Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin tapşırığına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən respublikada Torpaqların Elektron Kadastr Uçotu
Sisteminin yaradılması işinə başlanılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə,
qurumun qarşısında duran əsas vəzifələrdən biri də təyinatından və
mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün
torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin
rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq
kadastr informasiya sistemini, mükəmməl torpaq bankının
yaradılmasını təmin etməkdən ibarətdir. Bu işlərin icrası məqsədilə
bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Yeni
texnologiyaların istehsalata tətbiqi, mütəxəssislərin bilik və
bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata
keçirilir.
Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə
olaraq, hər iki şəhərin müfəssəl elektron kadastr məlumat bazası
yaradılıb, onların rəqəmsal kadastr xəritələri tərtib edilib. Bu
bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə
müfəssəl məlumatlar toplanıb. Burada hər iki şəhər üzrə bütün
daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və
ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın
yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki
tikilini xarakterizə edən göstəricilər əks olunur. Bu göstəricilərə
tikilinin balans saxlayıcısı, kommunal-təchizat vəziyyəti,
mərtəbəliliyi, hər bir mənzilin texniki pasportuna dair
məlumatları, istismar ili, ünvanı və s. aiddir. Hal-hazırda Gəncə
şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin
birinci yarımilliyində bu ərazilər üçün də mükəmməl kadastr işi
hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq
uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində
daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz
əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq.
Qeyd olunmalıdır ki, bu işlərlə yanaşı, kənd təsərrüfatı
təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb.
Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun
Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol
oynayacaq. Sistem geo-məkan infrastrukturunun inkişafını, bu sahədə
dövlət və biznes qurumlarının qarşılıqlı, səmərəl və şəffaf
əlaqəsini təmin edəcək.
Ölkənin 4 milyon hektar ərazisini əhatə edən
ortofotomaterialların rəqəmsallaşdırılması işi müvəffəqiyyətlə icra
olunmaqdadır və bu iş yaxın 4 ay ərzində başa çatacaq.
Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması
məqsədilə, komitə tərəfindən böyük əraziləri özündə cəmləşdirən
sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi
işləri aparılır, rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib
edilir.
Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə
şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə hazırlıq
gedir.
Komitə tərəfindən davamlı olaraq inzibati ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi işi
aparılır.
Uçot Sisteminin proqram təminatının yaradılması işinə başlanılıb
və bu işin yaxın 8 ayda yekunlaşdırılması nəzərdə tutulub.
Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək
ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu
sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə
onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı
uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir.
Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması
nəticəsində torpaqların sənədlərindəki göstəriciləri ilə faktiki
yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar
aradan qaldırılacaq. Kadastr xəritələri ilə bağlı problemlər
həllini tapacaq. Torpaq ehtiyatlarının idarə edilməsinin dövlət
mexanizmi təkmilləşəcək, dövlət nəzarəti daha effektiv həyata
keçiriləcək. Ölkədə torpaq bazarının stimullaşdırılması, şəffaf
fəaliyyəti, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatına
cəlb olunması məsələlərində informasiya bazası rolunu oynayacaq.
Torpaq bazarının bu sistemlə tənzimlənməsi icarəyə götürülmüş,
lakin istifadə olunmayan hektarlarla torpaqların aşkarlanmasına və
istifadəyə verilməsinə şərait yaradacaq.
Bundan əlavə, sistem respublikada torpaqların təyinatı, istifadə
növü üzrə dəqiq kadastr uçotunun aparılmasını, daşınmaz əmlakın
qeydiyyatı işinin sadələşməsini təmin edəcək. Torpaq sahəsinə dair
"plan-ölçü" sənədinin gələcəkdə elektron xidmət vasitəsilə
verilməsinə, əmlak vergisinin təyini və toplanması işinin
təkmilləşməsinə və digər mühüm məsələlərin həllinə səbəb
olacaq.