Yuxarı

İlanlar hansı ərazilərə daha çox toplanır? - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Bakıətrafı ərazilərdə, həyətyanı sahələrdə ilanların çoxalması insanları təşvişə salıb. Sakinlərin çoxu bununla bağlı hara, kimə müraciət edəcəklərini bilmir. Bəzi vətəndaşlar sosial şəbəkələrdə ilanları həyətlərdən uzaqlaşdırmağın yollarını axtardıqlarını yazırlar. Hər il Azərbaycanda yay fəsli başlar-başlamaz ilan sancmasından, əqrəb dişləməsindən zəhərlənənlərin sayı çox olur. Nəzərə alsaq ki, qızmar yay günləri hələ qarşıdadır, deməli, müxtəlif zərərli həşəratların, ilanların sancmasından heç kim sığortalanmayıb.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 5.8 milyon insanı ilan sancır. Bu ilanların yarısı zəhərli olur. İlan sancmasından hər gün təxminən 220-380, hər il 80-128 min insan ölür.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov mövzu ilə bağlı Musavat.com-a danışıb. O, narahatlıq doğuran bəzi məqamlara aydınlıq gətirib:

"Hazırda ilan sancması ilə bağlı müraciət edən xəstəmiz, demək olar ki, yoxdur. Bir nəfər məsləhət üçün gəlmişdi. Barmağından ilan sancmışdı. Bilinmirdi, zəhərli ilan sancıb, ya yox. Bir saat gözlədik, barmağında hər hansı dəyişiklik olmadı və çıxıb getdi. Ola bilər, rayonlarda yerli xəstəxanalara müraciət edirlər. Orada ilkin yardım göstərirlər, vəziyyəti ağırlaşan olanda bizim mütəxəssislərdən məsləhət alırlar. Amma son vaxtlarda rayonlardan xəstə göndərilməyib".

Baş toksikoloq həyətyanı sahələrdə yaşayanlara bir neçə məsləhət verib:

"Satışda spesifik dərmanlar var. Bu dərmanlardan istifadə etmək lazımdır. Həmin dərmanları təqribən 100 kvadrat metr sahəyə səpsinlər, ilan bir müddət həmin yerlərdən qaçacaq. Epidemioloji Dezinfeksiya şöbəsinə də müraciət etmək olar. Dezinfeksiya şöbəsinin əməkdaşları həmin sahəyə dərman səpir.

İlanlar, əsasən, daşlı-kəsəkli yerlərə və ya bağlarda qalaqlanmış, işlənməmiş əşyaların altına yığılırlar. Onlar sakitliyi sevir, həmin yerlərdə yuva qururlar. Təbii ki, orada hərəkət olsa, hücum edə bilərlər. İlanlar təmiz ərazilərdən, səsli-küylü yerlərdən qaçır. Bunlara diqqət etmək lazımdır".

Azər Maqsudov ilan sancmış adama bəzən ev şəraitində yanlış yardım edildiyini də bildirib:

"İlanlar, əsasən, insanın aşağı ətraflarını, ayaq hissəsini sancır. Həmin an insan hərəkətsiz hala gətirilməlidir. İlan sancmış yeri yod məhlulu ilə silmək lazımdır ki, infeksiyalaşmış yaraya çevrilməsin. Bundan sonra ya təcili yardım çağırmaq, ya da ilan sancmış şəxsi xəstəxanaya aparmaq lazımdır. Zəhərli ilan sancıbsa, mütləq zərdab vurulmalıdır. Yaranı kəsmək, çərtmək, sormaq, qatıq, sarımsaq sürtmək olmaz. Bunların heç bir praktiki təsiri yoxdur".

Baş toksikoloq "İlan sancdıqdan sonra xəstəyə hansı müddətədək zərdab vurulmalıdır" sualını da cavablandırıb:

"Bu xəstənin yaşından, müqavimətindən asılıdır. Həm azyaşlılarda, həm də yaşlılarda ağırlaşma ola bilər. Xəstəxanaya nə qədər tez çatdırılsa, zəhərin bədənə təsirini o qədər tez azaltmaq olar. İlan aşağı ətrafları sancıbsa, qorxulu olmaya bilər. Əsas təhlükə qan damarının üstünə düşməsi və ya baş nahiyəsindən sancmadır. Onda zəhər daha tez sovrulur, qısa müddət ərzində fəsadlaşma baş verir”.

A.Maqsudov hələ ki əqrəb sancması ilə bağlı müraciət olmadığını qeyd edib:

"Rayonlarda əqrəb sancması ilə bağlı xəbərlər verirlər. Amma bizə müraciət daxil olmayıb".

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 28 cür ilan var və onların yalnız altısı zəhərlidir. Ən çox rast gəlinən gürzə və ya Levantine ilanıdır. O, dünyanın ən zəhərli ilanlarından biri sayılır. Gürzənin zəhəri toxumaların nekrozuna və şoka səbəb olur. Əvvəlcə damarlar tromblaşır, sonra fibrinogen qandan yox olur və qan laxtalanması baş verir. Gürzə sancması bir çox hallarda ölümlə nəticələnir. Gürzəyə Azərbaycanın bütün isti və quraq düzənliklərində, dağətəyi çöllərində və quru meşələrində rast gəlmək olar. Onlar boz rənginə və üstlərindəki ziqzaq naxışına görə zərərsiz ilanlardan ayırd edilir. Bununla belə, qara gürzələrə də rast gəlmək mümkündür.

Tarix
2021.05.16 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla