Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər göz sağlamlığına ciddi zərər vura, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə oftalmoloq Aleksandra Struqova məlumat verib.
O, göz sağlamlığını təhlükə altına alan üç vərdiş barədə xəbərdarlıq edib. Həkimin sözlərinə görə, kontakt linzalarla yatmaq buynuz qişada xora yaranması riskini 5-10 dəfə artırır. Bu isə ciddi zədələnmələrə, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bundan əlavə, linzalarla yatmaq gözlərdə oksigen çatışmazlığı, iltihab və infeksiya riskini yüksəldir.
Digər təhlükəli vərdiş gözləri çirkli əllərlə ovuşdurmaqdır. Barmaqlardakı bakteriyalar, toz hissəcikləri və kosmetika qalıqları gözə zərər verə bilər. Göz qaşındıqda onu sərin su ilə yumaq və ya süni göz yaşından istifadə tövsiyə olunur.
Üçüncü təhlükəli vərdiş istifadə müddəti keçmiş göz damcılarından və kosmetik vasitələrdən istifadə etməkdir. Struqova bildirib ki, göz damcılarının açılmış flakonu 28 gündən sonra bakteriyaların çoxalması üçün mənbəyə çevrilə bilər.
Həkimlər göz sağlamlığını qorumaq üçün bu vərdişlərdən uzaq durmağı və gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.