ANS telekanalının efirində
yayımlanan "Deməsək olmaz" verilişinin 25 noyabr buraxılışında
qonaq olan xalq şairi Sabir Rüstəmxanlının çıxışına bəzi media
orqanlarında təxribat xarakterli təhriflər edilib.
VHP mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, aparıcı
Xoşqədəm Hidayətqızının proqramına qatılan Sabir Rüstəmxanlının
müzakirə zamanı demədiyi sözlər onun adından qələmə verilib və VHP
sədrinin guya Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumunda
ruspərəst mövqedən çıxış etməsi iddia edilib.
Canlı olaraq efirə gedən verilişə baxmayanlar və yaxud orada
deyilən fikirləri deyil, öz uydurduqlarına inananlar bundan çıxış
edərək hətta xalq şairini "anti-türk" təbliğatda ittiham edəcək
qədər cəsarət sərgiləyiblər:
"S.Rüstəmxanlının siyasi bioqrafiyası ilə tanış olanlar bilir
ki, o, hələ Sovetlər dönəmindən Rusiyanın Azərbaycan xalqına və
türk dünyasına qarşı düşmənçiliyini ardıcıl şəkildə tənqid edib.
VHP sədri həm verilişdə, həm mətbuatda Su-24 təyyarəsinin
vurulmasında Türkiyəni haqlı saydığını, beynəlxalq hüququn qardaş
ölkəyə öz sərhədlərin qorumağa haqq verdiyini bildirib", - VHP
mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.
Verilişdə S.Rüstəmxanlının guya "heç bilmirdim ki, Suriyada
türkmanlar yaşayır" deməsi haqda səslənən fikirlər də kökündən
yanlışdır. Verilişin lent yazısına baxmaq kifayətdir ki, bu fikrin
aparıcının dilindən çıxdığını eşidəsən.
Halbuki S.Rüstəmxanlı hələ illər öncə Suriyanın Dəməşq şəhərində
olduğunu və küçələrdə əhalinin bir hissəsinin Azərbaycan
türkcəsində danışdığını müşahidə etdiyini də deməklə, İraq və
Suriyanın şimalında yaşayan Azərbaycan türkləri, onların sayı
barədə verilişdə məlumat verib.
Sözügedən verilişdə S.Rüstəmxanlının sözlərini əks etdirən
video-kadrları təqdim edirik (Verilişin tam mətnini ANS-in internet
istifadəçiləri üçün daim açıq olan "Deməsək olmaz" verilişinin 25
noyabr tarixli arxivindən izləmək mümkündür):