Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Nəqliyyat
Nazirliyinin işçiləri tərəfindən təzyiqə və təhqirə məruz qalması
səbəbi ilə nazir Ziya Məmmədova açıq məktub
ünvanlayıb.
"Axar.az"ın məlumatına görə, Ü.Cəfərov məktubda Z.Məmmədovla
SSRİ zamanından tanış olduqlarını xatırladır, daha sonra isə
rastlaşdığı təzyiqi nazirin diqqətinə çatdırır:
"Biz Sizinlə hələ keçmiş SSRİ zamanından - o vaxtkı Dəmir Yol
Qoşunlarının Azərbaycan ərazisində xidmət etdikləri vaxtlardan
tanışıq. Siz Azərbaycan Dəmir Yolunda sadə bir vəzifədə
çalışırdınız və mən də cavan bir zabit kimi Ukraynadan Azərbaycana
ezam edilmişdim. Hissəmiz Yevlax-Balakən dəmir yolunu inşa edirdi
və bəzi məsələlərdən ötəri biz Sizinlə də görüşürdük. Bu hadisələr
1985-87-ci illərə təsadüf edir. O vaxtdan artıq xeyli müddət keçib
və Siz indi müstəqil Azərbaycanın Nəqliyyat Nazirliyinə rəhbərlik
edirsiniz. Bu illər ərzində şəxsi görüşlərimiz olmasa da,
fəaliyyətiniz barəsində gündəlik mətbu orqanlardan kifayət qədər
xəbərim var. Sizin tabeçiliyinizdə olan nəqliyyat müfətişlərinin də
xeyli sayda özbaşınalıq və qanunsuzluqları haqqında həm televiziya
ekranlarından, həm də elektron və yazılı KİV-dən məlumatlar alırıq.
Mən fikirləşməz və inanmazdım ki, Sizin kimi bir tanınmış şəxsin
rəhbəri olduğu NN-də tam təsadüfi, heç bir mədəniyyəti və elementar
insanlıq keyfiyyətləri olmayan xeyli sayda əməkdaşlarınız olsun.
Amma, buna şəxsən əmin oldum. Qısaca da olsa o hadisəni Sizin
nəzərinizə çatdırmaq istəyirəm.
Yanvarın 9-da saat 16 radələrində Nərimanov rayonu ərazisində, 5
saylı Xəstəxananın qarşısında çox xoşagəlməz bir olayla üzləşdim.
Nəqliyyat Nazirliyinə məxsus 90 AR 169 "Daewoo Nexsia"
avtomobilinin sürücüsü ən tərbiyyəsiz bir şəkildə məni təhqir edib.
Mən ona özünü insan kimi aparmağı xahiş edəndə, heç olmasa Sizə və
çoxdan tanıdığım müaviniz Musa Pənahova hörmət qoymağı deyəndə isə,
bu tərbiyyəsiz və əxlaqsız adam ən təhqiramiz formada, küçə sözləri
ilə məni təhqir etdi. Elə həmən gün Nəqliyyat Nazirliyinin
Katibliyinin rəisi hörmətli Namik Həsənov cənablarına bu olay ilə
bağlı müraciət etdim. Mənə söz verildi ki, yanvarın 10-da bu hadisə
ilə əlaqədar gün ərzində lazım olan ölçülər götürüləcək. Amma,
sonradan dəfələrlə mən Namiq Həsənovla əlaqə saxlamağa çalışsam da,
nədənsə zənglərim cavabsız qalıb.
Hörmətli Ziya müəllim!
Məni tanıyanlar bilirlər ki, mən Qarabağ müharibəsini keçmiş və
hətta ölümdən də qorxan adam olmamışam. Azdan-çoxdan mətbuatda
tanınan adam kimi həm özümə, həm də ətrafımda olanlara hörmət
etməyi həmişə özümə borc bilmişəm. Kimliyindən asılı olmayaraq həm
qarşımdakı tanıdığım və tanımadığım insana hörmət etməyə çalışmışam
və bu qaydanı onlardan da hər zaman gözləmişəm. Sizin
əməkdaşlarınızın məni ağır formada təhqiri isə mənə neçə gündür
rahatlıq vermir. Ona görə də, Sizdən xahiş edirəm ki, bu məsələnin
hərtərəfli araşdırılmasına göstəriş verəsiniz. Əks halda, mən 2
həftə ərzində müraciətimə qanunlar çərçivəsində baxılmayacağı
təqdirdə, həm NN-nin rəhbəri kimi Sizə qarşı məhkəmə iddiası
qaldıracağam.
İnanmaq istərdim ki, Siz bu məsələnin tezliklə həll edilməsi
üçün lazımı addımları atacaqsınız".