Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir
probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab
oxumağa marağının az olmasıdır.
Bu günümüzə nəzər yetirsək, görərik ki, böyük toplum kitabdan
artıq get–gedə uzaqlaşır. Kitab oxumaq nədir, kitabı əllərinə
almaqdan belə çəkinirlər. İnsanların kitabdan uzaq düşməsinin
səbəbi kitablardamı, yoxsa özümüzdəmi axtaraq? Bəlkə də problemi
ilk öncə özümüzdə axtarsaq, daha düzgün olar...
Bu suala cavab tapmaq üçün
Ta qədim zamanlardan bir sıra filosoflar, alimlər, elm adamları
oxumağın, öyrənməyin faydalı cəhətlərini həmişə vurğulayıblar.
Onların davamçıları da bu ənənəni müasirlərinə təlqin ediblər. Hər
bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək,
yaymaq və ona əməl etmək. Bəs belə olan təqdirdə, müasir dövrümüzdə
bizlər niyə kitab oxumaqdan, elmli olmaqdan bu qədər uzaq
düşmüşük.
"Hər bir insanın cəmiyyətdə dəyəri onun oxuduğu kitablarla
ölçülür",- fikirindən belə nəticəyə gəlmək olar ki, heç şübhəsiz
cəmiyyət əxlaqının əsasında kitab dayanır. Bugün ki, günümüzə
diqqət yetirsək çox az faiz insanın günün iyirmi dörd saatının beş
dəqiqəsini kitaba sərf etdiyini görərik. Təsadüfi deyil ki, müasir
dövrü sovetlərlə müqayisə edənlər üstünlüyü keçmişdə görür. Biz də
bunu səbəblərini, məsələnin kökündə duran əsas problemləri
araşdırmağa çalışdıq. Məsələnin kökündə duran əsas problemləri
araşdırmaq üçün Elmlər Akademiyası qarşısında olan "Hüseyin Cavid"
parkına yollandıq.
Əhali arasında apardığımız sorğu maraqlı faktları ortaya qoydu.
Daha çox gənclərlə söhbətləşdik. Söhbət zamanı oxuyanlarda tapıldı,
oxumayanlarda.
İnsanlar bədii ədəbiyyat oxuyurmu,daha çox hansı ədəbiyyata
maraq göstərir, hal–hazırda hansı əsəri oxuyur, niyə oxumur və
yaxud da niyə oxumaq istəmirlər, bunu doğuran səbəblər nədir, bu
kimi problemləri necə aradan götürə bilərik, gəncləri yenidən necə
kitaba qaytara bilərik, kitablar buna əsas səbəb ola bilərmi,
müasir dövrdə yazılan əsərlər bizi razı salırmı, kitabxanalar bunun
əsasında dayanan problem ola bilərmi kimi suallarla sorğuya
başladıq.
Leyla Əsədzadə ( tələbə). Arada vaxtım olanda
oxuyuram, daha çox isə Azərbaycan ədəbiyyatı oxuyuram. Hal-hazırda
oxuduğum əsər Elçinin "Mahmud və Məryəm"əsəridir.
İnsanların oxumağa marağının az olmasına əsas səbəb kimi ilk
növbədə interneti görürəm. İnsanların lazimi və ya lazımsız şəkildə
interneti öz həyatlarına daxil etməsi, ondan asılı hala
gəlmələridir. Başqa səbəb olaraq da kitaba gələnə qədər baş qatacaq
, məşğul olacaq çox şeylər var. Yəqin ki, bu səbəbdən də oxucu
qıtlığı var. Vaxt vardı internet, mobil telefon və digər vasitələr
yox idi və ona görə də müraciət obyekti kitablar idi. Kecmişə
müraciət etmiş olsaq, görərik ki, texnika müasir dövrdəki kimi
deyildi və gündəlik işlə məşğul olan və ya olmayan insanlar fikir
dağıdacaq, maariflənəcək yeganə vasitə kimi kitabı görürdülər.
Fərqi yoxdu istər elmi, istərsə də bədii ədəbiyyat. O zaman orta
məktəbi bitirəndə ən az olsa belə kitab oxumayan olmazdı. İndi isə
məktəbdə uşaqlar məcburi şəkildə oxuyur. İndi bəlkə də oxumamağın
nəticəsidir ki, gənclər özlərini tapa bilmirlər. Nə qədər ailə
tərbiyəsi olmuş olsa belə kitabdan aşılanan tərbiyə də var, necə
ki, hansısa bir qəhrəmanın timsalında.
Mənim fikrimcə insanları kitaba yenidən qaytarmaq üçün təhsil
ocaqlarında - məktəbdə, universitetlərdə sadəcə müəyyən qruplar
formalaşdırmaq, hansısa mövzunu əks etdirən kitablar təqdim
olunmalı və oxunduqdan sonra müzakirəsi təşkil olunmalıdır. Bəlkə
bu minvalla nəsə etmək olar. Və yaxud da necə ki, bir il ekologiya
ili olur, eləcə də kitab oxumaq yönümlü il elan etmək olar. Bu
yolda da aidiyyatı orqanlar lazimi addımlar atar deyə
düşünurəm.
Əlbəttə, bu məsələdə kitablar da az rol oynamır deyə bilmərik.
Əvvəl yazılan bəzi əsərlər var ki, hansı ki, bir çoxuna dair
kinolar, seriallar çəkilir və baxırsan ki, bu mövzular bu gün ki,
günümüzdə də hökmrandı. Yəni, o dövr gənclər üçün sadəcə kitablarda
oxuduğu və bu əsnada təssəvür etdikləri artıq real yaşamımızda da
var. Mən belə düşünürəm ki, nə qədər yazırsan yaz artıq real
günümüzdə olan bir şey kimdəsə nəsə maraq oyatmaz. Əslində müəyyən
baxımdan maraq oyadan yazarlar da vardır. Ətrafdakı insanlar onları
bəsit yazar olaraq görürlər. Amma deyərdim ki, onun yazmış olduğu
əsəri yüksək tirajla satılır və oxunur və oxucu həmin yazıçının
növbəti əsərini səbirsizliklə gözləyir.
Kitabxanalarla bağlı onu deyə bilərəm ki, olub istədiyim hər
hansı bir əsəri kitabxanadan tapa bilməmişəm, internet vasitəsi ilə
oxumuşam. Bəzi əsərlər də olub ki, oxumaq istəmişəm, lakin, həmin
əsərlər isə öz dilimizə tərcümə olunmayıb.
Pərvin Əhmədova (tələbə). Fərqi yoxdu istənilən
ədəbiyyata maraq göstərirəm, hal hazırda oxuduğum əsər Orxan
Kamalın "Yad qız "əsəridir.
Kitaba bu qədər marağın azalması, düzünü desəm, insanların
boş-boş şeylərə vaxt ayırması, ən çox da sosial şəbəkələrdən düzgün
istifadə etməməsi kimi nüansları qeyd edə bilərəm. Mənə belə gəlir
ki, real əlaqə saxlasaq, sağlam həyat yaşasaq hər şey normal
olar.
Kitaba necə həvəs yarada bilərik? Onu deyim ki,gərək maraq
insanın özündə olsun. Və yaxud da televiziya, internet vasitəsi ilə
maraqlı məlumatlar da vermək olar. Məncə bu gündən artıq başlasaq
oxumağa artıq bu bizdə vərdiş halına çevrilər.
Aysel Kərimova (evdar qadın). Günümün çox
hissəsini uşaqlarıma ayırıram,vaxtım olmur. Amma ümumiyyətlə çox az
hallarda oxuyuram.
Oxumağa meylin az olmasına səbəb olan əsas amil burda
internetdi. Çünki, indi başımızı qaldırıb kimə baxırıqsa telefonsuz
görmürük.
Ünsiyyə Həsənova (tələbə). Əvvəllər oxuyurdum,
indi universitet dərslərimi oxuyuram, vaxtım olmur. Axırıncı
oxuduğum əsər Cek Londonun "Martin İden" əsəri olub.
İnternet, sosial şəbəkələr insan həyatını necə zəbt edibsə,
kitab oxumaq qalsın bir yana, kitab sözü artıq unudulub. Kitab
oxumaq problemin aradan götümək üçün isə, məncə, tez-tez
televiziyalarda hansısa bir kitabın təqdimatının keçirilməsi ilə
bağlı verilişlər verilsə daha yaxşı olar. Bəlkə, bu minvalla
insanları kitaba qaytarmaq olar.
Nərminə Cəlilova (tələbə). Vaxtım olanda
oxuyuram. Amma indi başım dərslərimə qarışıb. Axırıncı oxuduğum
əsər isə G. Edikeyin "Səhnədə qətl əsəri"dir.
Düzdür, internet əsas səbəblərdən biridir. Lakin uşaqların
intellekt səviyyəsi də aşağıdır. Şagirdlər ancaq qiymət xətrinə
oxuyurlar. Fikirləşirlər ki, onsuzda hazırlığa gedib və bunları
yenidən oxuyacayıq. Amma bu məsələnin kökündə başqa nələrinsə
dayandığını da görə bilərik. Bu məsələdə ailənin də rolu
böyükdür.Valideyn gərək özü bədii əsər oxuya ki, kitaba hörmət ola
ki, uşaq da kitab oxuya. Ona görə də gəncləri oxumağa uşaqlıqdan
alışdırmaq lazımdır. İndi çox nadir hallarda evlərə gedəndə
kitablara rast gəlmək olar. İndiki evlərdə ancaq interyer əşyası
var. Deyərdim ki, kitablar da az rol oynamır. İndi bir sıra əsərlər
oxumuşam xoşuma gəlməyib. Əlimə almışam oxumağa məndə həvəs
yaranmayıb. Əsər məni cəlb etməyib. Mənim fikrimcə, oxunacaq olan
hər hansı bir əsər elə ilk cümləsindən insanı cəlb etməlidir.
Kitab oxumağa qayıtmaq problemli bir məsələdi. Bu bir, iki
nəfərin işi deyil, bunun üçün qlobal işlər görülməlidi, təhsil
sistemində inqilab yaranmalıdı, uşaqlarda oxumağa maraq olmalıdı,
həvəs olmalıdı ki, intelektləri artsın.
Kitab mağazalara necə müraciət etmisiz sualına cavabda isə əksər
insanlar maliyyəni əsas gətirərək kitabların həddindən artıq bahalı
olmasından şikayətlərdə bulundular. Deyə bilərik ki, bu problem də
əsas problem kimi gündəmə gəlməlidir.
Söylənmiş fikirlərə istinadən belə nəticəyə gəldik ki, böyük
toplum bunun səbəbini texnikanın sürətlə inkişafında-kompyuter ,
telefon və. s texnoloji avadanlıqların sürətlə həyatımızda ön planı
tutmasında görür. Belə olan halda da kitab oxumaq arxa plana
keçir.
Bir həqiqəti də qeyd etmək lazımdır ki, hər kəs bilir ki, kitab
oxumağın faydalı cəhətləri daha çoxdur. Amma, nədənsə biz bunu
şüurlu şəkildə dərk etsək də lazımsız vərdişlərimizdən əl çəkmək
istəmirik, onları daha çox sevirik, kitabdan daha üstün
bilirik.Vaxtımızı televizorda lazımsız verilişlərə, seriallara
baxmağa sərf edirik. Lakin
insanların dərk etmək qabiliyyəti daha güclü olsun ki, gələcəyini
görə bilsin və onu daha yaxşı təməl üzərində qursun.