2015-ci ilin I yarımilində ötən ilin eyni dövrü ilə
müqayisədə ÜDM 5,7% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 9,2%
artıb. Hüquqi şəxs kimi qeydiyyatdan keçən sahibkarlıq
subyektlərinin sayı 3,3% artaraq 97.684 vahid olub.
Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat və Sənaye
Nazirliyinin nümayəndəsi Anar Məmmədov Qadın Konsensus Mərkəzinin
"Azərbaycanda sahibkar qadınlar" mövzusunda keçirdiyi konfransda
deyib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə 649 mindən çox
sahibkarlıq subyektləri, o cümlədən 97.684 hüquqi şəxs, 551.724
fiziki şəxs qeydiyyatdan keçib:
"2015-ci ilin 1 iyul tarixinə görə, hüquqi şəxs yaratmadan fərdi
sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı
6,1% artaraq 551.724 vahidə çatıb. Fiziki şəxslərin 19,4%-ni
(107190 nəfər) qadınlar təşkil edir. Sahibkar qadınların 38,8%-i
Bakıda, 16,4%-i Aran, 15,1%-i Gəncə-Qazax, qalanları isə digər
iqtisadi rayonlarda qeydiyyatdan keçiblər.
İqtisadi fəaliyyət növləri üzrə qadın sahibkarların əsasən 37,8%
ticarət sahəsində, 19,3% kənd və meşə təsərrüfatında, 4,3%-i
ictimai iaşə, 3,3%-i peşə, elmi və texniki sahədə fəaliyyət
göstərir. Ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı
29,1 min nəfər olub ki, bunun da 38,8%-ni qadınlar təşkil
edib".
Nazirlik rəsmisi qeyd edib ki, cari ilin 9 ayı ərzində 639 qadın
sahibkara 20,1 milyon manat dövlətin güzəştli kreditləri
verilib:
"Verilmiş güzəştli kreditlər hesabına 1476 yeni iş yerinin
yaradılması planlaşdırılır. Maliyyələşdirilən layihələrin sayı ötən
ilin müvafiq dövrü ilə müqayisədə 28,3%, məbləği 2,83%, yeni iş
yerlərinin sayı isə 48,5% artıb. Bu ilin I yarımilində İqtisadiyyat
və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən təşkil
edilmiş 80 tədbirdə 566 nəfər qadın sahibkarın iştirakı təmin
olunub".