Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti
keçməsilə əlaqədar sürücülərə növbəti dəfə müraciət
edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
APA-ya açıqlamasında bildirib ki, sürücülərə soyuducu sistemi
olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər
istifadə etməmək tövsiyə olunur.
İdarə rəsmisinin sözlərinə görə, kondisionersiz avtomobillərlə
yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta
saatlarında baş verir:
"Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz
günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada
olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir
edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını
nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərindən
kondisioneri olmayan avtomobillərdən saat 12.00-dən 18.00-dək
mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz
olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş
olunur".
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından da isti havada
avtomobil idarə etməmək tövsiyə edilib. Belə ki, isti havada
insanlarda qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda
infark, insult və digər xəstəliklərə yol açır və sürücünün
idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın
görməsi də pisləşir.