Vətəndaşın intihara cəhd göstərməsi faktı üzrə Səbail
rayon prokurorluğunda cinayət işi başlanılıb.
Bu barədə "Axar.az"a Baş Prokurorluğun Mətbuat Xidmətindən
məlumat veriblər.
Yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində
qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə
Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək
yandırmaqla intihara cəhd etmiş, intiharın qarşısı alınaraq yanıq
xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər
tərəfindən onun hazırki vəziyyəti stabil ağır kimi
qiymətləndirilir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, M.Bayramlı 1990-cı
il təvəllüdlü, Lənkəran şəhərində anadan olmuş, 29 oktyabr 2012-ci
il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik
Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə
olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində
tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək
yaxın ünsiyyətdə olublar.
Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı
M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi
Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Həmin xüsusat üzrə
aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd
olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli
tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə
olduğunu, evlənmək məqsədi ilə artıq nişanlandıqlarını və
şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.
M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından
cinayət-prosessual qanunvericiliyin tələblərinə mavafiq olaraq
toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilmiş və qərarın surəti M.Bayramlıya
göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah
edilib.
Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi
qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə
toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə
Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.
Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini
davam etdirmiş, lakin sonradan aralarında yenidən münasibətlər
pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan
hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.
Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq
aparılır.