Şaxtalı havalarda dörd gündür işıqsız qalan
sumqayıtlıların bu gecə qazı da kəsilib.
Hansısa qəza nəticəsində Sumqayıt qaz təchizatı sıradan çıxıb və
nəticədə 450 mindən çox əhalisi olan şəhər 8,5 dərəcə şaxtada
işıqsız və qazsız qalıb.
Sakinlərin ANS PRESS-ə verdikləri məlumata görə, bu gecədən
Sumqayıt şəhərində əhaliyə verilən təbii qazın verilməsi qəfil
kəsilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil. Bununla
da, onsuz da elektrik enerjisindən məhrum olan minlərlə insan bütün
gecəni soyuqdan donub.
Nəzərə alsaq ki, bu gecə Sumqayıtda 8,5 dərəcədən çox şaxta
olub, gecənin bir aləmi qəfil qazı kəsilən və onsuz da işıqsız
qalmış sumqayıtlıların hansı vəziyyətə düşdüklərini təsəvvür etmək
çətin deyil. Uşaqlar, yaşlılar və xəstələr üçün isə bu gecə əsil
soyqırım olub. Bu barədə lazımı qurumlara məlumat verilsə də, heç
bir tədbir görülməyib.
Sumqayıtda yaranan problemlə bağlı Sumqayıt şəhər Qaz İdarəsinin
baş mühəndisi Teymur Vəliyevlə əlaqə saxladıq. Teymur Vəliyevin ANS
PRESS-ə verdiyi məlumata görə, gecə saat 01:00 radələrində Qaradağ
magistralından Sumqayıta gedən qaz kəmərində naməlum səbəbdən
nasazlıq yaranıb. Nəticədə şəhərin təbii qazla təminatında
fasilələr yaranıb.
"Hadisə yerinə mütəxəssisləri göndərdik. Nasazlıq aradan
qaldırılıb. Artıq Sumqayıtda təbii qazın verilişi bərpa olunub.
Çalışacağıq ki, bundan sonra problem yaranmasın", - deyə Teymur
Vəliyev bildirb.
Sumqayıt şəhərinə verilən elektrik enerjisinin kəsilməsinə
gəlincə, hələlik Sumqayit elektrik şəbəkəsilə əlaqə saxlamaq mümkün
olmadı. Lakin verilən qeyri-rəsmi məlumatlara görə, elektrik
enerjisində problemlər şaxtalı havalarla əlaqədar yaranıb.
Deyilənlərə görə, tez-tez elektrik xətlərində ayrılmalar baş verir.
Lakin hələlik heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.