Yuxarı

Londonun tarixi məkanında Azərbaycan bayramı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə iyunun 1-də Londonun ən tanınmış və möhtəşəm məkanlarından olan tarixi “Lancaster House”da təntənəli ziyafət keçirilib.

Ölkəmizin Böyük Britaniyadakı səfirliyindən Axar.az-a bildiriblər ki, “Lancaster House”un girişində Britaniyanın İmperial Hərbi Kvintetinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Ümumilikdə 600-ə yaxın qonağın qatıldığı tədbirdə Böyük Britaniyanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, Britaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, səfirlər və hərbi attaşelər, müxtəlif icmaların nümayəndələri, o cümlədən Lordlar Palatasının üzvü Lord David Evans, Lord Qurban Hussain, Baronessa Manzila Uddin, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İdarə Heyətinin üzvü akademik Nərgiz Paşayeva iştirak ediblər.

Tədbir Londonda yaşayan həmyerlimiz istedadlı müğənni Emin Eminzadənin ifasında Azərbaycan Respublikasının və Böyük Britaniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tolerantlıq və multikulturalizm kimi prinsiplərinin bu gün Azərbaycan Respublikası tərəfindən dünyada təmsil olunduğunu qeyd edib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müasir Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə sürətlə inkişaf edərək tarixinin ən qüdrətli dövrünü yaşadığını vurğulayıb. Diplomat qeyd edib ki, bu gün dünyada baş verən geosiyasi təlatümlər dövlətlərin müstəqilliyinin və suverenliyinin yalnız nəzəriyyədə deyil, qlobal dünyanın gündəliyində duran ən əsas məsələ olduğunu göstərir. E.Süleymanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin bu il 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini və onun xatirəsinin Azərbaycan xalqı tərəfindən dərin hörmət və ehtiramla yad olunduğunu vurğulayıb.

Səfir ölkələrimiz arasında möhkəm tərəfdaşlığın mövcudluğunu, Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu qeyd edib. Diplomat Azərbaycanın və Birləşmiş Krallığın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsində, yenidən qurulmasında və bərpaolunan enerji infrastrukturunun yaradılmasında sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bu xüsusda Azərbaycanda keçirilən Bakı Enerji Həftəsində Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonun hazırda ölkəmizdə görüşlər keçirdiyi qeyd olunub. Səfir Müstəqillik Günü münasibətilə Kral III Çarlz və Bakı Enerji Həftəsi ilə bağlı Baş nazir Rişi Sunak tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktublarının göndərildiyini diqqətə çatdırıb.

Azərbaycan ilə Böyük Britaniya arasında geniş və dolğun əməkdaşlıq gündəliyinin olduğunu deyən səfir təkcə Heydər Əliyev Fondunun dəstəyi ilə may ayında Ulu Öndərin 100 illik yubileyinin Viktoriya və Albert Muzeyində qeyd olunmasını, Vindzor Kral Atçılıq Şousunda Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaddaqalan mədəni proqramla çıxış etdiyini bildirib.

Mərasimdə, eyni zamanda, Silahlı Qüvvələr Gününün qeyd olunduğunu bildirən səfir Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuza xalqımızın minnətdar olduğunu vurğulayıb. E.Süleymanov Azərbaycan Ordusunun dünyada sülhün və sabitliyin təmin edilməsinə töhfələr verdiyini xüsusi qeyd edib. Bu xüsusda Britaniya Silahlı Qüvvələrinin hərbçiləri ilə çiyin-çiyinə İraqda mülki infrastrukturun, Türkiyə və Britaniya hərbçiləri ilə birgə Əfqanıstanda son anadək mülki əhalinin qorunmasında Azərbaycan hərbçilərinin xidmətləri diqqətə çatdırılıb.

Çıxışda Azərbaycanın böyük bir regionun tərkib hissəsi olduğu vurğulanaraq, tədbirdə iştirak edən türk icmasına Türkiyənin mayın 28-də keçirilmiş seçkilərlə demokratiyanın inkişafında yeni uğura imza atması, eləcə də gürcü icmasına Gürcüstanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklər ifadə olunub.

Səfir, həmçinin çıxışında regionun gələcək inkişafı və davamlı sülhün təmin olunması istiqamətində Prezident İlham Əliyevin qətiyyətli addımlar atdığını vurğulayaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlərdən söz açıb.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri səfir Kristofer Allan Azərbaycanın Britaniya üçün önəmli müttəfiq olduğunu qeyd edərək, iki ölkə arasında iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında siyasi sahədə əməkdaşlığın daha da inkişaf etdiyini, dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin buna böyük töhfə verdiyini qeyd edib. K.Allan Azərbaycan xalqını 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi də təşkil edilib. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətini, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın qurulmasına verdiyi töhfələri əks etdirən fotolar nümayiş olunub. Həmçinin Azərbaycanda istehsal olunan “Meysəri” şərablarının təqdimatı və dequstasiyası təşkil edilib. Tədbirdə, həmçinin Səkinə Muxtarova, Babək Atəşi və Malik Təbrizi tərəfindən Azərbaycan rəqsləri nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin keçirildiyi “Lancaster House”da Böyük Britaniya hökumətinin rəsmi tədbirləri təşkil olunur. Məhz bu məkanda Britaniya tarixində əhəmiyyətli yer tutan diplomatik görüş və tədbirlər keçirilib. Eyni zamanda, “Lancaster House”da çoxsaylı tamaşaçı auditoriyası olan məşhur “Crown” serialının çəkilişləri aparılır.

Tarix
2023.06.02 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Solovyov “Xankəndi” yazan redaktoru cəzalandıracaq - Video

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Gəncəyə ikinci terrordan 3 il ötür

Heydər Əliyevlə İlham Əliyevin tarixi fotosu kosmosda

Ukrayna səfirindən Xankəndi ilə bağlı paylaşım...

Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı

Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!

Hərbçilərimizin Xəzərdəki təlimindən görüntülər

“Bravo”dakı silahlı insident: ittiham aktı elan edildi

İlham Əliyev sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla