Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan
Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş "Heydər
Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlı qanun
layihəsi qəbul edilib.
Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Heydər
Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmiş "Heydər Əliyev" ordeninin
təsviri"ndə edilmiş dəyişikliyə əsasən, "Heydər Əliyev" ordeni
ulduzdan, orden zəncirindən və nişandan əlavə, döş nişanından
ibarət olacaq.
Onun fikrincə, bu yeniliyin tətbiqindən sonra ordenin daşınması
daha rahat olacaq.
Qanun layihəsinə əsasən, ordenin təsvirindəki on dördüncü hissə
ləğv edilir, əvəzində on beşinci - iyirmi üçüncü hissələr əlavə
edilir:
"Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş
dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd
guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin
hər birinə 1 ədəd brilyant daş bərkidilir. Altlığın üzərində,
guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli
ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd
guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir".
Əlavəyə görə, döş nişanının mərkəzində tünd qırmızı mina ilə
örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi
yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə
haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.
Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və
nömrəsi həkk olunur.
Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mmx 16 mm
ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin
mərkəzində qabarıq hərflərlə yazılmış "HEYDƏR ƏLİYEV" sözlərindən
yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq
kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.
Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm
ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət
bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç
şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə "Heydər
Əliyev" ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin
barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6
mm x 6 mm ölçülü hissə bərkidilir.
Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır. Ordenin
hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram
gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram
qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8
brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37
karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant
daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant
daşdan istifadə olunur.
Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və
qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək
fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında
göstərilir.