Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa
Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası
keçirilib.
İclasda "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin
rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada
idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa
Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa
Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim
edilib.
Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti
iclasının Lozanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu
şəhəri dünyanın "Olimpiya paytaxtı" adlandırırlar. 1894-cü ildə
Pyer de Kuberten tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin
mənzil-qərargahı və bir çox beynəlxalq idman federasiyalarının
mərkəzi ofisləri Lozannada yerləşir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya
Komitələrinin İcraiyyə Komitəsinin iclasının keçirildiyi Beynəlxalq
Olimpiya Komitəsinə gəldi.
Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere
Miro Azərbaycanın birinci xanımını salamlayaraq onu bu mərasimdə
görməkdən şad olduqlarını bildirdi. O, Azərbaycanın yüksək
təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya
Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirdi. Bu məsələdə
böyük xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya minnətdarlığını bildirən Pere Miro deyib: "Sizi evinizdə
salamlamaq mənim üçün böyük şərəfdir. Bilirsiniz ki, bu, sizin
eviniz, Olimpiya evidir. Beynəlxalq Olimpiya Komitəsi bu görüşə ev
sahibliyi etməkdən olduqca məmnundur. Bu görüşün bizim hamımız üçün
böyük əhəmiyyəti var. Çünki bu, böyük uğur qazanmış ilk Avropa
Oyunlarının kulminasiyasıdır. Bu münasibətlə Avropa Olimpiya
Komitəsini və Təşkilat Komitəsini təbrik edirəm. Bütün dünya bu
Oyunların əhəmiyyətini və Azərbaycanın Oyunları yüksək səviyyədə
keçirdiyini qəbul etdi".
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə
layiq görülən Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın
tərcümeyi-halı barədə mərasim iştirakçılarına məlumat verdi. O,
Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışdı, onun
Milli Gimnastika Federasiyanın prezidenti kimi bir çox Avropa və
dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik
etdiyini vurğuladı. Patrik Hikki dedi ki, Mehriban Əliyeva Heydər
Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata
keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına
layiq görülüb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan
Azərbaycanın birinci xanımı Fransa, Pakistan, Serbiya və Polşa
prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib.
Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, "Qızıl ürək"
beynəlxalq mükafatına və digər mükafatlara layiq görülən Mehriban
Əliyeva 2012-ci ildə keçirilən "Eurovision" mahnı müsabiqəsinin
Təşkilat Komitəsinin sədri olub. Hazırda o, 2017-ci ildə Bakıda
keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin
sədridir. Patrik Hikki onu da dedi ki, birinci Avropa Oyunlarının
yüksək səviyyədə təşkilinə görə "Heydər Əliyev" ordeninə layiq
görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya
Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında
Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi
fəxri mükafatı təqdim olunub.
Sonra Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə
görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali
Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim
edildi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış
etdi: "Avropa Olimpiya Komitəsinin prezidenti, hörmətli cənab
Patrik Hikki. Cənab Miro. Avropa Olimpiya ailəsinin hörmətli
üzvləri, xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, burada bu
cür səmimi qarşılanmaya görə sizə öz təşəkkürümü bildirmək
istərdim. Cənab prezident, bu cür xoş təqdimata görə sizə təşəkkür
edirəm. Mən burada olmaqdan çox xoşbəxtəm. Sizin hamınızı bir daha
görməkdən məmnunam. Məni bu görüşə dəvət etdiyinizə görə təşəkkür
edirəm. Mən Azərbaycandakı bütün dostlarınızdan sizə atəşli
salamlar gətirmişəm. Xidmətlərə görə Avropa Olimpiya Komitəsinin
belə yüksək mükafatını qəbul etmək mənim üçün böyük şərəf və
qürurdur. Mən çox xoşbəxtəm ki, bu mükafat mənə birinci Avropa
Oyunlarının uğuru münasibətilə verilib. Cənab prezident, icazə
verin mən bütün "Bakı-2015" komandasının adından bu mükafatı qəbul
edim.
Cənab prezident, mən sizə oyunların uğurla keçirilməsinə
verdiyiniz əhəmiyyətli töhfəyə görə təşəkkürümü bildirmək istərdim.
Sizin əminliyiniz və sonsuz dəstəyiniz Avropa idman tarixində ilk
Avropa Oyunlarını keçirmək barədə qərarın qəbul edilməsi üçün əsas
oldu. Əslində bu cür Oyunların keçirilməsi ideyası cənab Patrik
Hikkiyə məxsusdur. Biz ölkəmizə göstərdiyiniz etimada, köməyinizə
və güclü dəstəyinizə görə sizə minnətdarıq. Bizim yanımızda
olduğunuza görə təşəkkür edirik. Bu gün bütün idman ictimaiyyəti və
bütün Azərbaycan xalqı sizi ölkəmizin yaxşı dostu hesab edir.
Mən, həmçinin ölkəmizdə Olimpiya Hərəkatına göstərdiyi daimi
diqqətə görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas
Baxa təşəkkürümü bildirirəm. Onun birinci Avropa Oyunlarının
açılışında şəxsən iştirak etməsi Azərbaycanda yüksək
qiymətləndirilir. Mən bir daha Oyunlara hazırlıq və təşkili
prosesində verdiyi böyük dəstəyə, tövsiyələrə və tərəfdaşlığa görə
Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və Əlaqələndirmə
Komissiyasının sədri, bizim yaxın dostumuz Spiros Kapralosa
təşəkkürümü bildirmək istərdim".
Mehriban Əliyeva qeyd edib ki, birinci Avropa Oyunları Avropa
idmanı və Azərbaycan üçün tarixi hadisə oldu: "Təşkilat Komitəsinin
sədri olaraq mən çox xoşbəxtəm ki, biz bu Oyunları kifayət qədər
yüksək səviyyədə keçirməyə müvəffəq olduq. Bizim hazırlıqlara cəmi
2 il yarım vaxtımız var idi. Lakin Azərbaycan vətəndaşları,
Oyunların iştirakçıları və qonaqların hamısı Oyunların həqiqətən
uğurla keçdiyi qənaətindədir. Biz çalışdıq. Mən ümid edirəm və
inanıram ki, biz 6 mindən çox Avropa idmançısı və minlərlə qonaq
üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində
biz bir ailə kimi olduq və mən əminəm ki, bu Oyunlar tarixdə təkcə
ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və
qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaq. Bu cür
mühitin yaradılması xalqlar və ölkələr arasında əlaqələri,
münasibət və qarşılıqlı hörməti möhkəmləndirir. Mən əminəm ki, bu
gün dünyaya lazım olan məhz budur.
Oyunlar bizə bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü
qeyd edəcək müasir Azərbaycanın inkişafını nümayiş etdirməyə imkan
verdi. Müstəqillik illəri inkişaf və tərəqqi, həyatımızın bir çox
sahələrində nailiyyətlər illəri oldu. Mən deyə bilərəm ki, 21-i
qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə
çıxmış idmançılarımızın Oyunlarda yüksək səviyyədə iştirakı bu
inkişafın bariz nümunəsidir".
Birinci xanım bildirib ki, bu gün Azərbaycan dünyada qlobal
multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Müxtəlif
millətlərə və dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda
sülh və əmin-amanlıq şəraitində yaşayıblar: "Bu gün biz ənənələri
qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi
edəcəyik. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları
keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni
bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş
şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı
hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir.
Mən fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə səfərə və bu
mühüm tədbirlərdə iştiraka dəvət etmək istərdim.
Əziz dostlar, sonda mən bir daha fəaliyyətimə verdiyiniz yüksək
qiymətə, səmimi qarşılanmaya görə sizin hamınıza təşəkkür etmək
istərdim. Mən burada olmaqdan çox xoşbəxtəm. Bu, mənim buraya ilk
səfərimdir. Ümidvaram ki, görüşlərimiz maraqlı və məhsuldar
keçəcək. Mən yeni ildə sizə və ailələrinizə möhkəm cansağlığı,
xoşbəxtlik və uğurlar arzulamaq istərdim. Bir daha təşəkkür
edirəm".
Patrik Hikki Azərbaycanın paytaxtında birinci Avropa Oyunlarının
yüksək səviyyədə keçirildiyini bildirdi, Bakının gözəlliyinin,
xüsusilə də xalqımızın qonaqpərvərliyinin onda böyük təəssürat
yaratdığını vurğuladı. O, Avropa tarixində ilk dəfə baş tutan bu
Oyunların yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin
xidmətlərini xüsusi vurğuladı, onun salamlarını Azərbaycan
dövlətinin başçısına çatdırmağı xahiş edərək dedi: "Bakının
gözəlliyi mənim avropalı həmkarlarımı heyrətə saldı. Onlar
Azərbaycan xalqının qonaqpərvərliyinə, sizin bu Oyunları çox
səviyyədə təşkil etməyinizə heyran qaldılar. Onlar hələ də bunu
heyrətlə qeyd edirlər. Sonda mən çox dəyərli insana təşəkkürümü
bildirmək istərdim. Bu, sizin həyat yoldaşınız, Azərbaycan
Prezidenti İlham Əliyevdir. O, uzaqgörən möhtəşəm insandır və o,
olmasaydı bütün bunlar olmazdı. Sizdən bizim səmimi təşəkkürümüzü
ona çatdırmağınızı xahiş edirik. Mən onun hazırda Davosda olduğunu
bilirəm. Bizim ən xoş arzularımızı ona çatdırmağınızı xahiş
edirik".
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dedi: "Cənab
prezident, təşəkkür edirəm. Azərbaycan Prezidenti də məndən sizin
hamınıza salamlarını çatdırmağı xahiş etdi. Bu xoş sözlərə görə
sizə bir daha təşəkkür etmək istərdim. Mən demək istərdim ki, bu,
mənim üçün böyük təcrübə idi. Mən olduqca xoşbəxtəm ki, çoxlu yeni
dostlar qazandım, çoxlu yeni məlumatlar əldə etdim. Bu, mənim
gündəlik fəaliyyətim üçün çox faydalıdır. Bir daha demək istərdim
ki, sizi hər zaman Azərbaycanda görməkdən məmnunuq. Siz
Azərbaycanın həqiqi dostlarısınız. Sizi hər zaman ölkəmizdə görməyə
şadıq. Təşəkkür edirəm".
Daha sonra birinci Avropa Oyunlarından bəhs edən filmin nümayişi
oldu. Filmdə Oyunların açılış mərasimindən müxtəlif kadrlar
göstərildi, idman yarışlarının keçirildiyi məkanlarda müşahidə
olunan maraqlı anlar, qalib idmançıların sevincini əks etdirən
görüntülər mərasim iştirakçılarına təqdim edildi. Filmdə birinci
Avropa Oyunlarının bağlanış mərasiminə də yer verildi, Avropa
tamaşaçılarının maraqla izlədiyi həmin anlar yenidən canlandı.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya
Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gimnastika
Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak
edirdilər. Onu da deyək ki, bu mükafata indiyə qədər Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Bax, London Olimpiya Oyunları
Təşkilat Komitəsinin sədri Sebestyanko və digər nüfuzlu idman
xadimləri layiq görülüblər.