Azərbaycanda saxta
diplom qalmaqalı getdikcə böyüyür və demək olar ki, hər gün ortaya
yeni məqamlar çıxır.
"Yeni Müsavat"a bu qalmaqal və Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı yeni
məlumatlar daxil olub.
Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun filialları və
Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar
aşkarlanıb. Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə
və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya,
eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi
ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin
bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə
alınacaq.
Əldə etdiyimiz məlumata görə, Korrupsiyaya qarşı Mübarizə
İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir
Mərdanovun da adı bir neçə məqam üzrə keçir.
Aldığımız xəbərdə deyil ki, cinayət işinin açıldığı ilk günlərdə
M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin
saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı
işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu
üzrə də salınıb.
Təbii ki, saxta diplomlar M.Mərdanovun nazir olduğu dövrlərdə
verildiyindən onun adının bu qalmaqala qarışmaması suallar doğura
bilərdi. Amma adının sözügedən cinayət işində bilavasitə bu
məsələdə məsuliyyət daşıyan şəxs kimi keçməsi və dindirilməyə hazır
olması haqda xəbərlər alması sabiq nazir üçün gözlənilməz olub.
Məlumatda bildirilir ki, bu məsələdə M.Mərdanovun vaxtilə
münasibətlərinin gərgin olduğu bəzi yüksək vəzifəli şəxslərin də
rolu var. Onlar saxta diplom qalmaqalının böyüməsində və
M.Mərdanovun bu qalmaqaldan zərər görməsində maraqlıdırlar. Buna
görə də öz imkanları çərçivəsində M.Mərdanovun adının bu
məsələlərdə daha ciddi şəkildə, birbaşa ittiham hədəfi olaraq
keçməsinə çalışırlar.
Bu barədə danışan məlumatlı şəxsin sözlərinə görə, məsələnin
böyüməsi sabiq nazirə çox ciddi zərbə vura bilər. İndi dayaqları
xeyli zəif olan M.Mərdanovun müdafiə imkanları azdı və ortada
kifayət qədər ciddi faktlar var.
Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da
ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun
adını çəkib.
Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil
Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: "O sənədlər
sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib.
Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə
verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib.
İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə
məşğuldur".
Buradan görünür ki, təkcə köçürülmə ilə bağlı bir sənədin
saxtalaşdırılması nəticəsində 88 nəfərə saxta diplom verilib. Ancaq
nazirin imzaladığı sənəddə rəqəmin dəyişdirilərək 88 nəfərin adının
həmin sənədə əlavə edilməsi o qədər də inandırıcı görünmür. Çünki
bu sənədlərdə saylar təkcə rəqəmlə göstərilmir, həmçinin mötərizədə
sözlə yazılır.
A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi
göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib.
Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan
hissəni skaynerdən çıxarıblar.
Qeyd edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də
Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı
imzaların ekspertizası keçirilir.
Saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas
göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir
və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının
isə məsələsinə baxılır. Məlum olub ki, testdən kənar qəbul, saxta
köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də
Müəllimlər İnstitutunun Qazax filialı olub.
Müəllimlər İnstitutunun Salyan filialının rəhbəri isə
A.Naxçıvanlıya qarşı açıq ittihamlarla çıxış edir. Filialın rəhbəri
deyir ki, bu postu tutmaq üçün A.Naxçıvanlıya 200 min manat rüşvət
verib. A.Naxçıvanlının təkziblərinə baxmayaraq, filial rəhbəri
ittihamlarını davam etdirir.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iki maddə ilə başlanan
cinayət işində bu epizod da əsas xətt olaraq keçir.
Saxta diplom qalmaqalı, ittihamlar isə getdikcə böyüyür və bu
günlərdə bu işə dələduzluq epizodu da əlavə edilib. Araşdırmaların
nəticəsi olaraq həbslərin olacağı gözlənilir.