otelə bahalı maşınla gələnlər hədəfdədir, dələduzlar
birinci onlara hücum edir. Maşını otelin qabağında saxlayan kimi,
əyni ağ köynək, qara kostyumlu, boynu qara qalstuklu, döşü nişanlı
cavan oğlan qonağa yaxınlaşır, onu ədəblə salamlayır, "xoş
gəlmisiz" deyir, özünü otelin bayır xidmətinin – maşın
dayanacağının əməkdaşı kimi təqdim edir. Əməkdaşın vid-fasonu,
səliqə-səhmanı, ədəblə danışması qonağın xoşuna gəlir. Əməkdaş da
fürsəti əldən vermir, cəld qonağın çemodanlarını maşından
çıxarmaqda kömək edir, daha doğrusu, özü yük yerindən götürüb
səliqə ilə səkinin üstünə düzür. Bu zaman əyni ağ köynək, qara
kostyumlu, boynu qara qalstuklu, döşü nişanlı, ağ saçlı "solidni
kişi" qonağa yaxınlaşır, onu ədəblə salamlayır, özünü otelin daxili
xidmətinin əməkdaşı kimi təqdim edir. Qonaq bu hörmət-izzətdən,
"qarşılanma" mərasimindən lap çaşır, qarnını dala verib sinəsini
qabardır. Əlini bahalı kostyumunun yan cibinə atıb maşının indicə
qoyduğu açarlarını çıxarır, onu səbirlə gözləyən cavan oğlana
verir. Oğlan öz növbəsində ona üstü möhürlü, nömrəli çek verir,
işinin ustası kimi cəld qapını açıb sükanın arxasına keçir, maşını
qarşıda görünən dayanacağa doğru verir. Qonaq lap arxayınlaşır,
ağız dolusu bir nəfəs alır, çeki cibinə qoyub onu gözləyən yaşlı
əməkdaşa nəzər salır. Əməkdaş ədəblə qonağın adını, soyadını,
mobilini soruşur, səliqə ilə əlində hazır saxladığı blaknota qeyd
edir. Sonra "icazənizlə" deyib onun çemodanlarını götürür və otelin
qapısına qədər ötürür. Qapının ağzında "solidni kişi" qonağa "Siz
içəri keçin, sənədlərinizi rəsmiləşdirin, çemodanlarınız sizdən
qabaq adınıza uyğun nömrəyə çatdırılacaq",- deyib gedir. Qonaq bir
qayda olaraq, hətta onu gözlərilə də müşayiət etmir. Otelin,
yaxınlaşan kimi açılan, adamı çağıran qapılarından içəri keçir.
Qonaq öz maşını ilə gəlmirsə, otelin qabağında sarı taksidən
düşürsə, yenə də həmin "qarşılanma" mərasimi baş verir, amma
ssenari bir az dəyişir. Cavan oğlan yenə özünü təqdim edir, qonağın
çemodanlarını taksidən çıxarmaqda kömək edir. Sonra taksi
sürücüsünə müraciət edir, əgər qonağı gözləyəcəksə, avtomobili
dayanacağa verməyi təklif edir. Bu təklif qonağı çaşdırmaq üçündür,
amma taksi sürücüsü də çaşır, maşını sürüb uzaqlaşır. Bu zaman
yaşlı, "solidni kişi" yaxınlaşır, yuxarıdakı qaydada çemodanları
götürür, qonağı qapıya kimi ötürür. İçəridə isə hər iki halda
hadisələr eyni cərəyan edir. Qonaqlar birinci mərtəbədə rəsmi
qeydiyyatdan keçir, onlara nömrə verilir və liftlə yuxarı
göndərilir. Burada qonaqlar şkafları ələk-vələk edir, çemodanlarını
tapmayanda xeyli təəccüblənir. Bir az gözləyir, səbir tədbirin
"anası"dır deyir. Amma qonaq əynini dəyişməlidir, bir az uzanıb
istirahət etməlidir. Odur ki, səbirsiz, yəni "yetim" tədbirə keçir,
aşağı, administrasiyaya zəng edib narazılığını bildirir,
çamadanlarının hələ gəlmədiyini deyir. Amma otelin əsas qapısından
kənarda çemodan xidməti göstərilmədiyini eşidir və əllərini başına
qoyub, əgər lüks nömrədirsə, divanın adidirsə, çarpayının üstünə
çökür…
Bir neçə dəqiqədən sonra qonaq özünü ələ alıb liftə doğru
yüyürür, məşğuldursa, pilləkənlə aşağı düşür. Administrasiya onu
diqqətlə dinləyir, təbii ki, polisə zəng edir. Bu, ikinci halda baş
verir, birinci halda isə maşın dayanacağı əməkdaşının verdiyi çekə
baxır və heyrətlə başlarını bulayırlar, "bizim dayanacaq xidməti
maşınları yerləşdirmir, yerləşmiş maşınlara çek verir", - deyirlər.
Hələ heç nə başa düşməyən, yaxud da başa düşmək istəməyən qonağa
isə rəsmən bildirilər: "Bu çeklər saxtadır, möhür və nömrənin həmin
dələduzlar kimi, bizim otelə heç bir aidiyyəti yoxdur"…
- Yəni dələduzların əlindən qurtaran, sağ-salamat gəlib çatan
qonaqlar olmur?
Mən söhbətə müdaxilə edirəm, dostumun hekayəsini zənginləşdirmək
istəyirəm. Deyəsən, alınır…
- Təbii ki, olur. Maşınını, çemodanlarını tanımadıqları adamlara
etibar etməyən ehtiyatlı adamlar olur və onlar sağ-salamat gəlib
otel otağına çatırlar. Çatan kimi əyinlərini dəyişmək, istirahət
etmək, duş qəbul etmək istəyirlər. Bu zaman telefon zəng çalır,
qonaq telefonu qaldırır. Zınqırov kimi cingildəyən incə bir qadın
səsi salam verir, deyir ki, administrasiyadandır: "Sizin mərtəbənin
açar-kartlarında problem var, indicə bizim əməkdaş gələcək və əncam
çəkəcək. Lütfən açar-kartı ona verin, sizin yanınızdaca yoxlayacaq
və sizə qaytaracaq". İncə qadın səsi xudahafizləşir, qonaq duşu
təxirə salıb ustanı qəbul etməyə hazırlaşır.
Mamedov mənim təəccüblə baxdığımı görüb izahat verir:
- Bayaq dedim ki, oteldə dələduzlar, bir qayda olaraq, 3
nəfərdir, biri yenə cavan, o biri yaşlıdır, üçüncü isə gözəl
qadındır. Həmin qadın birinci mərtəbədə, foyedə oturub kimisə
gözləyir, əslində isə əli dolu, 3-4 çemodanla gələnləri gözləyir.
Onların yerləşdirilməsi, nömrə verilməsi prosesini də diqqətlə
izləyir. Qonaq yuxarı qalxandan 15-20 dəqiqə sonra foyedə qoyulmuş
telefondan həmin nömrəyə zəng edir (nömrə, adətən, otağın nömrəsi
ilə uyğun gəlir), açar-kartlar haqqında indicə dediyim məlumatı
verir. Qonaq da otaqda gözləyir. Bir azdan qapı döyülür və qonaq
qapını açır. Əyni ağ köynək, qara kostyumlu, boynu qara qalstuklu,
döşü nişanlı cavan əməkdaş onu salamlayır. Əlində kiçik ölçülü
kompüterə oxşayan aparat da var. Əməkdaş gəlişinin səbəbini deyir,
qonaq otağın açar-kartını ona verir. Əməkdaş açar-kartı əlindəki
aparata daxil edir, düymələrini basıb hansısa əməliyyatları həyata
keçirir. Sonra "hər şey qaydasındadır", - deyib kartı yiyəsinə
verir, xudahafizləşib nömrəni tərk edir.
Əslində, əməkdaşın əlindəki kompüterə oxşar aparat açar-kartları
hazırlayan xüsusi cihazdır. Cavan əməkdaş qonağın kartını alıb
kodlarını bu cihazın yaddaşına köçürür. Bayıra çıxan kimi ilk
növbədə döşündəki nişanı çıxarır, sonra əlindəki aparata təzə kart
daxil edir. Bir-iki dəqiqədən sonra qonağın otağının açarı artıq
onun cibindədir. Aşağı foyedə gözləyən gənc xanımı görəndə ona bir
göz də vurur, xanım üz-gözünü turşudur. Bu, bir işarədir, yəni
işlər öz qaydasında gedir. Cavan əməkdaş oteli tərk edir, qəşəng
xanım isə öz yerindədir…
Qonaqlar istirahət etdikdən sonra şəhəri gəzmək, çörək yemək
istəyirlər. Odur ki, geyinib aşağı düşürlər. Qəşəng qadın, təbii
ki, foyedə onları görür və hətta gözləri ilə qapıya kimi ötürür.
Sonra özü kimi incə çantasından mobil telefonu çıxarıb zəng edir.
5-10 dəqiqə keçməmiş bayaqkı cavan oğlan yaşlı, "solidni" bir kişi
ilə içəri girir və liftə minib yuxarı gedir. Qəşəng qadın isə öz
yerindədir, onları gözləri ilə müşayiət edir. Cavanla qoca indicə
getmiş qonaqların nömrəsini ziyarət edir, qiymətdə ağır, çəkidə
yüngül nə varsa, əllərinə keçən çantaya yığır və qapını bağlayıb
çıxırlar. Aşağıda foyedə gənc qadın onları görən kimi dərhal ayağa
qalxır və onlardan əvvəl oteli tərk edir. Gənc qadın həmkarlarını
otelin dayanacağında saxlanmış avtomobildə gözləyir və üçlük
ərazini bir neçə günlüyə tərk edir…
- Birdən qonaqlar getmək istəmədi, yeməyi də nömrəyə sifariş
etdi?
Mən dostumdan əl çəkmirəm, demək olar ki, onu imtahana
çəkirəm.
- Təbii ki, belə də olur, amma dələduzlar hər variantı nəzərə
alırlar. Qonaqlar axşama kimi nömrəni tərk etməsələr, axşamüstü
onların telefonu səslənir. Bayaqkı incə qadın səsi salam verir,
deyir ki, administrasiyadandır. Bu gün bizim oteldə lotereya
keçirilib və sizin nömrə iki, ya üç (qonaqların sayı qədər)
nəfərlik şam yeməyi udub. Restoran otelin yaxınlığındadır, bu gün
axşam gəlib pulsuz şam yeməyi yeyə bilərsiniz. Qonaqlar, təbii ki,
göydən düşmüş bu təklifdən imtina etmir, təcili geyinib pulsuz şam
yeməyinə tələsirlər. Soruşa-soruşa restorana kimi gedirlər. Burada
onları yaşlı, "solidni" bir kişi gözləyir. Deyir, mən otelin
nümayəndəsiyəm. Sizin artıq restoranda yeriniz də, şam sifarişiniz
də hazırdır, pulu da ödənilib. "Solidni" kişi onları yerləşdirir,
kök bir "nuş olsun", - deyib məclisi tərk edir. Restorandan çıxıb
təcili otelə, onu gözləyən cavan həmkarının yanına tələsir.
Qonaqlar isə ləzzətlə şam edirlər. Amma bu şam yeməyi onlara baha,
çox baha başa gəlir…