Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla
mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və
qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi
keçirilib.
Nazirlikdən Axar.az-a verilən
məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov
müşavirədə iştirak edib.
Daxili işlər naziri ölkədə
cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində
əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin də önəmli rolunu diqqətə çatdırıb, ötən il bu qurumun
Nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri,
rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların layiqincə yerinə
yetirdiyini, bir sıra uğurlu tədbirlər həyata keçirdiyini, hesabat
dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş nəticələrin
2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə bir qədər də
yaxşılaşdığını vurğulayıb.
Nazir ötən il din pərdəsi
altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və
qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd
fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin
nəzərəçarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində
keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının
cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində,
qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin
yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak
etdiyini diqqətə çatdırıb.
Hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə
Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov çıxış
edib. O, deyib ki, həyata keçirilmiş profilaktik tədbirlərin
nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi
proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və
mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran
cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilməyib.
Belə ki, 2011-2015-ci illərdə ifşa olunmuş ağır və ya xüsusilə ağır
cinayət törətmiş 1173 cinayətkar qrupun 4,2 faizini və ya 49-nu
mütəşəkkil dəstələr təşkil edib. Həmin dəstələrin böyük əksəriyyəti
törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib, onların
törətdikləri cinayətlərin 80 faizi mülkiyyət əleyhinə və ya
iqtisadi fəaliyyət sahəsinə aid olub.
Bununla belə, mütəşəkkil cinayətkarlığın, xüsusən onun daha
təhlükəli növü olan transmilli mütəşəkkil cinayətkarlığın
qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib,
xarici təsir mərkəzlərinin, onların ölkəmizdəki əlaqələrinin,
maliyyə mənbələrinin ifşasına xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, dini radikalizmə qarşı mübarizə tədbirləri
çərçivəsində ölkənin konstitusion quruluşunun zorla dəyişdirilərək
şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan
cinayətkar birlik ifşa olunub, həmin birliyin üzvlərindən
hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə
etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə
götürülüb. Gələcəkdə analoji neqativ meyillərin yaranmasının
qarşısının alınması üçün tədbirlər görülür.
Kriminogen duruma mənfi təsir göstərmək baxımından odlu
silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizəyə də xüsusi diqqət yetirilib. Hesabat dövründə respublika
üzrə qanunsuz silah saxlama ilə bağlı qeydə alınmış cinayətlərin
8,9 faizi Baş İdarə tərəfindən aşkar olunub. Baş İdarənin bu sahədə
əvvəlki hesabat dövrü ilə müqayisədə göstəriciləri cinayətlərin
sayında 2,7 dəfə, götürülmüş silahların sayında isə 2,5 dəfə
yaxşılaşıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə də Baş
İdarə qarşısında duran prioritet vəzifələrdən olub. Narkoticarətin
cinayətkar aləmin əsas maliyyə mənbələrindən olması, eləcə də
əsasən mütəşəkkil dəstələrin məşğul olması ehtimalları nəzərdən
keçirilərək, bu sahədə əsas diqqət güclü təsirə malik narkotik
vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına, habelə onların
qeyri-qanuni yollarla ölkəyə gətirilməsi və tranzit daşınması
kanallarının ifşasına yönəldilib.
Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub, ümumilikdə, qanunsuz
dövriyyədən 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb.
Bildirilib ki, keçirilmiş tədbirlərlə Bakı şəhərində, habelə
Sumqayıt, Qəbələ və Ağsuda bir sıra mülkiyyət əleyhinə cinayətlər
törətmiş, ümumilikdə, 19 nəfərdən ibarət 2 dəstə
zərərsizləşdirilib. Quldurluq və qəsdən adam öldürmə, dələduzluq,
habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə
cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil
verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə
ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb
etmə cinayəti aşkar edilib.
Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul
əskinaslarının dövriyyəyə buraxılmasına qarşı mübarizə davamlı
olub, bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb.
Dövriyyədən çıxarılmış saxta əskinazların 50 faizindən çoxu Baş
İdarənin əməkdaşları tərəfindən aşkar olunub.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında Azərbaycan Prezidentinin 25.08.2008-ci il tarixli
Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində satışa
çıxarılmış 6 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta
tikinti materialları götürülərək məhv edilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş
maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın
ödənilməsi təmin olunub.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, hesabat
dövründə Azərbaycan Beynalxalq Bankından külli miqdarda pul
vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış
cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam
etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün
mümkün tədbirlər görülür. Hazırda cinayət işinin ibtidai
istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə
cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya
qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən
əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.
Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə
edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və
çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə
aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini
bildirib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir şəxsi heyətin hesabat
dövründəki fəaliyyətini ümumən qənaətbəxş hesab edib,
cinayətkarlıqla mübarizənin digər istiqamətlərində, o cümlədən
bağlı qalmış qətllərin, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu,
odlu silahın tətbiqi ilə törədilən quldurluqların açılmasında,
iqtisadi fəaliyyət sahəsində, korrupsiya, insan alveri cinayətləri
törədən mütəşəkkil dəstələrin müəyyən edilib
zərərsizləşdirilməsində Baş İdarənin aparıcı rol oynamasının
vacibliyini bildirib.
O, müasir informasiya texnologiyalarından istifadə edilməklə
törədilən oğurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, insan
alveri, məcburi əmək və digər cinayətlərin vaxtında aşkar edilib
adekvat tədbirlər görülməsini, profilaktikanın hər zaman diqqət
mərkəzində saxlanılmasını, Nazirliyin digər əməliyyat xidmətləri və
ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin
genişləndirilməsini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olan transmilli mütəşəkkil dəstələrə, ölkəmizin iqtisadi
təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə qarşı mübarizə
sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsini tələb
edib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün
konkret tapşırıq və tövsiyyələrini verib.
Daxili işlər naziri ölkə Prezidentini əmin edib ki, şəxsi heyət
Azərbaycan Respublikasının Qanunlarından, dövlət başçısının fərman,
sərəncam və tapşırıqlarından irəli gələn vəzifələri bundan sonra da
layiqincə yerinə yetirəcək, mütəşəkkil cinayətkarlıqla mübarizədə,
ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini
sahəsində əldə olunmuş müsbət nəticələri cari ildə də uğurla davam
etdirəcək